Məhkəmə qərarları › İş №3(006)-3692/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3692/2023

14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3692/2023 14.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında protokolu 19-cu polis şöbəsinin sahə inspektoru tərtib etmiş şəxs: X2 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1978-ci il tarixdə Qəbələ rayonu Bum qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, Qəbələ rayonu, Bum qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi, ev 08, mənzil 03-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən, Zərərçəkmiş şəxs işlətdiyi “Pəmbə” geyim mağazasından 200 manat dəyərində qadın alt paltarlarını oğurlamışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin sahə inspektoru X4 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs şikayəti əsasında aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə onun işlətdiyi Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən “Pəmbə” geyim mağazasından müştəri qismində gələn bir qadın 200 manat dəyərində geyim əşyalarını oğurlamışdır. Əməldə cinayət tərkibi olmadığından 09 mart 2023-cü il tarixdə cinayət işinin başlanılması rədd edilmiş, əməldə inzibati xəta tərkibi olduğundan iş aidiyyəti üzrə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, hadisəni törədən şəxsi müəyyən etmək mümkün olmadığından 14 aprel 2023-cü il tarixdə iş üzrə icraat dayandırılmışdır. Daha sonra xətanı törədən şəxsin Şəxs olduğu müəyyən edildiyindən 14 avqust 2023-cü il tarixdə iş üzrə icraat təzələnmişdir. Şəxs vurulmuş zərəri ödəməmiş, onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən və onun işlətdiyi “Pəmbə” geyim mağazasına Şəxs öz qızı ilə birlikdə bir neçə paltara baxmış, daha sonra iki ədəd paltar alıb çıxıb getmişlər. Bir müddətdən sonra o, malları təftiş edəndə müəyyən etmişdir ki, alış dəyəri 200 manat olan bir neçə qadın paltarı qoyduğu piştaxtanın üzərində yoxdur. Bununla əlaqədar mağazada quraşdırılmış müşahidə kamerasına baxanda görmüşdür ki, Şəxs öz qızı ilə birlikdə mağazada olarkən ondan yuxarı piştaxtalarda olan mallara baxmaq istədiyi üçün o, həmin yerə qalxarkən, Şəxs aşağıda olan piştaxtanın üzərində olan qadın alt paltarlarının bir neçəsini gizlicə əynindəki gödəkcəsinin qol hissəsinə soxur, daha sonra isə əlavə paltarı da torbaya qoyur. Hadisə barədə o dərhal polisə məlumat versə də, nədənsə uzun müddət ərzində bu şəxs tapılmamışdır. Yalnız ötən ayda Şəxs qızı ilə birlikdə onun mağazasına gəlib üzrhaqlıq etmək əvəzinə onu şərləyərək bildirmişdir ki, guya əvvəl ondan alınmış malları o, onlara baha qiymətə satıb, buna görə də bu malları qaytarmaq istəyirlər. O da bu şəxsləri və oğurlandığı malları tanıdığı üçün polis çağırmaq fikrinə düşmüş, bu səbəbdən də Şəxs bir bəhanə gətirib bayıra çıxıb yaxınlıqda yerləşən kafedə olan polis əməkdaşları dəvət etmişdir. Bu zaman Şəxs onunla aqressiv danışaraq sifətinə bir zərbə endirmiş, sonra əlindəki qutu ilə başına, ayağı ilə isə ayağına vurmuşdur. Bununla əlaqədar polis şöbəsində də araşdırma aparılır. Eyni zamanda qeyd edir ki, ondan talanmış əşyaların alış dəyəri 200 manat olsa da, o bu malların satış qiymətini 400 manat qoymuşdur. Ona vurulmuş bu zərər ödənilməmiş, Şəxs şikayətçidir, onun məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən “Pəmbə” geyim mağazasından qızı üçün paltar almağa getmişdir. Eyni zamanda taksi fəaliyyəti ilə məşğul olduğu üçün ona həmin vaxtı sifariş gəlmiş, o da aldığı paltarın dəyəri olan 88 manat pulu ödəyib mağazadan çıxıb getmişlər. Daha sonra qızı ona zəng edərək almış olduğu paltarların arasında əlavə paltarların da olduğunu bildirmişdir. Bundan sonra onlar həmin mağazanın ünvanını axtarsalar da, tapa bilməmiş, səhvən digər mağazaya getmişlər. Daha sonra onlar mağazanın yerini müəyyən etmişlər. Bir müddət sonra qızı “Tik Tok” sosial şəbəkəsində görmüşdür ki, əvvəllər paltar aldıqları mağazanın sahibi onların görüntülərini paylaşaraq guya mağazadan oğurluq etdiklərini yazır. Buna görə də o, həmin mağazaya gedərək məsələyə aydınlıq gətirib paltarların pulunu ödəmək istəmişdir. Lakin mağazanın sahibi Zərərçəkmiş şəxs oraya polis dəvət etmiş və buna görə aralarında söz-söhbət yaranmışdır. Qeyd edir ki, o bu mağazadan oğurluq etməmiş, video görüntülərdə olan kadrlarda isə o, sadəcə olaraq əynindəki paltarın üzərindəki dəmir qoluna dəydiyi üçün qolunu qaşımış, heç bir paltarı ora soxmamışdır. Zərər çəkmiş şəxsə 200 manatı ödəmək istəsə də, sonuncu bunu qəbul etmir. İş materiallarına əlavə edilmiş bir ədəd kompakt diskdəki olan görüntülərə əsasən Şəxs qızı ilə birlikdə mağazada olur, satıcı Zərərçəkmiş şəxs isə yuxarı piştaxtadan mal düşürmək üçün stulun üzərinə qalxır, bu zaman Şəxs sonuncunun arxasının ona tərəf olmasından istifadə edib aşağıda piştaxtanın üzərinə qoyulmuş alt paltarlarını əynindəki gödəkcəsinin qol hissəsinə soxur, daha sonra sellofan paketə də gizlicə əlavə paltarları qoyur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və video görüntülərə baxış keçirib belə nətcəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, əmlak vəziyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə inzibati tənbeh növü tətbiq olunmalıdır. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 28.3-1-ci maddəsinə müvafiq olaraq Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan xətanın törədilməsində təqsirli bilinərək barəsində 240 (iki yüz qırx) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq olunsun. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Şəxs təyin edilmiş inzibati tənbehin müddətinin əvvəli onun çəkilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Qərarın icrası Bakı şəhər Probasiya idarəsinə həvalə olunsun. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar