Məhkəmə qərarları › İş №3(006)-373/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-373/2024

05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-373/2024 05.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Barəsində inzibati xəta qaydada icraat aparılan şəxs Şəxs, Protokolu tərtib edən şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru X1 iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və Abçeron rayonu, Masazır qəsəbəsi, S.Rüstəm küçəsi fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 15 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, Şəxs 26 avqust 2023-cü il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 6A ünvanında yerləşən “Huqqa” restoranında qumar oyununda iştirak etmiş, bununla da Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, o, 26 avqust 2023-cü il tarixdə dostu X4 işlətdiyi Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 6A ünvanında yerləşən “Huqqa” restoranına yeyib-içmək üçün getmişdir. Həmin retoranda tanışı X6 ilə bir qədər yeyib-içdikdən sonra poker oynamaq üçün restoranın müdiri Rasim Rzayevə müraciət etmişdir. Bundan sonra Rasim Rzayev onlara etiraz etməmiş və onları arxası kilidlənən kabinetə aparmışdır. Həmin kabinetdə əlavə şəxslərlə birlikdə poker oyunu oynadıqdan sonra saat 21 radələrində polis əməkdaşları Rasim Rzayevlə birlikdə otağa daxil olmuşlar. Bundan sonra onu və digər şəxsləri izahatlarının alınması üçün polis idarəsinə aparmışlar. İzahatının sonunda əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru X2 izahatında göstərmişdir ki, Şəxs 26 avqust 2023-cü il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 6A ünvanında yerləşən “Huqqa” restoranında qumar oyununda iştirak etmişdir. Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi Ceyhun Məmmədov tərəfindən qəbul edilmiş “sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 15 dekabr 2023-cü il tarixli qərar əsasında Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün tədbir görülməsi qərara alınmışdır. Bundan sonra, aparılmış tədbirlər nəticəsində Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatını, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 15 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 26 avqust 2023-cü il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 6A yerləşən “Huqqa” restoranında qumar oyununda iştirak etmiş, bununla da Azərbaycan Respublikasının İXMnin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi Ceyhun Məmmədov tərəfindən qəbul edilmiş “sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Şəxs 26 avqust 2023-cü il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 6A ünvanında yerləşən “Huqqa” restoranında qumar oyununda iştirak etmişdir. Beləliklə də, məhkəmə iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, Şəxs 26 avqust 2023-cü il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 6A yerləşən “Huqqa” restoranında qumar oyununda iştirak etmiş, bu hal polis əməkdaşları tərəfindən aşkar edildiyindən Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi Ceyhun Məmmədov tərəfindən qəbul edilmiş “sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 15 dekabr 2023-cü il tarixli qərar əsasında Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir Məhkəmə həmçinin inzibati iş üzrə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlirin müsadirə olunması ilə bağlı bildirmək istəyir ki, hal-hazırda Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatında X7 və X3 AR Cinayət Məcəlləsinin 244-1.2.1 və 244-1.2.4-cü maddələri üzrə cinayət işi vardır. Həmin cinayət işi üzrə maddi sübut hesab edilən 2 dəst oyun kartı və ümumilikdə 117 ədəd jeton Azərbaycan Respublikası DİN KMBİ-nin Maddi sübutların saxlanılması kamerasına və 829 manat, 100 ABŞ dolları pul vəsaiti isə Daxili İşlər Nazirliyinin Maliyyə-Plan idarəsinin depozit hesabına təhvil verilmişdir. Məhkəmə tərəfindən cinayət işi üzrə yekun məhkəmə aktı qəbul edilərəkən maddi sübutların taleyinə hüquqi qiymət veriləcəkdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 525-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar