Məhkəmə qərarları › İş №3(006)-3676/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3676/2021

29.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3676/2021 29.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndələri X5 və X13, X2 iştirakı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X8 Agentliyinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib edilmiş 26.11.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi Rayon İcra Şöbəsi tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X8 Agentliyinin barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 26.11.2021-ci il tarixli, MN ******* saylı nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X8 Agentliyi Nəsimi rayon Məhkəməsinin 2(006)- 245/2021 nömrəli, 15.03.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Nəsimi rayon İcra şöbəsinin icra məmuru X14 izahat verərək bildirmişdir ki, Nəsimi rayon Məhkəməsinin 2(006)-245/2021 nömrəli, 15.03.2021-ci il tarixli icra sənədinə əsasən Gədəbəy rayonu Çiçəkli (Arabaçı) kəndində yerləşən iddiaçı X10 məxsus yaşayış evinin bərpa-gücləndirmə işlərinin 8163 №-li sifariş üzrə verilmiş “memarlıq-tikinti həlləri və elektrotexnika cizgiləri”nə uyğun aparılması vəzifəsi cavabdeh Fövqəladə Hallar Nazirliyinin Tikintidə X8 Agentliyinə həvalə edilmişdir. İcra sənədi üzrə müvafiq qaydada icraata başlanılmış, tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmiş, lakin icra sənədi bugünədək Fövqəladə Hallar Nazirliyinin Tikintidə X8 Agentliyi tərəfindən tam olaraq icra edilməmişdir. X4 məxsus yaşayış evinin texniki vəziyyəti haqqında 14.09.2021-ci il tarixli rəy də təsdiq edir. Göstərilənləri nəzərə alaraq borclu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X8 Agentliyi barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul etməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndələri X11 və X17 izahat verərək bildirmişdir ki, Nəsimi rayon Məhkəməsinin 2(006)-245/2021 nömrəli, 15.03.2021-ci il tarixli qətnaməsində konkret hansı işlərinin görülməsi birbaşa göstərilməmişdir. Məhkəmə baxışı zamanı tərəflərindən verilmiş izahatlarda, təqdim olunmuş sənədlərdə və fotoşəkillərdə Bəkir Nəbiyevə məxsus yaşayış evinin bərpa-gücləndirmə işlərinin layihəyə uyğun olması təsdiq olunsa da, məhkəmə tərəfindən məhkəmə ekspertizası təyin olunmuşdur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi ekspert rəyində evin ikinci mərtəbəsindəki otaqlarda divararası ölçülərin layihəyə uyğun gəlmədiyi göstərilərək, evin layihəyə uyğun inşa olunmadığı nəticəsinə gəlinmişdir. Evin ikinci mərtəbəsinin divarları mövcud olan kürsü mərtəbənin divarlarının üzərində gücləndirilmiş səthdən inşa olunduğu üçün həmin mərtəbədə olan otaqların eni 4,2 metr alınmışdır. Pəncərənin biri isə tikinti işləri aparılan zaman iddiaçının şifahi xahişi ilə quraşdırılmamışdır. Evin tikintisində başqa hər hansı layihədənkənarlaşdırma faktı mövcud olmamışdır. Ekspertin rəyinə və həmin rəy əsasında qəbul olunmuş Qətnaməyə (tikinti işlərinin “memarlıq-tikinti həlləri və elektrotexnika cizgiləri”nə uyğun aparılması) uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin Tikintidə X8 Agentliyi tərəfindən aşağıdakı işlər görülmüşdür: 1) 14 sentyabr 2021-ci il tarixdə Agentliyin mütəxəssisləri, podratçı şirkətin və yerli icra nümayəndələrinin iştirakı ilə, Gədəbəy rayonu, Çiçəkli (Arabaçı) kəndində X12 məxsus yaşayış evinə, tələbkar Bəkir Nəbiyevin qohumu olan (qız nəvəsi) X3 iştirakı ilə baxış keçirmişlər. Telefon vasitəsilə tələbkar Bəkir Nəbiyevlə əlaqə saxlanılmış və o hazırlanmış pəncələrin yerində quraşdırılmasının əvəzində həmin pəncələrinin evin zirzəmisinə qoyulmasını və onları sonradan özü işçi qüvvə cəlb etməklə quraşdırılacağını bildirmişdir. Tərəflərindən sifariş olunmuş 2 ədəd plastik pəncərənin quraşdırılması üçün Elməddin Tapdıqovun bank hesabına (kartına) “eManat” onlayn ödəniş platforması ilə 340 manat vəsait köçürülmüşdür. 2) Yuxarıda göstərilən tarixdə Agentliyin mütəxəssisləri, podratçı şirkətin və yerli icra nümayəndələrinin iştirakı ilə qeyd olunan evə bir daha baxış keçirilmiş və müvafiq ölçmələr aparılmışdır. Bir daha müəyyən olunmuşdur ki, evin kürsü mərtəbəsinin divarları butdaşından inşa olunduğuna görə, həmin kürsü mərtəbənin üzərində ikinci mərtəbənin təhlükəsiz tikilməsi üçün köhnə divarda gücləndirmə işləri aparılmış və nəticədə həmin divarın eni də 4,2 metr alınmışdır. Evin ikinci mərtəbəsinin divarları isə həmin divarlarının üzərində gücləndirilmiş səthdən inşa edilməli olduğundan həmin mərtəbədə olan otaqların da eni 4,2 metr alınmışdır. Binanın ikinci mərtəbəsi sökülərək, yenidən tikilsə belə, otağın eninin 4,4 metrə qədər çatdırılması texniki cəhətdən mümkün deyil. Eyni zamanda, yaşayış evinin bərpa-gücləndirmə işləri dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilmişdir. 3) “Memarlıq-tikinti həlləri və elektrotexnika cizgiləri”ndə nəzərdə tutulmuş sayğacın quraşdırılması isə səlahiyyətlərindən kənar olduğu üçün, o müvafiq təchizat təşkilatı tərəfindən quraşdırılmalı və müvafiq qaydada plomblaşdırılmalıdır. Agentlik məhkəmənin qərarına hörmətlə yanaşaraq, qərarda qeyd olunan işləri həyata keçirmişdir. Lakin bərpa-gücləndirmə işləri zamanı divarların eninin artırılması texniki cəhətdən qeyri-mümkündür. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında tələbkar X16 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14.08.2020-ci il tarixli, 10/795 saylı rəyi əsasında Gədəbəy rayonu, Arabaçı kəndində yerləşən ona məxsus yaşayış evinin Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X8 Agentliyi DLİ “Azərdövləttikintilayihə” tərəfindən 8163 №-li sifariş üzrə verilmiş “memarlıqtikinti həlləri və elektrotexnika cizgiləri”nə uyğun inşa olunmadığı, layihə üzrə evin kürsü mərtəbəsinin eninin 4.4 metr, uzunluğunun 9.4 metr təşkil etməli olduğu halda, eninin 4.2 metr, uzunluğunun 9.4 metr təşkil etdiyi, evin ikinci mərtəbəsində olan birinci və ikinci otağın eninin 4.7 metr, uzunluğunun 4.7 metr təşkil etməli olduğu halda, eninin 4.2 metr, uzunluğunun 4.7 metr təşkil etdiyi, layihəyə əsasən otaqların yan divarları üstündə 1.4 metr ölçüdə göstərilən pəncərələrin mövcud olmadığı müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X1 məxsus evin 8163 №li sifariş üzrə verilmiş “memarlıq-tikinti həlləri və elektrotexnika cizgiləri”nə uyğun aparılması ilə bağlı tələbinin təmin edilməsindən imtinasını qanuni və əsaslı etməmiş və həmin yaşayış evinin bərpa-gücləndirmə işlərinin 8163 №-li sifariş üzrə verilmiş “memarlıqtikinti həlləri və elektrotexnika cizgiləri”nə uyğun aparılması vəzifəsinin cavabdeh Fövqəladə Hallar Nazirliyinin Tikintidə X8 Agentliyinə həvalə edilməsinə dair qətnamə qəbul etmişdir. Lakin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X8 Agentliyi Nəsimi rayon Məhkəməsinin 2(006)-245/2021 nömrəli, 15.03.2021-ci il tarixli qətnaməsinin icrasından boyun qaçırır. Belə ki, lazımi işlərin görülməsi üçün 38000 manat pul vəsaitit ayrılmasına baxmayaraq evdə ayaqyolu, hamam və mətbəx yoxdur, bərkidilmə işləri aparılmamışdır. Evin tam uçan yerində heç nə tikilməmişdir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X8 Agentliyi barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-245/2021 nömrəli, 15.03.1021-ci il tarixli icra vərəqəsinə əsasən Gədəbəy rayonu Çiçəkli (Arabaçı) kəndində yerləşən iddiaçı X10 məxsus yaşayış evinin bərpa-gücləndirmə işlərinin 8163 №-li sifariş üzrə verilmiş “memarlıq-tikinti həlləri və elektrotexnika cizgiləri”nə uyğun aparılması vəzifəsi cavabdeh Fövqəladə Hallar Nazirliyinin Tikintidə X8 Agentliyinə həvalə edilmişdir: - İcraata başlama haqqında 16.05.2021-cı il tarixli qərarın və tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 245/2021 nömrəli, 15.03.1021-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X8 Agentliyinə göndərilmişdir; - 28.09.2021-ci il tarixli, 69710 saylı qəbzin təsdiq olunmuş surətindən görünür ki, pəncərənin quraşdırılması üçün X9 nəvəsi Elməddin Tapdıqovun bank hesabına 340 manat vəsait köçürülmüşdür; - X10 məxsus yaşayış evinin texniki vəziyyəti haqqında 14.09.2021-ci il tarixli rəydən görünür ki, baxış zamanı məlum olmuşdur ki, evin kürsü mərtəbəsinin eni 4.2m, uzunluğu 9.4m, İİ mərtəbədə olan otaqların eni 4.2m, uzunluğu 4.7m təşkil edir. Evin kürsü mərtəbəsinin eni divarda aparılmış gücləndirmə işlərinin nəticəsində 4.2m alınmışdır. Evin kürsü mərtəbəsinin divarları butdaşından tikildiyi və köhnə olduğu üçün İİ mərtəbənin divarları kürsü mərtəbəsinin divarlarının üzərində gücləndirilmiş səthdən başlayaraq tikilmiş və otaqların eni 4.2m alınmışdır; - Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X8 Agentliyinin Nəsimi rayon İcra şöbəsinə ünvanladığı 19.10.2021-ci il tarixli məktubdan görünür ki, telefon vasitəsilə tələbkar Bəkir Nəbiyevlə əlaqə saxlanılmış və o hazırlanmış pəncələrin yerində quraşdırılmasının əvəzində həmin pəncələrinin evin zirzəmisinə qoyulmasını və onları sonradan özü işçi qüvvə cəlb etməklə quraşdırılacağını bildirmişdir. Tərəflərindən sifariş olunmuş 2 ədəd plastik pəncərənin quraşdırılması üçün Elməddin Tapdıqovun bank hesabına (kartına) “eManat” onlayn ödəniş platforması ilə 340 manat vəsait köçürülmüşdür. Baxış zamanı müəyyən olunmuşdur ki, evin kürsü mərtəbəsinin divarları butdaşından inşa olunduğuna görə, həmin kürsü mərtəbənin üzərində ikinci mərtəbənin təhlükəsiz tikilməsi üçün köhnə divarda gücləndirmə işləri aparılmış və nəticədə həmin divarın eni də 4,2 metr alınmışdır. Evin ikinci mərtəbəsinin divarları isə həmin divarlarının üzərində gücləndirilmiş səthdən inşa edilməli olduğundan həmin mərtəbədə olan otaqların da eni 4,2 metr alınmışdır. Eyni zamanda, sayğacın quraşdırılması səlahiyyətlərindən kənar olduğu üçün, onun quraşdırılması və müvafiq qaydada plomblaşdırılması yalnız aidiyyəti üzrə müvafiq təchizat təşkilatı tərəfindən həyata keçirilməlidir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X8 Agentliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir və buna görə o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, tələbkarın izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X8 Agentliyi məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15.03.1021-ci il tarixli, 2(006)-245/2021 saylı icra sənədinin icrasını tam təmin etməmişdir. Bununla da, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X8 Agentliyi üzərinə düşən öhdəliklərin məhkəmə qərarında göstərildiyi qaydada yerinə yetirilməsini təmin etməmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X8 X15 Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X8 Agentliyinin Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə iclasında borclunun nümayəndələri icra sənədinin tam şəkildə icra olunmasının texniki baxımdan mümkün olmadığını bildirsələr də, dediklərini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə Qərarında vurğulayır ki, Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X8 Agentliyinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X8 Agentliyi tərəfindən törədilən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək hüquqi şəxs kimi həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X8 Agentliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 3.000 (üç min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar