Məhkəmə qərarları › İş №3(006)-3752/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3752/2021

02.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3752/2021 02.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 İnzibati xəta haqqında X1 protokolu tərtib etmiş şəxs: Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1995-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, Bakı şəhəri, Nəsimi rayonu, Cəbiyev küçəsi, ev 21, mənzil 43-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 511.1.2-ci maddələri üzrə tərtib olunmuş 26.11.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 26 noyabr 2021-ci il tarixdə, saat 19:55 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində sərxoş vəziyyətdə idarə etdiyi “Vaz 21074 minik” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobillə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsi kimi qərəzli hərəkətlər, yəni avtoxuliqanlıq etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinə bilavasitə tabe olan Yol patrul xidməti Alayının yol-patrul xidməti baş inspektoru X2 izahat verərək göstərdi ki, Şəxs sosial şəbəkələrdə idarə etdiyi “Vaz 21074 minik” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı paylaşılmış videogörüntüləri əsasında onun əməlində Cinayət Məcəlləsinin 511.1.2-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğu aşkar edilərək inzibati araşdırma başlanılmış, eyni zamanda şəxsin hadisə zamanı nəqliyyat vasitəsini narkotik vasitələrin təsiri altında sərxoş halda idarə etdiyi məlum olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, 26.11.2021-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “Vaz 21074 minik” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi ərazisində olarkən radara düşməmək üçün müxtəlif vaxtlarda dövlət qeydiyyat nişanını çıxarmış, avtoxuliqan hərəkətlərinə yol verib polisin qanuni tələbinə tabe olmamışdır. Əməlindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcək. İş materiallarında olan: - 01.12.2021-ci il tarixli, 1/4348 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktı”na əsasən Şəxs narkotik vasitələrin istifadəsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən edilir; - bir ədəd diskdəki görüntülərdən aydın olur ki, “Vaz 21074 minik” markalı, **-OP- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü avtomobillə dövlət qeydiyyat nişanlarından biri olmadan svetaforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirib üfüqi nişanlanma xətlərini tələblərini pozaraq müxtəlif manevrlər etməklə nəqliyyat vasitəsinin təkərini yolun səthindən qaldırmaqla idarə etməklə təhlükəli manevrlər edir, mütəmadi olaraq yol hərəkəti qaydalarını pozur, hətta bununla bağlı digər şəxslər tərəfindən çəkilişlərin aparılması müşahidə edilir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 511.1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə, 511.1-ci maddəsi isə vtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə, 511.1.2-ci maddəsi mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə görə məsuliyyət müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini və iş üzrə digər halları nəzərə alaraq hesab edir ki, o, İnzibati Xətalar Məcəlləsinin 333.1 və 511.1.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və daha ciddi xəta kimi həmin Məcəllənin 511.1.2-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində onun barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati həbs tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 511.1.2-ci maddələrində nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə müvafiq olaraq ona nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 01 (bir) ay müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 02 dekabr 2021-ci il tarixdən, saat 12:20-dən hesablansın. Qərarın icrası Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar