Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3686/2024 27.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 İnzibati xəta haqqında 19-cu polis şöbəsinin sahə inspektoru protokolu tərtib etmiş şəxs: X1 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, Bakı şəhəri, Nizami rayonu, M.A.Əliyev küçəsi, ev 155, mənzil 06-da qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseyn küçəsi ev 86da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 26 avqust 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 19-cu polis şöbəsində ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş, habelə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin sahə inspektoru X3 izahatında göstərdi ki, polis əməkdaşları tərəfindən 26 avqust 2024-cü il tarixdə sərxoş vəziyyətdə olan Şəxs 19cu polis şöbəsinə gətirilən zaman o, polisin qanuni tələbinə qəsdən tabe olmamış, şöbənin giriş qapısına çırpılaraq şüşəni sındırmış, həmçinin ucadan ünvansız nalayiq ifadələr işlətmiş, ona edilən iradlara məhəl qoymamışdır. Qeyd olunanlarla bağlı Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 26 avqust 2024-cü il tarixdə Nəsimi rayonu, “Şamaxinka” adlanan ərazidə tanımadığı bir şəxs ona “Ocaq” restoranında mobil telefonunun oğurlandığını bildirmişdir. O, bu barədə “102” xidmətinə məlumat vermiş, həmin vaxt da sərxoş vəziyyətdə olmuşdur. Polis əməkdaşları həmin ünvana gələn zaman artıq digər şəxs onun yanında olmamışdır. Daha sonra polis əməkdaşları ilə onun arasında anlaşmazlıq olmuşdur. Sərxoş olduğu üçün o, özünü idarə edə bilməmişdir. Polis şöbəsinə gətirilən zaman qapını itələyərək bilmədən şüşəsini sındırmış və polisə qarşı kobudluq edərək ünvansız nalayiq ifadələr işlətmişdir. Bir daha bu kimi hallara yol verməyəcəyinə söz verir. İş materiallarında olan 26 avqust 2024-cü il tarixli, ******* saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokoluna əsasən Şəxs müayinə vaxtı orta dərəcəli sərxoş olmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmamışdır. Eyni zamanda onun tərəfindən inzibati xətanı sərxoş halda törədilməsi İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə görə məsuliyyəti ağırlaşdıran hal hesab olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, o, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və daha ciddi xəta kimi həmin Məcəllənin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində onun barəsində inzibati cərimə tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla ona 200 (iki yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3686/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3686/2024
27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver