Məhkəmə qərarları › İş №3(006)-3722/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3722/2025

08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3722/2025 08.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclas katibi Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhər Statistika İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakı ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Statistika İdarəsindən daxil olmuş MN seriyalı xx.xx.2025-ci il tarixli, MN ******* saylı tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, "xxxx" MMC tərəfindən 2025-ci ilin (aylıq) 12-xidmət (xidmətlərin göstərilməsi, malların təqdim edilməsi və işlərin yerinə yetiriməsi haqqında) hesabatı may ayı üzrə iyun ayının 5-ci iş günü saat 13:00-dək təqdim edilməli olduğu halda bu günədək təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Statistika İdarəsinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, hesabat kağız daşıyıcıda deyil, elektron qaydada təqdim edilməli olsa da, "xxxx" MMC tərəfindən buna əməl edilmişdir. Qeyd olunanlara əsasən "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 389-cu maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində icraat aparılan hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs "xxxx" MMC-nin nümayəndəsi X5 təqdim etdiyi etiraz ərizəsi təqdim etmiş və bildirmişdir ki, nümayəndəsi olduğu Şəxs (bundan sonra "Cəmiyyət") barəsində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika İdarəsi (bundan sonra "İdarə") tərəfindən MN ******* saylı 12 iyun 2025-ci il tarixli Protokol tərtib edilmiş və aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. İşlə əlaqədar İdarə tərəfindən tərtib edilmiş protokolu əsassız hesab edir, belə ki, protokolun tərtib olunmasına səbəb olmuş həmin hesabat tərtib olunaraq tərəflərindən vaxtlı-vaxtında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika İdarəsinə təqdim edilmişdir. Həmin hesabatın təqdim edilməsi poçt qəbzi və poçtu çatdırmış kuryer şirkətinin arayışı bu etiraza əlavə edilir. Onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika İdarəsi tərəfindən işlə əlaqədar qərəzli yanaşma sərgilənmişdir. Belə ki, protokolun xx.xx.2025-ci il tarixində tərtib olunduğu və eyni tarixdə Cəmiyyətə və məhkəməyə göndərildiyi bildirilmişdir. Lakin onlara bu günədək həmin protokol çatdırılmamışdır. Bununla belə, protokolda işin Məhkəməyə və Cəmiyyətə göndərildiyi qeyd olunmuş və müvafiq sənədlər əlavə edilmişdir. Belə bir hal mövcud deyildir, tərəflərindən heç bir məktub təhvil götürülməmişdir. Bundan əlavə, işlə əlaqədar onlara izahatın verilməsi ilə bağlı heç bir bildiriş gəlməmiş, heç bir izahat alınmamış və onlara əvvəlcədən xəbərdarlıq edilməmişdir. Bununla da, İdarə tərəfindən qərəzli mövqe nümayiş etdirilərək Cəmiyyətin cərimələnməsinə şərait yaradılmışdır. Tərtib edilmiş protokol barədə məlumatı yalnız elektron məhkəmə sistemi vasitəsilə xəbər almışlar. Buna baxmayaraq işlə bağlı İdarə tərəfindən tərtib edilmiş Protokolda Cəmiyyətin nümayəndəsinin izahat verməkdən imtina etdiyi qeyd olunmuşdur. Bununla da, İdarə protokol tərtib edərkən İnzibati Xətalar Məcəlləsinin 61.1.2-ci maddəsində təsbit olunmuş izahat vermək hüququnu pozmuşdur. İdarə tərəfindən pozuntulara yol verilərək icraat aparılması və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatının alınmaması faktiki vəziyyətin ortaya çıxmasına mane olmuşdur. Qanunvericiliyə uyğun şəkildə icraat aparılacağı təqdirdə tərəflərindən "Azari"kuryer xidməti vasitəsilə fiziki formada müvafiq hesabatların göndərildiyi və Bakı Şəhər Statistika İdarəsi tərəfindən təhvil alındığı aşkar olunacaqdır. Bununla da, X6 Məcəlləsinin 3-cü maddəsinin tələbləri barədə pozuntuya yol vermişdir. Belə ki, həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi yalnız inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati tərkibinin bütün əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Sözügedən inzibati xətanın törədilməsi ilə əlaqədar zəruri sübutlar mövcud deyildir. Göstərilənləri nəzərə alaraq barəsində protokol tərtib edilmiş "xxxx" MMC-nin hərəkətlərində inzibati xəta tərkibi olmadığından MN ******* saylı 12 iyun 2025-ci il tarixli protokolun ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Statistika İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən "xxxx" MMC tərəfindən 2025-ci ilin (aylıq) 12-xidmət (xidmətlərin göstərilməsi, malların təqdim edilməsi və işlərin yerinə yetiriməsi haqqında) hesabatı may ayı üzrə iyun ayının 5-ci iş günü saat 13:00-dək təqdim edilməli olduğu halda bu günədək təqdim edilməmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki,Şəxs MMC-yə təqdim olunmuş Bakı şəhəri Statistika İdarəsinə sənədlərin yerləşdirildiyi konvert göndərilməsi barədə 24 iyun 2025-ci il tarixli Arayışda texniki səhv yer almışdır və bunun nəticəsi olaraq “03 iyun 2025-ci il” və “04 iyun 2025-ci il” əvəzinə müvafiq olaraq “03 iyul 2025-ci il” və “04 iyul 2025-ci il” qeyd edilmişdir. Sözügedən göndəriş Bakı şəhəri Statistika İdarəsinə 03 iyun 2025-ci il tarixində göndərilmiş və həmin qurum tərəfindən 04 iyun 2025-ci il tarixində qəbul edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən qanunvericiliyin tələblərinin pozulması kimi hərəkətlər edilmədiyindən onun İXM-in 389-cu maddəsi ilə inzibati məsuliyyəti istisna edilir. Bu baxımdan "xxxx" MMC-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, "xxxx" MMC tərəfindən 2025-ci ilin (aylıq) 12-xidmət (xidmətlərin göstərilməsi, malların təqdim edilməsi və işlərin yerinə yetiriməsi haqqında) hesabat may ayı üzrə 03 iyun 2025-ci il tarixdə göndərilmiş və Bakı şəhər Statistika İdarəsi tərəfindən 04 iyun 2025-ci il tarixdə təhvil alınmışdır. Belə olan halda isə xəta törədilməsi müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. “Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin birinci hissəsinin 3-cü bəndinə görə dövlət statistika orqanlarına öz vəzifələrini yerinə yetirmək üçün statistik müşahidələrin aparılması üçün məlumatlar təqdim etməyən, yaxud məlumatları gecikdirməklə və ya təhriflə təqdim edən, statistik sirri yayan şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati icraat başlamaq və inzibati tənbeh tədbirləri tətbiq etmək hüququ verilir. Həmin Qanunun 11-ci maddəsinin 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yerləşən bütün hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslər dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları müəyyən edilmiş həcmdə və müddətlərdə haqqı ödənilmədən kağız və ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2019-cu il tarixli, 36/13 saylı qərarı ilə təsdiq edilmiş “Malların satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsi haqqında” 12-ticarət №-li aylıq rəsmi statistika hesabatı formasında (Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində xx.xx.2020-ci il tarixdə **********3613 nömrə ilə qeydiyyata alınmışdır) göstərilmişdir ki, hesabat əsas fəaliyyəti ticarət, avtonəqliyyat vasitələrinə texniki qulluq göstərilməsi və onların təmiri olan hüquqi şəxslər (onların nümayəndəlik və filialları) tərəfindən elektron formada Dövlət Statistika Komitəsinin internet səhifəsində (www.stat.gov.az) real vaxt rejimində təqdim edilir: kiçik, orta və iri sahibkarlıq subyektləri aylıq dövriliklə, hesabat ayından sonrakı ayın 5-ci iş günü saat 13.00-dək; mikro sahibkarlıq subyektləri rüblük dövriliklə, hesabat rübündən sonrakı ayın 20-dək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na əsasən mikro sahibkar kategoriyasına işçilərinin orta siyahı sayı 1-10 nəfər, illik gəliri 200 min manatdan aşağı olan, kiçik sahibkar kategoriyasına - işçilərinin orta siyahı sayı 11-50 nəfər, illik gəliri 200 min manatdan yuxarı, 3 milyon manatdan aşağı olan, orta sahibkar kategoriyasına - işçilərinin orta siyahı sayı 51-250 nəfər, illik gəliri 3 milyon manatdan yuxarı, 30 milyon manatdan aşağı olan, iri sahibkar kategoriyasına işçilərinin orta siyahı sayı 251 və ondan yuxarı, illik gəliri 30 milyon manatdan yuxarı olan sahibkarlıq subyektləri aiddir. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən onun nümayəndəsi dəvət edilməmiş və hüquqi şəxsin nümayəndəsinin izahatı alınmamışdır. Halbuki qanunvericilik inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlarının göstərilməsini imperativ norma kimi müəyyən etmişdir. İXM-in 57-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 109 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar