Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3704/2025 02.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 27 may 2025-ci il tarixli, 16/1-H-98117 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 27 may 2025-ci il tarixli, 16/1-H-98117 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. X4 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində Baki şəhəri Nəsimi Rayon Məhkəməsi 3(006)-1668/2025 nömrəli qərarı ilə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci äl tarixli, EQ 26386793 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. Cavab olaraq xx.xx.2025-ci il tarixli 16/1-H-98117 saylı qərarla Baş Dövlət Yol Polisi İdarəsi EQ 26386793 saylı inzibati tənbeh vermə haqqında qərarı qüvvədə saxlamışlar. X6 qərarında deyilir ki qayda pozuntusu, yəni 52-ci maddənin tələbi pozulması, tam olaraq subuta yetirilmişdir. Lakin, əslində heç bir maddi subut təqdim edilmir və 52-ci maddənin hansı bəndi pozulub göstərilmir. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsi ilə, yəni nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə təqsirli bilinərək 40 manat və 2 ball məbləğində cərimə edilmişdir. Lakin idarə etdiyi, "Mercedes-Benz Sprinter" markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı avtomobili hərəkət hissəsinin kənarından 8 metr aralıda parklanmışdır. Onda bunu təsdiq edən video materiallar mövcuddur. Odur ki, qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun izahat verib əlavə olaraq bildirmişdir ki, dayanma-durma işarəsi inzibati xətanın tətbiq edildiyi vaxt mövcud olmamışdır. Qeyd olunan cərimə qərarın tətbiq edilməsini təmin edən fotoşəkil kamera vasitəsilə deyil, bilavasitə polis əməkdaşının qanunsuz çəkiliş aparması ilə müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, onun barəsində qəbul edilmiş 27 may 2025-ci il tarixli, 16/1-H-98117 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərarı çıxarmış Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Buna baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən, məhkəmə işə qeyd olunan qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: DİN Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi Məlumat Xidməti tərəfindən qəbul edilmiş 27 may 2025-ci il tarixli, 16/1-H-98117 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 “Mercedes” markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman İXM-nin 346.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə iclasında şikayət vermiş şəxs Hacıağa Hüseynov tərəfindən təqdim olunmuş fotoşəkillərdən görünür ki, “Mercedes” markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı avtomobilin nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və ya kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanması müəyyən olunmur. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayəti və ona əlavə edilmiş sənədləri qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, verilmiş şikayət qismən təmin edilməli, 27 may 2025-ci il tarixli, 16/1-H-98117 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş materialları yenidən baxılması üçün inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqana göndərilməlidir. Belə ki, inzibati tənbehvermə haqqında qərar və ona əlavə edilmiş sənədlər tədqiq edilərkən müəyyən olundu ki, 27 may 2025-ci il tarixli, 16/1-H-98117 nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə X4 “Mercedes” markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-in 346.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 40 (qırx) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən “Mercedes” markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı avtomobilin nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və ya kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasını müəyyən etmək mümkün olmur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 əməlində inzibati tərkibi olub-olmaması dəqiq müəyyən edilməmişdir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 346.5-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilir. Yuxarıda qeyd edilən inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X4 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsinin dispozisiya şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib edən DİN Baş Dövlət Yol Polis İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Beləliklə də, həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Təqsirliliyi sübut etmə yükü məhkəmənin və ya barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən X4 barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilən zaman əməlində inzibati xəta tərkibi olub-olmaması kifayət qədər araşdırılmadan inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İXM-nin 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq qəbul edilən qərarlardan biri də bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsidir; İXM-nin 135.1 və 135.1.6-cı maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, İXM-lə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğundan Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 27 may 2025-ci il tarixli, 16/1-H-98117 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 27 may 2025-ci il tarixli, 16/1-H-98117 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün DİN Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi Məlumat Xidmətinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-3704/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3704/2025
02.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver