Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3687/2021 27.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 iştirakı ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 102A; VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi üzrə tərtib olunmuş 17.11.2021-ci il tarixli, EP ******* (01400-1756/21) saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsini mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verməmişdir. Əvvəlki məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin vəkili Nümayəndə izahatında göstərmişdir ki, şirkətin əsas fəaliyyət istiqaməti kənd təsərrüfatı məhsullarının yetişdirilməsi və ixracından ibarətdir. MMC tərəfindən əkin sahələrindən toplanmış məhsulun ixracı başa çatana qədər həmin məhsullar soyuducu anbarlarda saxlanılır. Cari ildə məhsul çox olduğu üçün şirkətin istifadəsində olan soyuducu anbar bütün məhsulu yığmaq üçün kifayət etməmişdir. Elə bu məqsədlə yeni anbarın istifadəyə verilməsi üçün 07.11.2021-ci il tarixdə Şəxs MMC tərəfindən 210657 saylı invoys sənədi və 98014 saylı yol nəqliyyat sənədi əsasında Gürcüstan Respublikasının Poti şəhərində fəaliyyət göstərən “X3” MMC-dən 31R8126/31R7278 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində 10.242 kq çəkidə “soyuducu anbarlar üçün avadanlıq, mexaniki qurğular və onların hissələri yükü idxal edilmişdir. Həmin anbar Xaçmaz rayonu ərazisində tikildiyi üçün bu yük Xaçmaz rayonuna gətiriləckədi. Buna görə də sözügedən yüklər Şimal Ərazi Baş Gömrük İdarəsinə təyinat almışdır. Lakin yüklərin daşındığı nəqliyyat vasitəsi “Qırmızı Körpü” gömrük postundan keçməklə ölkə ərazisinə daxil olduqdan sonra ixracatçı “X3” MMC tərəfindən Şəxs MMCyə bu barədə məlumat verilib sənədlər göndərilmişdir. Buna görə də mallara dair əvvəlcədən qısa idxal bəyannaməsi verilə bilinməmişdir. Göründüyü kimi, bu işdə Şəxs MMC-nin birbaşa təqsiri olmamışdır. Bununla bağlı araşdırma tam səthi aparılmışdır. Gömrük orqanı ən azından bu məsələləri aydınlaşdırmaq üçün Şəxs MMC-dən bəzi məlumatları əldə edə, hətta malı göndərən xarici şirkətə də sorgu göndərə bilərdi. Təqsiri sübut etmək vəzifəsi gömrük orqanın üzərinə düşür. Bugünki məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin vəkili məhkəməyə gəlməmişlər. Eyni zamanda qeyd olunan qurumdan məhkəməyə ünvanlanmış müraciətdə işə idarənin nümayəndəsinin iştirakı olmadan baxılması xahiş olunmuşdur. Bundan əlavə, “elektron kabinet” vasitəsilə Şəxs MMC-nin vəkili müraciət edərək koronavirusa yoluxduğu üçün iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin vəkili Nümayəndə əvvəlki məhkəmə iclasında iştirak edərək məsələyə münasibət bildirdiyini, eyni zamanda işin baxılma müddətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111-ci maddəsinə uyğun artıq uzadıldığını və işə baxılması ilə bağlı bu normada müəyyən edilmiş müddətə əməl olunmasının vacib olduğunu nəzərə alaraq iclasın təxirə salınmasına dair verilmiş vəsatətin rədd olunması və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. İş materiallarında olan: - 11.11.2021-ci il tarixli raporta əsasən 07.11.2021-ci il tarixdə Şəxs MMC tərəfindən Gürcüstan Respublikasından **********03620 nömrəli mal qeydiyyat kodu əsasında 31R8126/31R7278 dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə idxal edilmiş “soyuducu anbarlar üçün avadanlıq, mexaniki qurğular və onların hissələri yükünə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilməsinə dair gömrük xidmətinin VAİS-də məlumat qeydə alınmamışdır; - 98014 saylı yol nəqliyyat sənədinə görə Gürcüstan Respublikasının Poti şəhərində fəaliyyət göstərən “X3 LLC” şirkəti tərəfindən Şəxs MMC-yə 10.242 kq çəkidə 31R8126/31R7278 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə mal göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin vəkilinin verdiyi izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Həmin Məcəllənin 114.1 və 114.3-cü maddələrinə müvafiq olaraq qısa idxal bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə olunmaqla, elektron sənəd formasında təqdim edilir. Qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya daşınmasına cavabdeh olan şəxslər, onların nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi üçün gömrük orqanına təqdim edən şəxs tərəfindən verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli Qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın 13.3 və 13.4-cü bəndlərinə əsasən elektron formada təqdim olunan qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya daşınmasına cavabdeh olan şəxslər, onların nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi ilə əlaqədar gömrük orqanına təqdim edən şəxs tərəfindən bu məqsəd üçün gömrük orqanlarının müəyyən etdiyi rəsmi informasiya sistemləri vasitəsilə verilir. Məlumatların elektron emalı üsullarından istifadə edilməklə təqdim olunan qısa idxal bəyannaməsi mallar gömrük sərhədini keçənədək təqdim edilir. Qanunvericiliyin tələblərindən belə aydın olur ki, kommersiya məqsədləri üçün mallar ölkə ərazisinə gətirilərkən onlara dair qısa idxal bəyannaməsinin verilməsi bu malı gətirən və ya daşınmasına cavabdeh olan şəxslər, onların nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi ilə əlaqədar gömrük orqanına təqdim edən şəxs tərəfindən verilməlidir. Buna görə də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin vəkilinin Şəxs MMC-nin hazırki işlə bağlı təqsirinin olmamasına dair gətirdiyi dəlil əsassızdır, malların göndərilməsi və ölkə ərazisinə daxil olması ilə bağlı məlumatın Gürcüstan Respublikasının Poti şəhərində fəaliyyət göstərən “X3 LLC” şirkəti tərəfindən Şəxs MMC-yə vaxtında verilməməsi bu subyektlər arasında həll olunmalı məsələdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1.500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3687/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3687/2021
27.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver