Məhkəmə qərarları › İş №3(006)-3708/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3708/2023

30.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3708/2023 30.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi ilə, Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, ev 3; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 485.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* (00100-00585/23) saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, EP ******* (00100-00585/23) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 34/012/003044 saylı raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə idxalçı hüquqi şəxs Şəxs MMC şirkətinin ünvanına göndərilən mallar **********5791 saylı gömrük bəyannaməsi üzrə Baş İdarədə rəsmiləşdirilmişdir. Lakin həmin bəyannamə üzrə idxal edilən mallara dair təqdim edilən xx.xx.2023-cü il tarixli **********6459 saylı qısa idxal bəyannaməsində mallara dair düzgün olmayan, təhrif olunmuş məlumatların verilməsi müəyyən olunmuşdur. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyəti orqanın nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 485.1-ci maddəsinin tərkibi vardır. Belə ki, iş materiallarında olan Enerji Resursları və Dəniz Nəqliyyatı Baş Gömrük İdarəsindən daxil olmuş 34/012/003044 nömrəli xx.xx.2023-cü il tarixli raporta əsasən Şəxs MMC tərəfindən yuxarıda qeyd edilən **********6459 saylı qısa idxal bəyannaməsi gömrük orqanlarına təqdim edilmişdir. Lakin, eyniləşdirmə nəticəsində məlum olmuşdur ki, qısa idxal bəyannaməsində qeyd edilən nəqliyyat vasitəsinin və invoysun nömrəsi **********5791 sorğu nömrəli gömrük bəyannaməsi ilə eynilik təşkil etsə də malın XİFMN kodu, adı, gömrük dəyəri və çəkisi gömrük bəyannaməsi ilə eynilik təşkil etmir. İş materiallarında olan **********5791 nömrəli gömrük bəyannaməsindən görünür ki, bəyannamədə malın çəkisi 470 kq göstərilmişdir. Həmçinin, bəyannamənin 45-ci qrafasında malın gömrük dəyəri 23388,60 göstərilmişdir. İş materiallarında olan **********6459 nömrəli qısa idxal bəyannaməsindən görünür ki, bəyannamədə malın çəkisi 10,25 kq göstərilmişdir. Həmçinin, 45-ci qrafasında malın gömrük dəyəri göstərilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 485.1-ci maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir. Buna görə də cəmiyyət həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 485.1-ci maddəsi Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə məsuliyyəti müəyyən edir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə hüquqi şəxs Şəxs MMC-yə həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar