Məhkəmə qərarları › İş №3(006)-3682/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3682/2023

11.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3682/2023 11.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, protokolu tərtib edən şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin polis sahə inspektoru X3 iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Beyləqan rayonu, Əlinəzərli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Beyləqan rayonu, Orta Əlinəzərli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri üzrə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməsinə dair 11 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 11 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində rayonlara gedən müştəriləri taksiyə dəvət etmək üçün ucadan səs-küy salıb çağıraraq ictimai qaydanı pozmuş və ona yaxınlaşan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, o Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin polis sahə inspektoru X7 izahat verərək göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində rayonlara gedən müştəriləri taksiyə dəvət etmək üçün ucadan səs-küy salıb çağıraraq ictimai qaydanı pozmuş və o həmin şəxsə yaxınlaşıb polis şöbəsinə dəvət etmişdir. Belə ki, yaxın ərazidə olan bina sakinləri ərazidə olan taksi sürücülərinin ucadan səs-küy salaraq narahatlıq yaratmasından şikayət etmiş və polis əməkdaşlarına verilmiş təlimat əsasında həmin şəxslərin müəyyən edilərək profilaktik söhbətlər aparılması və ya zərurət olduqda cərimə edilməsi ilə bağlı monitorinqlər aparılır. O, Şəxs yaxınlaşıb onu polis şöbəsinə dəvət etsə də, sonuncu polis şöbəsinə getməkdən yayınmış və ərazidən qaçmaq istəmişdir. O dərhal həmin şəxsin kəmərindən yapışaraq onun qaçmasına mane olmuş, lakin Şəxs müqavimət göstərərək dəmir qurğudan yapışmış və ucadan səs-küy salaraq nalayiq ifadələr işlətmişdir. Bundan sonra əraziyə digər polis əməkdaşları kömək üçün gəlmişdir. Lakin Şəxs polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymamış və polis şöbəsinə getməkdən imtina etmişdir. Bir neçə dəfə Şəxs sakitləşdirməyə çalışsalar da, sonuncu polis əməkdaşlarını nalayiq ifadələrlə təhqir etmiş və dəmir qurğudan yapışaraq polisin qanuni tələbini yerinə yetirməkdən imtina etmişdir. Bundan sonra polis əməkdaşlarının birlikdə səyi nəticəsində Şəxs qeyd olunan ərazidən avtopatrula mindirilərək aidiyyəti üzrə Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsində həmin şəxsin şəxsiyyəti müəyyən olunmuş və izahatı alınmış, daha sonra isə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək Bakı şəhəri Nəsimi rayon məhkəməsinə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, bir müddət öncə Bakı şəhərinə işləmək məqsədilə gəlmişdir. xx.xx.2023-cü il tarixdə yaxın tanışı Səbuhi adlı şəxsin taksi fəaliyyətinə köməklik göstərmək məqsədilə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində rayonlara gedən şəxsləri səsləyib taksiyə dəvət edərkən polis sahə inspektoru X7 onu polis şöbəsinə aparmaq istəmiş, lakin, o, polis şöbəsinə getməsi üçün heç bir səbəb olmadığını bildirərək getməkdən imtina etmişdir. Bundan sonra Emin İmanov onun kəmərindən yapşmış və onu qıraraq yararsız hala salmış, o da əsəbləşmiş və ona qarşı edilmiş hərəkətə görə öz iradlarını bildirmişdir. Daha sonra əraziyə bir neçə polis əməkdaşı gəlmişdir. Həmin vaxt o, dəmir qurğudan yapışaraq polis əməkdaşlarının onu polis şöbəsinə aparmasına mane olmuşdur. Daha sonra polis əməkdaşları onu xidməti polis avtomobilinə mindirərək polis şöbəsinə aparmışlar və orada izahatı alınaraq barəsində protokol tərtib olunmuşdur. İzahatının sonunda əməlindən peşman olduğunu və etdiyi hərəkətlərə görə polis əməkdaşlarından üzr istədiyini bildirərək, məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid Daxili İşlər Nazirliyi X10 X5 polis nəfəri X4 izahatında bildirdi ki, ərazidə xidmətdə olarkən onlara məlumat verilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində bir nəfər şəxs uca səslə nalayiq ifadələr işlədib ictimai asayişi pozur. Dərhal onlar həmin əraziyə gəlmiş və orada sonradan şəxsiyyəti onlara məlum olan Şəxs polisin qanuni tələbini yerinə yetirmədiyini və uca səslə nalayiq ifadələr işlətdiyini görmüşlər. Öz xidməti fəaliyyətləri ilə əlaqədar olaraq həmin şəxsə yaxınlaşaraq polis şöbəsinə dəvət etsələr də, Şəxs polis əməkdaşlarını təhqir etmiş və dəmir qurğudan yapışaraq polis şöbəsinə getməkdən imtina etmişdir. Lakin Şəxs qanuna zidd hərəkətlərinə davam etdirdiyindən polis əməkdaşlarının birlikdə səyi nəticəsində xidməti polis avtomobilinə əyləşdirilərək polis şöbəsinə aparılmışdır. Polis əməkdaşları öz xidməti fəaliyyətlərini yerinə yetirərkən Şəxs qarşı hər hansı zorakılıqdan istifadə edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi X10 X5 polis nəfəri X2 da şahid X1 izahatına oxşar məzmunlu izahat vermişdir. Məhkəmə, Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin polis sahə inspektoru X7 tərəfindən tərtib edilmiş 11 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsi toplanmış sübutlarla öz təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan inzibati qaydada tutma haqqında 11 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs 11 avqust 2023-cü il tarixdə, saat 12:00-dan inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinin tələbinə uyğun olaraq inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Çünki “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə görə hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınmasına yol verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə müvafiq olaraq ona 10 (on) gün müddətinə inzibati qaydada həbs tətbiq edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 11 avqust 2023-cü il tarixdən, saat 12:00dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X6 Məntəqəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar