Məhkəmə qərarları › İş №3(006)-3675/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3675/2025

25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3675/2025 25.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X2, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs QSC-nin (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr., ev 11; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokola görə Şəxs QSC 557530,00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 il müddətin keçməsinə baxmayaraq 557530,00 ABŞ dolları vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə izahat verərək göstərdi ki, Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, 557530,00 ABŞ dolları vəsait geri qaytarılmamışdır. Eyni zamanda malların 02 il ərzində ölkəyə idxal olunmamasının səbəbləri barədə hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına xx.xx.2025-ci il tarixli məktubla məlumat verilmişdir. Bu səbəbdən iş üzrə icraata xitam verilməsinə etiraz etmirlər. Məhkəmə iclasında Şəxs QSC-nin nümayəndəsi nümayəndəsi X3 məhkəməyə təqdim olunan ərizəyə uyğun izahat verərək göstərdi ki, AZAL-ın sifarişi ilə AZAL-ın törəmə hüquqi şəxsi olan Milli Aviasiya Akademiyasının ərazisində inşa edilən yeni Trenajor-Təlim Mərkəzinə B787, A320, E190 və A321neo tipli hava gəmiləri üçün qəza avadanlıqlarının təlim cihazının satınalınması məqsədi ilə Türkiyə Respublikasının "Skyart Havacılık Sanayi ve Ticaret A.S." Şirketi ilə bağlanmış müqavilə əsasında xx.xx.2023-cü il tarixdə avans olaraq ölkə xaricinə 557.530 (beş yüz əli yeddi min beş yüz otuz) ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. Müqavilələrin şərtlərinə əsasən avadanlıqlar artıq istehsal olunmuş və şirkət tərəfindən çatdırılmaya hazırdır. Lakin Milli Aviasiya Akademiyasının ərazisində Trenajor-Təlim Mərkəzinin tikintisinin obyektiv səbəblərdən geçikməsi səbəbindən avadanlıqların idxalı hazırda mümkün deyil. Belə ki, tikinti ilə bağlı layihə-smeta sənədləri hazırlanmış, təqdim olunan ilkin dizayn bəzi zəruri dəyişikliklərin edilməli olması səbəbindən təsdiqlənməmiş və tələblərə uyğun yeni dizayn konsepsiyası hazırlanmışdır. Layihənin təsdiqinə müəyyən vaxt tələb olduğundan, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Tikinti layihələrinin ekspertizadan keçirilməsi" Qaydalarına əsasən AR FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən X1 Baş İdarəsi tərəfindən müəyyən obyektin tikintisi (inşası, əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi) ilə bağlı şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əsasən hazırlanmış tikinti layihəsinin ekspertizadan keçirilməsi; eyni zamanda tikinti ilə bağlı sahə hazırlığı, torpaq və dəmir beton konstruksiya işləri və layihənin bütün tikinti normativlərinin tələblərinə uyğunlaşdırılması üçün Təlim mərkəzinin fasad/vitraj hesabatının hazırlanması işləri gecikmələrlə həyata keçirilmişdir. Bildirirlər ki, B787, A320; E190 və A321neo tipli hava gəmiləri üçün qəza avadanlıqlarının təlim cihazı Trenajor-Təlim Mərkəzinin tikintisinin müəyyən mərhələsində sahəyə çatdırılmalı və dəmir-beton konstruksiyalar vasitəsilə sahədə betonlama işlərinin tətbiqi ilə quraşdırılmalıdır. Yəni avadanlıqların quraşdırılması üçün sahə tam hazır olmadan, onların əraziyə çatdırılması mümkün deyil. Göstərilən səbəblərdən təchizatçılarla qarşılıqlı razılığa əsasən avadanlıqların çatdırılmasının müddəti uzadılmışdır. Göründüyü kimi, avadanlıqların ölkəyə idxal edilməməsinin səbəbi avadanlıqların quraşdırılması üçün tikinti sahəsinin nəzərdə tutulan hissəsinin yekunlaşmamasıdır. Göstərilənləri nəzərə alınmaqla iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: - "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmiş xx.xx.2025-ci il tarixli məlumatda Şəxs QSC-nin ödənişin aparıldığı gündən 02 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir. - xx.xx.2023-cü il tarixli köçürmə haqqında ərizənin surətindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "Skyart Havacılık Sanayi ve Ticaret A.S." Şirketinin müvafiq bank hesabına 557530,00 ABŞ dolları ödəniş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Mərkəzi X4 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə qeyd edir ki, maddənin dispozisiyasında göstərilən əlamətlər o vaxt inzibati məsuliyyətə səbəb olur ki, həmin əməllər təqsirli şəxs tərəfindən qəsdlə törədilsin, əks halda maddi hüquq normasının dispozisiyasında sadalanan əlamətlərin formal cəhətdən mövcud olması inzibati məsuliyyətin yaranması üçün əsas ola bilməz. Formal cəhətdən mövcud olan əməldə şəxsin təqsirinin mütləq müəyyən edilməli olması Konstitusiya Məhkəməsinin də qərarlarında öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Bundan başqa Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” haqqında 19 dekabr 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarından da görünür ki, müəyyən edilmiş müddətdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması özüözlüyündə inzibati xəta tərkibi yaranması üçün kifayət etmir. İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsiri sübuta yetirilmir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığından Şəxs QSC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar