Məhkəmə qərarları › İş №3(006)-3676/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3676/2022

10.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3676/2022 10.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nəsimi RPİ-nin 19-cu PŞ-nin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə ki, Şəxs 09 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində sonuncu Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bununla da, o, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında işirak edən Nəsimi RPİ-nin 19-cu PŞ-nin polis sahə inspektoru M.T.Ağayev inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə şöbənin əməkdaşı sahə inspektoru Mobil Şahbazov əməliyyat qrupunda xidmətdə olarkən vətəndaş X4 bir nəfər tanımadığı şəxsin onun işlədiyi “Maqnit” adlı marketə gələrək içkili vəziyyətdə ondan içki tələb etməsini, pulunu verməyəcəyi deməsini və onu hədələyərək ictimai qaydanı pozmasını bildirmiş, məlumat əsasında polis əməkdaşları hadisə yerinə yaxınlaşmış, tərəflərindən kamera görüntülərinə baxış keçirilmiş, həmin şəxsin zahiri görünüşünü müəyyənləşdirdikdən sonra xidməti ərazidə olan həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Lakin həmin şəxs dəfələrlə polisin qanuni tələbini pozmuş və onlara zor tətbiq etməyə çalışmışdır. Polis əməkdaşları həmin şəxsi dəfələrlə qanuna riayət etməyə çağırsada sonuncu buna məhəl qoymamışdır. Daha sonra həmin şəxs polis əməkdaşları tərəfindən 19-cu PŞ-yə dəvət edilmiş, sonuncu yenə də öz əməllərinə davam etmişdir və PŞ-nin Növbətçi Hissəsinin iş rejimini ciddi maneçilik törədərək pozmuşdur. Həmin şəxs PŞ-yə gətirilən zaman başını PŞ-nin giriş qapısına vuraraq özünə xəsarət yetirməyə çalışmışdır. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə “Maqnit” adlı marketə daxil olub, 25-30 manatlıq bazarlıq etmiş, daha sonra siqarət və içki almaq istəmiş, lakin satıcı onun içkili olmasını bildirərək ona heç bir mal satmayacağını bildirmişdir. O, bundan qəzəblənib DİN-nin 102 xidmətinə zəng vurub şikayət etmiş, daha sonra şikayətini geri götürmüş və bundan sonra mağazadan çıxmışdır. Daha sonra ona polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmiş və onu bölməyə dəvət etmişlər, o, nə üçün bölməyə gedəcəyini soruşduqda polislər ona heç bir səbəb demədən onu xidməti avtomobilə əyləşdirməyə çalışmışlar, o da həmin vaxt müqavimət göstərmişdir. Halhazırda öz əməlini etiraf edir, əməlindən səmimi peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəyinə dair söz verir. Göstərilənləri, gənc olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, 09 oktyabr 2022-ci il tarixdə, saat 23:30 radələrində inzibati qaydada tutulmuş, Polis Bölməsində olarkən hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Həmçinin bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu PŞ-nin polis sahə inspektoru X5 izahatında göstərmişdir ki, polis idarəsinin Növbətçi Hissəsinə məlumat daxil olmuş, həmin məlumat əsasında hadisə yerinə, yəni mağazaya getmişlər, orada həmin şəxsi tapmamışlar. Daha sonra tərəflərindən kamera görüntlərinə baxış keçirilmiş və mağaza sahibi şikayətçi olduğu şəxsi göstərmişdir. Xidməti əraziyə baxış keçilmiş iki nəfər şəxsin bir yerdə durduğu müşahidə edilmiş, onlara yaxınlaşaraq özlərini tqədim etdikdən sonra barəsində məlumat daxil olmuş şəxsə onlarla birlikdə şöbəyə gəlməsini xahiş etmiş, lakin sonuncu onlarla gəlməkdən imtina etmiş, onlara zor tətbiq etməklə müqavimət göstərmişdir. Həmçinin onların həmin şəxsi tanımadığını, məlumat əsasında həmin şəxsi axtardıqlarını, sonuncunu ilk dəfə gördüklərini və ona tərəflərindən heç bir xəsarət yetirilmədiyini, əksinə həmin şəxsin özünün qəsdən başını bölmənin giriş qapısına çırpdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu PŞ-nin polis sahə inspektoru X3 ondan əvvəl şahid qismində dindirilmiş M.F.Şahbazov ilə oxşar məzmunlu ifadə vermişdir. Bundan başqa, şahidlər M.F.Şahbazov və Ş.Ə.Hümbətli məhkəmə iclasında onlara verilmiş suallara cavab olaraq bildirmişlər ki, hazırda onlar Şəxs bağışlamışlar. Məhkəmə proses iştirakçılarının, şahidlərin izahatlarını dinləyərək, CD diskə baxış keçirərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 10 oktyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 09 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində sonuncu Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bununla da, o, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs azadlıq hüququ faktiki olaraq 09 oktyabr 2022-ci il tarixdən, saat 23:30-dan məhdudlaşdırılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 2/24393 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs həmin tarixdə yüngül dərəcəli sərxoş olmuşdur (1.018 promilli). İş materiallarında olan X2 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 11:12 radələrində Mir Cəlal küçəsi 54 ünvanında icarə əsasında işlətdiyi “Maqnit” adlı market ərzaq mağazasına içkili vəziyyətdə daxil olan müştəri ondan pulsuz içki tələb etmiş, ona hədə qorxu gəlmiş və ona qarşı nalayiq ifadələr işlətmişdir. İş materiallarında olan CD diskindəki videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Şəxs polis idarəsinin inzibati binasına gətirilərkən başını idarənin giriş qapısına çırpması və yerə yerə yıxılması, saxlama kamerasında saxlanılarkən isə hiddətli şəkildə qollarını, ayağını və dizlərini divarlara çırpması müşahidə olunur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 09 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində sonuncu Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bununla da, Şəxs törətdiyi inzibati xəta əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün verdiyi ifadəsi və digər iş materialları ilə onun polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması və bununla da, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə tövsif edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Ona görə də, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 106- 112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar