Məhkəmə qərarları › İş №3(006)-3684/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3684/2021

17.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3684/2021 17.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Bakı şəhəri BPİ-nin X10 İdarəsinin nümayəndəsi X3, şikayətçi X1 iştirakları ilə, Bakı şəhəri BPİ-nin X10 İdarəsinin 16 noyabr 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş eyni tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri BPİ-nin X10 İdarəsinin 16 noyabr 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş eyni tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Bakı şəhər DYPİ-nin polis mayoru X2 16.11.2021-ci il tarixli, TP 4713B46 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 40 manat məbləğində cərimə edilmişdir. Belə ki, cərimə edilməsinin səbəbi kimi 08 noyabr 2021-ci il tarixdə, saat 15:40-da “VOLKSWAGEN PASSAT” minik markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, yolayrıcını keçmə qaydalarının pozulması göstərilmişdir. Bildirir ki, yuxarıda qeyd olunan vaxt, yəni yol polisi əməkdaşı inzibati xəta haqqında protokol tərtib edərkən o, polislərə qanunu pozmadığını bildirsə də onun iradlarına məhəl qoymadan, hüquq və vəzifələrini ona izah etmədən barəsində inzibati protokol tərtib edilmiş, onun hüquqi savadı olmadığına görə polis əməkdaşı onu tərtib olunan protokolun hüquqlarını pozmadığına və gələcəkdə də onun ziyanına olan heç bir hüquqi nəticə yaratmayacağına əmin etmiş, nəticədə heç bir araşdırma aparmadan Bakı şəhər DYPİ-nin əməkdaşı onun barəsində 16.11.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib etmiş və həmin protokol əsasında qərar qəbul edərək, onu Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək 40 manat məbləğində cərimə etmişdir. Hesab edir ki, onun əməlində inzibati xəta tərkibi yoxdur. Bundan əlavə ona hüquq və vəzifələri izah olunmadan protokol və qərar qəbul edilmişdir. Araşdırma aparılmalı bundan sonra müvafiq qərar qəbul edilməli idi. Lakin polis əməkdaşı tərəfindən qanunun tələblərinə əməl edilmədən protokol tərtib edilmiş və qərar qəbul olunmuşdur. Bu səbəbdəndə hesab edir ki, barəsində olan inzibati xəta haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq onun 40 manat məbləğində cərimə olunması haqqında Bakı şəhər DYPİ-nin polis mayoru M.İ.Qaytaranovun 16.11.2021-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi E.Ə.Əbdürəhimov şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, 08 noyabr 2021-ci il tarixdə avtomobili ilə Rəşid Behbudov küçəsində hərəkətdə olarkən yolda qəza baş vermiş, maşının sürət qutusu mexanika olduğundan məsafə ilə sürmüş, qırmızı maşın onu sıxıb keçmək istəyərkən avtomobili sağa çəkmiş, arxadan maşın onun maşınına sürtünmüş, o, həmin vaxt ailəsi maşında olduğu üçün digər sürücünün danışdıqlarına əhəmiyyət verməmişdir. O, yoldaşını xəstəxanaya apardığından hadisə yerindən çıxıb getmiş, hadisədən bir saat sonra 102-yə zəng vuraraq hadisə ilə bağlı məlumat vermişdir. Bundan sonra o, Bakı şəhər BPİ-yə getmiş, orda onu aldadaraq izahatını almış və onu təqsirli bilmişlər. Hadisə onun yox, digər sürücü, yəni onun avtomobilini arxadan vuran “Chevrolet” markalı, **-SZ- *** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən törədilmişdir. O, birinci ərizə ilə nə vaxt müraciət etdiyini xatırlamasa da, ikinci ərizə ilə 16 noyabr 2021-ci il tarixdə müraciət etmiş və ikinci ərizəsində polis əməkdaşlarının dediklərini yazmışdır. Onun tərəfindən heç bir qayda pozuntusu olmamışdır. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri BPİ-nin X10 İdarəsinin nümayəndəsi N.V.Ələkbərzadə şikayətin əsassız olduğunu bildirərək şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Bundan başqa, edən Bakı şəhəri BPİ-nin X10 İdarəsinin nümayəndəsi N.V.Ələkbərzadə məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, şikayətçi E.Ə.Əbdürəhimov polis idarəsində izahatında polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edildiyini, manevr qaydalarını pozduğuna görə barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini, tərtib edilmiş protokolla razılaşdığını və ona yazılan cəriməni 01 (bir) ay ərzində ödəyəcəyini, aparılan araşdırmadan razı qaldığını və heç bir şikayətinin olmadığını bildirmişdir. Həmin halları təsdiq edən sənədləri məhkəməyə təqdim edir. Məhkəmə proses iştirakçılarının izahatlarına və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan 16 noyabr 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, E.Ə.Əbdürəhimov 08 noyabr 2021-ci il tarixdə, saat 15:40-da Rəşid Behbudov küçəsində idarə etdiyi “Volkswagen Passat” minik markalı, **- CC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozulması halına yol vermiş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan 16 noyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, E.Ə.Əbdürəhimov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş X6 izahatından görünür ki, o, 08 noyabr 2021-ci il tarixdə R.Behbudov küçəsində hərəkətdə olarkəb Bakıxanov küçəsinə 50 metr qalmış etibarnamə ilə idarə etdiyi “Chevrolet” markalı, **-SZ- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman ondan arxada sağda hərəkət zamanı “Volkswagen Passat” minik markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qarşısında boşluq olduğu üçün o, həmin maşının qarşısına keçmiş, sonuncu isə arxadan işıq cihazlarını yandırıb-söndürərək qərəzli şəkildə sağa avtobus yoluna keçib, təkrar onun qabağından keçərək öz zolağını keçməklə onun avtomobilinin qabağı sağ qanad buferini, onun isə arxa sol buferi və qanadı sürtülmüşdür. Hadisə yerində hər ikisi maşınlardan yerə düşərək avtomobillərə baxış keçirmiş və şəkilləri çəkmişdir. Hadisə yerində çox tıxac olduğu üçün yol polisini çağırmadan və sığortaya məlumat vermədən əvvəl 102 xidmətinə zəng edərək məlumat vermiş, digər sürücü hadisə yerindən getdiyi üçün o, da oranı tərk etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş şikayətçi E.Ə.Əbdürəhimovun izahatından görünür ki, polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, manevr qaydalarını pozduğuna görə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razılaşmış və ona yazılan cəriməni 01 (bir) ay ərzində ödəyəcəyini qeyd etmiş, həmçinin aparılan araşdırmadan razı qaldığını və heç bir şikayətinin olmadığını bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, E.Ə.Əbdürəhimov “Volkswagen Passat” minik markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuş, qeyd edilən inzibati xəta hadisəsi 08 noyabr 2021-ci il tarixdə saat 15:40 radələrində Rəşid Behbudov küçəsində YPX inspektoru tərəfindən aşkar edilmiş, buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında Bakı şəhəri Baş Polis İdarəsinin DYPİ-nin 16 noyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o, təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Həmçinin məhkəmə iclasına Bakı şəhəri BPİ-nin DYPİ-nin nümayəndəsi N.V.Ələkbərzadə tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş izahatın surətindən də müəyyən edilmişdir ki, şikayətçi barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razılaşmış, manevr qayda pozuntusuna yol verməsini etiraf etmiş və ona yazılan cəriməni 01 (bir) ay ərzində ödəyəciyini qeyd etmişdir. Həmçinin izahatı özünün yazdığını qeyd etmiş və öz imzası ilə təsdiq etmişdir. Göründüyü kimi şikayətçi polis idarəsində vermiş olduğu izahatında manevr etmə qayda pozuntusuna yol verməsini etiraf etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri BPİ-nin X10 İdarəsinin 16 noyabr 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş eyni tarixli, TP ******* saylı qərarı qanuni və əsaslı olduğundan E.Ə.Əbdürəhimovun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Bakı şəhəri BPİ-nin X10 İdarəsinin 16 noyabr 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş eyni tarixli, TP ******* saylı qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar