Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3674/2025 30.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclas katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" QSCnin nümayəndəsi X2, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə iştirakları ilə, "xxxx" QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı "xxxx" QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə EP seriyalı ******* nömrəli, 11 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, "xxxx" QSC 139500.00 Avro məbləğində vəsaiti 05 aprel 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 139500.00 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 06 aprel 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə EP seriyalı ******* nömrəli, 11 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsinə etiraz etmədiklərini bildirdi. Məhkəmə iclasında "xxxx" QSC-nin nümayəndəsi X3 təqdim etdiyi ərizəyə uyğun izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank) tərəfindən "xxxx" QSC (bundan sonra - AZAL) barəsində xx.xx.2025-ci il tarixdə EP ******* nömrəli inzibati xəta haqqında protokol (bundan sonra - protokol) tərtib edilmişdir. Protokolda qeyd edilir ki, AZAL tərəfindən 139.500 (bir yüz otuz doqquz min beş yüz) Avro məbləğində vəsait xx.xx.2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüşdür. "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalan"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 139.500 (bir yüz otuz doqquz min beş yüz) Avro məbləğində vəsait hesabına alınan mallar (xidmətlər) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Bununla da AZAL tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. AZAL-ın sifarişi ilə AZAL-ın törəmə hüquqi şəxsi olan Milli Aviasiya Akademiyasının ərazisində inşa edilən yeni Trenajor-Təlim Mərkəzinə B787, A320, E190 və A321neo tipli hava gəmiləri üçün qəza avadanlıqlarının təlim cihazının, X5 (АТС) Radan və Qüllə üzrə Təlim Kompleksi avadanlıqlarının satınalınması məqsədi ilə ABŞ-ın "UFA İnc" Şirketi ilə bağlanmış müqavilə əsasında xx.xx.2023-cü il tarixdə avans olaraq ölkə xaricinə 139.500 (bir yüz otuz doqquz min beş yüz) Avro məbləğində vəsait köçürülmüşdür. Müqavilələrin şərtlərinə əsasən avadanlıqlar artıq istehsal olunmuş və şirkət tərəfindən çatdırılmaya hazırdır. Lakin Milli Aviasiya Akademiyasının ərazisində Trenajor-Təlim Mərkəzinin tikintisinin obyektiv səbəblərdən geçikməsi səbəbindən avadanlıqların idxalı hazırda mümkün deyil. Belə ki, tikinti ilə bağlı layihə-smeta sənədləri hazırlanmış, təqdim olunan ilkin dizayn bəzi zəruri dəyişikliklərin edilməli olması səbəbindən təsdiqlənməmiş və tələblərə uyğun yeni dizayn konsepsiyası hazırlanmışdır. Layihənin təsdiqinə müəyyən vaxt tələb olduğundan, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Tikinti layihələrinin ekspertizadan keçirilməsi" Qaydalarına əsasən AR FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən X1 Baş İdarəsi tərəfindən müəyyən obyektin tikintisi (inşası, əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi) ilə bağlı şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əsasən hazırlanmış tikinti layihəsinin ekspertizadan keçirilməsi, eyni zamanda tikinti ilə bağlı sahə hazırlığı, torpaq və dəmir beton konstruksiya işləri və layihənin bütün tikinti normativlərinin tələblərinə uyğunlaşdırılması üçün Təlim mərkəzinin fasad/vitraj hesabatının hazırlanması işləri gecikmələrlə həyata keçirilmişdir. B787, A320, E190 və A321neo tipli hava gəmiləri üçün qəza avadanlıqlarının təlim cihazları, X5 (АТС) Radan və Qüllə üzrə Təlim Kompleksi avadanlıqları Trenajor-Təlim Mərkəzinin tikintisinin müəyyən mərhələsində sahəyə çatdırılmalı və dəmir-beton konstruksiyalar vasitəsilə sahədə betonlama işlərinin tətbiqi ilə quraşdırılmalıdır. Yəni avadanlıqların quraşdırılması üçün sahə tam hazır olmadan, onların əraziyə çatdırılması mümkün deyil. Göstərilən səbəblərdən təchizatçılarla qarşılıqlı razılığa əsasən avadanlıqların çatdırılmasının müddəti uzadılmışdır. Göründüyü kimi, avadanlıqların ölkəyə idxal edilməməsinin səbəbi avadanlıqların quraşdırılması üçün tikinti sahəsinin nəzərdə tutulan hissəsinin yekunlaşmamasıdır. Hesab edir ki, iş üzrə icraat zamanı işin hallarının obyektiv araşdırılması və məhkəmə tərəfindən ədalətli qərarın qəbul edilməsi üçün, malların ölkəyə idxal olunmasının üzürlü səbəblərdən gecikməsi halı o cümlədən, İXM-nin yuxarıda sadalanan maddələrinin tələbləri ilə yanaşı İXM-nin aşağıdakı maddələrinin tələbləri də məhkəmə tərəfindən nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş EP seriyalı ******* nömrəli, 11 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -"xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmiş xx.xx.2025-ci il tarixli məlumatda "xxxx" QSC-nin ödənişin aparıldığı gündən 02 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir. - 05 aprel 2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" QSC tərəfindən xx.xx.2023-cü il tarixli müqavilə üzrə 05 aprel 2023-cü il tarixdə 139500.00 Avro məbləğində pul göndərilmişdir; - Azərbaycan Respublikası "xxxx" QSC-nin Milli Aviasiya Akademiyasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, "xxxx" QSC-nin sifarişi ilə Milli Aviasiya Akademiyasının ərazisində inşa edilən yeni Trenajor-Təlim Mərkəzinə B787, A320, E190 və A321neo tipli hava gəmiləri üçün qəza avadanlıqlarının təlim cihazının satınalınması üçün 1,927,650 ABŞ dolları dəyərində Türkiyənin "xxxx" Şirkəti ilə 21 fevral 2023-cü il tarixli 264/1-QSC/15 saylı və ABŞ-ın "xxxx" Şirkəti ilə 1,395,000 avro dəyərində ATCoach və ATTower əsasında X5 (АТС) Radan və Qüllə üzrə Təlim Kompleksinin satınalınması məqsədilə 14 mart 2023-cü il tarixli 395-QSC/02 saylı müvafiq müqavilələr imzalanmışdır. Müqavilələrin şərtlərinə əsasən avadanlıqlar artıq istehsal olunmuşdur və şirkətlər tərəfindən çatdırılmaya hazırdır. Lakin Milli Aviasiya Akademiyasının ərazisində Trenajor-Təlim Mərkəzinin layihəsində zəruri dəyişiklik səbəbindən tikinti işlərində gecikmə baş vermişdir. Belə ki, tikinti ilə bağlı layihə- smeta sənədləri hazırlanmış, təqdim olunan ilkin dizayn məqbul hesab edilməmiş və yeni dizayn konsepsiyası hazırlanmışdır. Layihənin təsdiqinə müəyyən vaxt tələb olunduğundan, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Tikinti layihələrinin ekspertizadan keçirilməsi” Qaydalarına əsasən AR FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən Təsisatdan kənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən müəyyən obyektin tikintisi (inşası, əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi) ilə bağlı şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əsasən hazırlanmış tikinti layihəsinin ekspertizadan keçirilməsi, eyni zamanda tikinti ilə bağlı sahə hazırlığı, torpaq və dəmir beton konstruksiya işləri və layihənin bütün tikinti normativlərinin tələblərinə uyğunlaşdırılması üçün Təlim Mərkəzinin fasad/vitraj hesabatının hazırlanması işləri əvvəlcə nəzərdə tutulan vaxtdan daha sonrakı müddətdə həyata keçirilmişdir. B787, A320, E190 və A321neo tipli hava gəmiləri üçün qəza avadanlıqlarının təlim cihazı və ATCoach və ATTower əsasında X5 (АТС) Radan və Qüllə üzrə Təlim Kompleksi avadanlıqları Trenajor-Təlim Mərkəzinin tikintisinin müəyyən mərhələsində sahəyə çatdırılmalı və dəmir-beton konstruksiyalar vasitəsilə sahədə betonlama işlərinin tətbiqi ilə quraşdırılmalıdır. Yəni avadanlıqların quraşdırılması sahə tam hazır olmadan, onların əraziyə çatdırılması mümkün deyil. Göstərilən səbəblərdən təchizatçılarla qarşılıqlı razılığa əsasən avadanlıqların çatdırılmasının müddəti uzadılmışdır. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Mərkəzi X4 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) Avro ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə məhkəmə iclasında "xxxx" QSC tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməməsi təqdim edilmiş mötəbər sübutlarla təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığından "xxxx" QSC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: "xxxx" QSC barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-3674/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3674/2025
30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver