Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3707/2023 30.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Barəsində inzibati xəta haqqında "xxxx" ASC-nin nümayəndəsi iş üzrə icraat aparılan şəxs: X1 iştirakları ilə "xxxx" ASC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 60, VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-1108/2022 saylı icra vərəqəsinə görə "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 942/10/PB saylı kredit müqaviləsinin təminatı kimi bank qarşısında ipoteka ilə yüklü edilmiş X4 məxsus Biləsuvar rayonu, M.Ə.Sabir küçəsində mülkiyyətində olan 0,11 ha torpaq sahəsində yerləşən 59 saylı fərdi yaşayış evinə münasibətdə ipotekaya xitam verilmiş, həmin fərdi yaşayış evi ipoteka yüklülüyündən azad edilmişdir. Lakin, "xxxx" ASC icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə qərarında qeyd olunmuş fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi üçün tədbirlər görməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi X3 izahatında göstərdi ki, icra sənədi üzrə tələb icra olunmuş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə əmlakın ipoteka yüklülüyündən azad edilməsi üçün müvafiq məktub yazılaraq göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbardarlıq edilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)- 1108/2022 saylı icra vərəqəsinə görə "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 942/10/PB saylı kredit müqaviləsinin təminatı kimi bank qarşısında ipoteka ilə yüklü edilmiş X4 məxsus Biləsuvar rayonu, M.Ə.Sabir küçəsində mülkiyyətində olan 0,11 ha torpaq sahəsində yerləşən 59 saylı fərdi yaşayış evinə münasibətdə ipotekaya xitam verilmiş, həmin fərdi yaşayış evi ipoteka yüklülüyündən azad edilmişdir; - Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-1108/2022 saylı icra sənədinin icrasını təmin olunması məqsədi ilə xx.xx.2023-cü il tarixli qərarla icraat başlanılmış və həmin tarixli, e86612/2023-529-004 nömrəli məktubla müvafiq bildiriş "xxxx" ASC-yə göndərilmişdir; - Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən xx.xx.2023-ci il tarixli məktubla "xxxx" ASC-yə xəbərdarlıq göndərilərək icra sənədinin icra olunmaması göndərilərək məhkəmə qərarında göstərilən yaşayış evinin ipoteka yüklülüyündən azad olunması tələb edilmişdir; - Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 86612/2017-5-9 saylı bildirişdə məhkəmə qərarının qərəzli olaraq icra edilməməsinə görə cəmiyyət barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndəriləcəyi, protokolun tərtibində iştirak edilməsi və müvafiq izahatın alınması üçün xx.xx.2023-cü il tarixdə, saat 10:00da Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə dəvət olunması qeyd olunmuşdur; - "xxxx" ASC-nin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Salyan Ərazi İdarəsinə ünvanladığı 30 avqust 2023-cü il tarixli, 0691 saylı məktubda qeyd olunmuşdur ki, X4 verilmiş kreditin girov predmeti olaraq mülkiyyətinə dövlət reyestrində qeydə alınaraq ona verilmiş xx.xx.2007-ci il tarixli, MH ******* saylı çıxarışa əsasən Biləsuvar şəhəri, X9 küçəsində yerləşən 59 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Kredit borcunun təminatı olmuş bu ipoteka müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 9.825,06 ABŞ dolları əsas və 2.669.01 ABŞ dolları faiz borcu mövcud olduğu halda ipoteka müqaviləsinə xitam verilmişdir. Bununla əlaqədar olaraq yuxarıda qeyd olunan daşınmaz əmlakın ipoteka ilə yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi xahiş olunur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutur. Məhkəmədə təqdqiq edilmiş sübutlarla müəyyən olunur ki, "xxxx" ASC tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-1108/2022 saylı icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri vaxtında yerinə yetirilməmiş, dəfələrlə edilmiş xəbərdarlığa baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə qərarında qeyd olunmuş fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi üçün zəruri tədbirlər görülməmiş, yalnız icra məmuru tərəfindən qurum barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edildikdən və məhkəmə işi icraata qəbul edib iş üzrə iclasın vaxtını müəyyən etdikdən sonra fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi üçün aidiyyəti üzrə müraciət etmişdir. Göstərilən hallar da Para BOKT” ASC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır, onun 30 avqust 2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Salyan Ərazi İdarəsinə yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi ilə bağlı məktubun göndərilməsi də həmin xətanı aradan qaldırmır və bu ASC-nin məsuliyyətdən azad edilməsi üçün əsas deyil. Çünki, qurum barəsində inzibati xəta haqqında protokol tərtib edilən zaman artıq inzibati xəta mövcud olmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında vurğulayır ki, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 07 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə "xxxx" ASC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə "xxxx" ASC tərəfindən törədilən inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, "xxxx" ASC hüquqi şəxs qismində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və quruma həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: "xxxx" ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 3.000 (üç min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3707/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3707/2023
30.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver