Məhkəmə qərarları › İş №3(006)-3678/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3678/2021

06.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3678/2021 06.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X5 Qərardan şikayət vermiş şəxs: X2 şəxsin vəkili: iştirakları ilə X6 Bakı şəhər X13 İdarəsi tərəfindən qəbul edilmiş 05.05.2021-ci il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X8 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, 03 may 2021-ci il tarixdə, saat 16:00 radələrində yol vərəqəsi əsasında idarə etdiyi “HYUNDAİ ELANTRA minik” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi ilə hərəkət edib “STOP” nişanını keçib Mirqasımov küçəsinə daxil olarkən soldan sürətlə hərəkət edən “CHEVROLET CRUZE” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinin arxa hissəsinə toxunaraq idarə etməni itirib sağ tərəfdə dayanan “TOYOTA PRADO minik” markalı avtomobilə dəymiş, o isə dayanmış vəziyyətdə olan “VOLKSWAGEN minik” markalı avtomobilə dəymişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. Hesab edir ki, Bakı şəhər X13 İdarəsinin yol-nəqliyyat hadisələri üzrə inspektoru X3 qəbul eldiyi TP ******* saylı, 05.05.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən başlanılmış icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Belə ki, onun barəsində 05 may 2021ci il tarixdə tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokolda guya onun İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd olunmuşdur. Lakin əvvəlcə yol hərəkəti qaydasının pozuntusu baş verməlidir ki, qeyd olunan maddənin tələbləri pozulmuş olsun. Tərtib edilmiş protokoldan göründüyü kimi orada hər hansı yol hərəkəti qaydasının pozuntusuna yol verilməsi öz əksini tapmamışdır. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 100.1.4-cü maddəsinə görə inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. Yol-nəqliyyat hadisəsi 03 may 2021-ci il tarixdə baş versə də, izahatlar və inzibati xəta haqqında protokol fərqli vaxtlarda tərtib olunmuşdur. 05 may 2021-ci il tarixdə qəbul edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokolun tərtib edilmə yeri həmin tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi ilə Mirqasımov küçəsi qeyd edilmiş, lakin izahatlarda tarix 03.05.2021-ci il qeyd olunmuşdur. Beləliklə də göründüyü kimi yol patrul xidməti inspektoru tərəfindən kobud səhvlərə yol verilərək onun hüquqları kobud şəkildə pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hüquqları pozulmuş və onun tərəfindən izahat yol patrul xidməti inspektorunun diqtəsinə əsasən yazılmışdır. 29.07.2021-ci il tarixdə Ağacabədi Rayon Məhkəməsindən daxil olmuş məktubdan ona məlum olmuşdur ki, 05.05.2021-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən cərimə edilmişdir. Bakı şəhər X13 İdarəsinə rəsmi müraciət etdikdən sonra 20.10.2021-ci il tarixdə o, qərar, protokol və yol nəqliyyat hadisəsinə dair sənədləri əldə etmişdir. Baş vermiş yol nəqliyyat hadisəsinin videogörüntülərini əldə etmiş, həmin görüntüdən də aydın olur ki, o, idarə etdiyi “HYUNDAİ ELANTRA minik” markalı, **- ST-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol ayrıcında dayandığı halda, sürətlə hərəkət edən “CHEVROLET CRUZE” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etməni itirdiyindən yol-nəqliyyat hadisəsini törətmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 12 və 13-cü bəndlərinə əsasən nizamlanan yolayrıcı — hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyənləşdirilən yolayrıcıdır; nizamlanmayan yolayrıcı — nizamlayıcının olmadığı, svetoforun qurulmadığı və ya söndürüldüyü, yaxud yanıb-sönən sarı rəngli işıq siqnalının işlədiyi yolayrıcıdır. Maddənin tələbindən göründüyü kimi yol patrul xidməti əməkdaşı, yəni nizamlayıcı və ya svetofor olduğu halda yol nizamlanan hesab edilir, bunlar olmadığı halda yol nizamlanmayan hesab edilir. Eyni zamanda həmin Qanunun 61-ci maddəsinin Vİİ hissəsinə əsasən yolun eyni kəsiyində üçdən artıq yol nişanının qurulmasına icazə verilmir (təkrar olunan nişanlar və əlavə lövhəciklər nəzərə alınmamaqla). Xüsusi qeyd olunmuş hallardan başqa yolun eyni kəsiyində üçdən artıq yol nişanının qurulmasına icazə verilmir (təkrar olunan nişanlar və əlavə lövhəciklər nəzərə alınmamaqla). Xüsusi qeyd olunmuş hallardan başqa yolun sağ tərəfində bütün yol nişanları qurulur. İki və ya artıq zolaqlarla bir istiqamətdə hərəkəti olan yollarda yol nişanları vaxtlı-vaxtında sürücü tərəfindən çətinliklə qavranılarsa, onlarda olan məlumat nəzərə alınmaqla nişanlar təkrar qurulmalıdır. Təkrar nişanlar ayırıcı zolaqlarda, əgər ayırıcı zolaq yoxdursa və əks istiqamətli hərəkət üçün iki hərəkət zolağından artıq hərəkət zolağı nəzərdə tutulmamışdırsa, belə yol nişanları yolun sol tərəfində qurulurlar. Yolun solunda yerləşdirilən yol nişanının görünməsinin təmin olunması mümkün deyilsə və ya əks istiqamətli hərəkət üçün üç və artıq hərəkət zolağı vardırsa, onda yol nişanları yolun hərəkət hissəsinin üstündə qurulurlar. Maddənin tələbindən aydın olur ki, “STOP” yol nişanı qanunla müəyyən edilmiş yərdə, qaydada, açıq görünən ərazidə yerləşdirilməmiş, ağac budaqlarının yol nişanın üstünü örtməsi ilə əlaqədar mexaniki nəqliyyat vasitələrinin sürücüləri üçün görünməz vəziyyətdə olmuşdur. Həmin yol nişanının təsir qüvvəsi olmadığından yol patrul xidməti əməkdaşı baş vermiş yol-nəqliyyat hadisəsini araşdırarkən düzgün nəticəyə gəlməyərək qanunsuz və əsassız qərar qəbul etmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin İİİ hissəsinə əsasən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Maddənin tələbindən aydın olur ki, yol-nəqliyyat hadisəsi baş verən yol nizamlanmayan yolayrıcı olduğundan sağdan hərəkət edən nəqliyyat vasitələrinin üstünlüyü vardır. Göstərilənləri nəzərə alaraq 05.05.2021-ci il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxsin vəkili X4 şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - 05.05.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən X8 həmin tarixdə, saat 10:20-də idarə etdiyi “HYUNDAİ ELANTRA minik” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi ilə Mirqasımov küçəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir; - 05.05.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur; - məhkəməyə təqdim edilmiş görüntülərə görə sürətlə hərəkət edən “CHEVROLET CRUZE” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobil “HYUNDAİ ELANTRA minik” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə toxunaraq idarə etməni itirib sağ tərəfdə dayanan “TOYOTA PRADO minik” markalı avtomobilə dəymiş, o da öz növbəsində dayanmış vəziyyətdə olan “VOLKSWAGEN minik” markalı avtomobilə dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən:  bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir (5.2-ci maddə);  inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48-ci maddəsi);  inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (6.2-ci maddə);  inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun (61.3-cü maddə);  inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə);  hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı (106.0-cı maddə). Göründüyü kimi, Bakı şəhər X13 İdarəsi tərəfindən hazırki inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, işin bütün halları, hadisənin baş vermə şəraiti dəqiq tədqiq edilmədən, barəsində icraat aparılan şəxs tərəfindən hadisənin qarşısını almağa texniki imkanın olub-olmaması müəyyən olunmadan və şəxsin təqsirliliyinə dair hər hansı təkzibedilməz dəlil olmadan işə baxılaraq inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər X13 İdarəsi tərəfindən qəbul edilmiş 05.05.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər X13 İdarəsi tərəfindən qəbul edilmiş 05.05.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar