Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3682/2021 17.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Qərarından şikayət verilmiş orqan Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi Nümayəndə, X1 iştirakları ilə, Bakı Nəqliyyat Agentliyinin 28 oktyabr 2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Nəqliyyat Agentliyinin 28 oktyabr 2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 28 oktyabr 2021-ci il tarixdə Nəsimi rayonu, Azadlıq prospekti ilə Akademik H.Əliyev küçəsi istiqamətində özünə məxsus “Toyota” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun kənarında sərnişin götürərkən BNA-ya məxsus, yol üzərində quraşdırılmış kamera vasitəsi ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci (dayanma və ya durma qaydalarını pozma) maddəsi ilə ******* saylı protokol tərtib olunmuşdur. Onun etirazı haqqında çıxarlan qərarın hüquqi əsaslarının olmamasıdır. Belə ki, yollarda planşetlərlə xidmət aparan BNA əməkdaşlarına heç bir sözü yoxdur, daha da Müvəffəqiyyətlər arzu edir. Lakin kameraya baxıb, monitor arxasından protokol edənlərə və buna göstəriş verənlərə demək istəyir ki, İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsini diqqətlə oxusunlar, belə ki, Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 346.3, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar loto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəkilində inzibati xəta haqqında elektron protokol tərtib olunur və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. İnzibati xəta haqqında elektron protokol tərtib edildikdən sonra, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Göründüyü kimi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1 və 346.2-ci maddələrin tələbini pozmağa görə monitor arxasında oturub cərimə yazmaq qanunsuzdur. Həmçinin qeyd edir ki, kamerada görsəndiyi kimi, o, həmin 2-3 dəqiqə ərzində avtomobili tərk etməmişdir. Göstərilənləri nəzərə alaraq 28 oktyabr 2021-ci il tarixli, BNA ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi A.M.İsmayılov şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək şikayətinin təmin edilməsini və Bakı Nəqliyyat Agentliyinin 28 oktyabr 2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş orqan Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, şikayətçi A.M.İsmayılov tərəfindən verilmiş şikayət əsassızdır və şikayət təmin edilməməklə Bakı Nəqliyyat Agentliyinin 28 oktyabr 2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, A.M.İsmayılov idarə etdiyi “Toyota Corolla” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 28 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə Ak.H.Əliyev küçəsinin kəsişməsində saat 08:20:35-dən 08:22:21-dək 3.27 nişanının təsir dairəsində saxlamışdır. Bildirir ki, “Yol hərəkəti haqqında” Qanunun tələblərinə əsasən dayanmanın qadağan edildiyi yerlərdə məcburi dayanma və üstün hərəkət rejiminə malik nəqliyyat vasitələrinin dayanması halı istisna olmaqla nəqliyyat vasitələrinin hərəkətsiz vəziyyətə gətirilməsi yolverilməzdir. Beləliklə hesab edir ki, Bakı Nəqliyyat Agentliyinin 28 oktyabr 2021-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarları mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən A.M.İsmayılovun şikayəti əsassızdır və təmin edilməməlidir. İXM-nin 346.1-ci maddəsinə əsasən, dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Həmçinin bildirir ki, Agentlik tərəfindən İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və 346.2-ci maddələrində göstərilən inzibati xətalar haqqında işlər üzrə icraat həmin Məcəllənin 122-ci maddəsi əsasında deyil, məhz 124.5-ci və 124.6-cı maddələri üzrə aparılır. Qeyd edilən maddələr üzrə icraatın aparılmasının təmini ilə bağlı tərəfimizdən paytaxtın müxtəlif ərazilərində kameralar quraşdırılmış və Agentliyin əməkdaşları tərəfindən kameralar vasitəsi ilə müntəzəm müşahidə aparılaraq inzibati xəta törədilməsi faktı aşkar edilir. Sözügedən kameralardan istifadə olunaraq dayanma və durma qaydalarını pozmuş sürücülərin nəqliyyat vasitələrinin fotoşəkillərinin təsbit edilməsi inzibati xəta hadisəsinin səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsinə dəlalət edir və bu Məcəllənin 124-cü maddəsinin tələbləri ilə birbaşa uzlaşır. İcraatın bu qaydada aparılması İnzibati Xətalar Məcəlləsinin 57.6-cı maddəsinə, habelə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 181 nömrəli Fərmanına da uyğundur. Bundan başqa, İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində nəzərdə tutulmuş maddələr üzrə inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası göstərilmişdir. Yəni 122.1-ci maddə İXM-in digər maddələri üzrə inzibati xəta hadisələrini aşkar edilməsini qadağan etmir və məhdudlaşdırmır, sadəcə müvafiq maddələr üzrə icraatın aparılması qaydasını müəyyənləşdirir. Foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə nəyin ki 122.1-ci maddə göstərilən İXM-in xüsusi hissəsinin maddələri üzrə hətta digər maddələr üzrə də inzibati xəta hadisələri aşkar edilərək, inzibati iş üzrə icraata başlanıla bilir. Digər tərəfdən 346.1-ci və 346.2-ci maddələrində göstərilən inzibati xəta hadisəsini təsdiq edən foto və video materiallar sübut növü kimi xüsusi texniki vasitələrin göstəricilərinə deyil, məhz sənədlərə aiddir. Çünki Məcəllənin 80.2-ci maddəsinə görə, fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Göstərilənləri nəzərə alaraq Bakı Nəqliyyat Agentliyinin 28 oktyabr 2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarından A.M.İsmayılov tərəfindən verilmiş şikayət əsassız və qanunsuz olduğundan təmin edilməməsini və inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 28 oktyabr 2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, A.M.İsmayılov 28 oktyabr 2021-ci il tarixdə, saat 08:22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti-Ak.H.Əliyev küçəsində dayanma və durma qaydalarını pozmuş və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş foto-şəkillərdən görünür ki, A.M.İsmayılov idarə etdiyi “Toyota Corolla” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 28 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti-Ak.H.Əliyev küçəsində saat 08:20:35-dən 08:22:21-dək 3.27 nişanının təsir dairəsində saxlamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, A.M.İsmayılov 28 oktyabr 2021-ci il tarixdə, saat 08:22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti- Ak.H.Əliyev küçəsində dayanma və durma qaydalarını pozaraq özünə məxsus “Toyota Corolla” markalı, **-LK-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili saxlamış, buna görə də o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 manat məbləğində inzibati cərimə edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 29-cu bəndinə görə nəqliyyat vasitəsinin dayanması — adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir. Həmin Qanunun 52-ci maddəsinin Vİ hissəsinə əsasən nəqliyyat vasitələrinin dayanmanın qadağan edildiyi yerlərdə; yaşayış məntəqələrindən kənarda - yolların hərəkət hissəsində; 5.1 nişanı ilə işarələnmiş yerlərdə; dəmiryol keçidlərinə 50 metrdən az yaxınlıqda; girişin, habelə darvaza qarşısında; 3.28 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.10 nişanlanma xəttinin təsir zonalarında durması qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi dayanma və ya durma qaydalarını pozmağa görə məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 124.5-ci maddəsinə görə bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; Həmin Məcəllənin 124.6-cı maddəsinə görə Bu Məcəllənin 346.1, 346.2, 346-1.2, 346-1.3 və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Beləliklə məhkəmə hesab edir ki, A.M.İsmayılov Bakı Nəqliyyat Agentliyinin 28.10.2021-ci il tarixli qərarı ilə idarə etdiyi “Toyota Corolla” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayanma və ya durma qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi üzrə 20 manat məbləğində cərimə edilmişdir. A.M.İsmayılov həmin qərardan şikayətlə məhkəməyə müraciət edərək onun əsassız olduğunu və iş üzrə icraatın İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsinin tələblərinə uyğun aparılmadığını iddia edərək qərarın qanuniliyini mübahisələndirmişdir. Lakin qərarı qəbul etmiş qurum tərəfindən məhkəməyə təqdim etdiyi fotogörüntüdən də aydın olur ki, 28.10.2021-ci il tarixdə A.M.İsmayılovun idarə etdiyi “Toyota Corolla” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti- Ak.H.Əliyev küçəsində yolun kənarında qanunvericiliyin tələbinə əsasən dayanmanın qadağan edildiyi yerdə, yəni “3.27 - Dayanmaq qadağandır” yol nişanının təsir zonasında hərəkətsiz vəziyyətə gətirilmiş şəkildə durmuşdur. Xətanın törədilməsi faktını sübut edən bu dəlili inkar edə biləcək hər hansı sübut şikayət vermiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda A.M.İsmayılov iş üzrə inzibati icraatın aparılması qaydasının qanuniliyini mübahisələndirsə də, İnzibati Xətalar Məcəlləsinin 124.5-ci maddəsinin tələbinə uyğun qaydada foto çəkiliş aparılmaqla onun tərəfindən xətanın törədilməsi faktı aşkar edilmiş və barəsində olan inzibati tənbeh vermə haqqında qərar müvafiq qaydada aidiyyəti informasiya sistemində yerləşdirilmişdir. Bununla da görünür ki, A.M.İsmayılov Bakı Nəqliyyat Agentliyi tərəfindən düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi üzə məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Nəqliyyat Agentliyinin 28 oktyabr 2021-ci il tarixli, BNA ******* saylı qərarı qanuni və əsaslı olduğundan A.M.İsmayılov verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Bakı Nəqliyyat Agentliyinin 28 oktyabr 2021-ci il tarixli, BNA ******* saylı qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-3682/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3682/2021
17.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver