Məhkəmə qərarları › İş №3(006)-3753/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3753/2023

29.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3753/2023 29.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1986-cı il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, Ağdam rayonu, Şotlanlı kəndində qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 14 iyun 2023-cü il tarixdə, saat 17:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Mercedes-Benz C200” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, S.C.Pişəvəri küçəsi ilə üzü “3-cü mikrorayon“ dairəsi istiqamətində hərəkətdə olan zaman “Rahat” marketin qarşısında sol istiqamətdə ara məhəllə yoluna dönərkən manevr etmə qaydalarını pozaraq həmin küçə ilə düzünə hərəkət edən “Tufan M50” markalı mopedlə toqquşmuş, nəticədə mopedin sürücüsü Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsini törətmişdir. Aparılmış araşdırma nəticəsində Şəxs törətdiyi əməldə cinayət tərkibi olmadığından Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı B.Mirzəyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd olunmuş, eyni zamanda həmin qərarda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddələrinin tərkib əlamətlərinin mövcudluğu qeyd olunaraq toplanılmış materiallar onun inzibati məsuliyyətə cəlb olunması üçün aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, 14 iyun 2023-cü il tarixdə, saat 17:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Mercedes-Benz C200” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, S.C.Pişəvəri küçəsi ilə “Memar Əcəmi” dairəsindən üzü 3-cü mikrorayon dairəsi istiqamətində hərəkət edib “Rahat” marketin qarşısında sol istiqamətdə ara məhəllə yoluna keçməkdən ötrü əks istiamətli yol üzrə dönmüşdür. Həmin vaxtı bir anlıq diqqətsizlik edib əks istiqamətli yoldan düzünə “Memar Əcəmi” dairəsi istiqamətində hərəkətdə olan mopedin qarşısına keçmiş və bu zaman moped avtomobilin ön hissəsinə toqquşaraq sürücü mopedlə bərabər səkinin üzərinə yıxılmışdır. Hadisə nəticəsində moped sürücüsü xəsarət aldığı üçün o, hadisə yerinə təcili yardım çağırıb onu müayinə olunmasından ötrü xəstəxanaya çatdırılmasına köməklik etmişdir. Həmin şəxs xəstəxanada həkimlər tərəfindən ilkin yardım edilib evə buraxılmışdır. Hadisədən sonra zərər çəkmiş şəxslə əlaqə saxlamağa cəhd göstərmişdir. Eyni zamanda həm xəsarətə, həm də mopedə dəymiş ziyana görə 1.100 manat sığorta ödənişi olduğu üçün özü əlavə olaraq heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 14 iyun 2023-cü il tarixdə, saat 17:30 radələrində özünə məxsus “Tufan M50” markalı mopedlə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon istiqamətindən üzü “Memar Əcəmi” dairəsinə doğru hərəkətdə olarkən “Rahat” marketin qarşısından keçdikdə sol tərəfdən əks istiqamətli yoldan qəfil manevr edərək qarşısına dönən “Mercedes-Benz C200” markalı, **- DM-*** dövlət qeydiyyat nişanlı avtomobil onun sol tərəfindən vuraraq onu yolun sağ kənarından səki daşının üzərinə tullamışdır. Hadisə nəticəsində hər iki ayağından və bədəninin müxtəlif nahiyələrindən xəsarət almışdır. Eyni zamanda idarə etdiyi moped yararsız vəziyyətə düşmüşdür. Hadisə yerindən onu təcili tibbi yardımla xəstəxanaya çatdırmışlar. Həkim müayinəsindən sonra o, evə buraxılmışdır. 40 gün evdə qalmağa məcbur olmuş və heç bir yerdə işləyə bilməmişdir. Hadisəni törədən sürücü Şəxs əvvəl onunla maraqlanaraq dəymiş ziyan ödəyəcəyini bildirsə də, sonradan verdiyi vədinə əməl etməmiş, ona dəymiş heç bir maddi ziyanı ödəməmiş, mopedini də düzəltdirməmişdir. Sığorta cəmi 1.100 manat ödəniş etmiş və onun 750 manatı sağlamlığına dəyən zərərə görə xərclənmişdir. Hadisədən sonra onun səhhətində problemlər yaranmış, bununla bağlı ona dəymiş zərərin əvəzi olaraq 2.000 manat pul tələb edir. Şəxs şikayətçidir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallarda olan: • “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokol, fotoşəkillər və sxemə əsasən hadisə Bakı şəhəri, Nəsimi rayonu, S.C.Pişəvəri küçəsində, “Rahat” marketin qarşısında baş vermişdir. Yolun işlək hissəsi düz, örtüyün növü asfalt-beton, örtüyün vəziyyəti quru, hərəkət zolaqlarının sayı 04, işlək hisəssinin eni 12 metrdir. İşlək hissəyə sağdan və soldan səki birləşir, hər iki hissədə yaşayış binası və “Rahat” market vardır. Həmin sahədə hərəkətin nizamlanma üsulu – nizamlanmayandır; • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 Nəsimi rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 828 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – sol baldırın, hər iki diz oynağı nahiyələrinin, sol əlin İİİ, İV və V barmağının əzilmiş-cırılmış yaraları, sol əlin ovuc səthinin və sol sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətin xarakteri və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür; • xx.xx.2021-ci il tarixli, BB seriyalı, 015672 saylı sürücülük vəsiqəsinə əsasən Şəxs “B1,B,C1,C” kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir; • BA 139670 saylı, xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes-Benz C200” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X2r və bu avtomobil xx.xx.2023-cü il tarixli etibarnamə ilə xx.xx.2024-cü il tarixədək idarə edilməsi üçün Şəxs verilib. Məhkəmə proses iştirakçılarının izahatlarını, habelə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək ona nəqliyyat vasitələrini idarə etmə hüququnun 01 (bir) il müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar