Məhkəmə qərarları › İş №3(006)-3675/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3675/2022

10.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3675/2022 10.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X4, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, himayəsində bir azyaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Nəsimi rayon İcra şöbəsinin icra məmuru X5 tərəfindən xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün 10 oktyabr 2022-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Yasamal Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(004)-2794/2021 saylı icra sənədinin icrası ilə bağlı Şəxs 103743 manat məbləğində pul X2 xeyrinə ödəməlidir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru N.H.İbişova tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-2794/2021 saylı icra sənədinə əsasən iddia ərizəsi qismən təmin edilmiş, cavabdehlər Şəxs və X3 müştərək qaydada 103.743 (bir yüz üç min yeddi yüz qırx üç) manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı X2 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata Nəsimi Rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Həmin bildiriş borclu tərəfindən rəsmi şəkildə xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Bundan başqa, borclunun hər hansı daşınar və ya daşınmaz əmlakının olub-olmaması, sığortaolunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə aidiyyatı təşkilatlara sorğular verilmiş, lakin heç bir əmlak və ya gəlir aşkar edilməmişdir. Hal hazırda borclunun icra sənədi üzrə bugünədək ödənilməmiş 103.743 (bir yüz üç min yeddi yüz qırx üç) manat borcu qalmışdır. Göründüyü kimi, borclu Şəxs icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, icra məmuru N.H.İbişova məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, borclunun üzərinə qoyulmuş pul məbləğini tam ödəməyə imkanı yoxdur, ümumi borcdan yalnız 150 (bir yüz əlli) manat məbləğində ödəniş etmişdir. Həmçinin, o və digər icra məmurları tərəfindən borclu Şəxs yaşadığı ünvana baxış keçirilmiş və sonuncunun həmin ünvanda yaşamadığı aşkar edilmişdir. Bu hal aktlaşdırılmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, icra sənədindən məlumatı var. İcranı yalnız hissə-hissə ödəyə bilər. Həmçinin himayəsində bir azyaşlı qızı var və o, da talassemiya xəstəliyindən əziyyət çəkir. Qızıyla məşğul olduğundan işləyə bilmədiyi üçün borcu ödəməyə imkanı yoxdur. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, yaranmış borcdan 150 manat məbləğində ödəniş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar A.Ə.Abbasova bildirmişdir ki, icra sənədinin tam icra edilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarıını dinləyib, inzibati protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(004)-2794/2021 saylı icra vərəqəsindən görünür ki, iddia ərizəsi qismən təmin edilmiş, cavabdehlər Şəxs və H.N.Qurbanovadan müştərək qaydada 103.743 (bir yüz üç min yeddi yüz qırx üç) manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı Q.Ə.Abbasovanın xeyrinə ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(004)- 2794/2021 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş həmin tarixdə göndərilmiş və sonuncu xx.xx.2022-ci il tarixdə qəbul etmişdir. İş materiallarında olan aktdan görünür ki, Şəxs yaşadığı ünvanında yaşamadığı aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİİ seriyalı, 337444 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası X6, anası isə Şəxsdır. İş materiallarına əlavə edilmiş xəstənin tibb kartasından çıxarışdan görünür ki, X7 talassemiya xəstəliyindən əziyyət çəkir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-2794/2021 saylı icra sənədinə əsasən iddia ərizəsi qismən təmin edilmiş, cavabdehlər Şəxs və H.N.Qurbanovadan müştərək qaydada 103.743 (bir yüz üç min yeddi yüz qırx üç) manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı Q.Ə.Abbasovanın xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata Nəsimi Rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Həmin bildiriş borclu tərəfindən rəsmi şəkildə xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Bundan başqa, borclunun hər hansı daşınar və ya daşınmaz əmlakının olub-olmaması, sığortaolunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə aidiyyatı təşkilatlara sorğular verilmiş, lakin heç bir əmlak və ya gəlir aşkar edilməmişdir. Hal hazırda borclunun icra sənədi üzrə bugünədək ödənilməmiş 103.743 (bir yüz üç min yeddi yüz qırx üç) manat borcu qalmışdır. Göründüyü kimi, borclu Şəxs icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Məhkəmə işin yuxarıda sadalanan faktiki hallarına qiymət verərək hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qərarının icrası ilə bağlı borclu Şəxs uzun müddət öncədən tələbin icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq sonuncunun bugünədək icra sənədinin tələblərini icra etməməsi, icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi, icra məmurunun çağırışları üzrə İcra Şöbəsinə gəlməkdən boyun qaçırması, nəticədə, icra sənədinin uzun müddətdir ki icrasız qalmasına səbəb olması məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən məsuliyyətinin ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar