Məhkəmə qərarları › İş №3(006)-376/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-376/2024

08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-376/2024 08.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən İXP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, sürücü Şəxs xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində etibarnamə ilə idarə etdiyi “FİAT DOBLO yük” markalı ** XB *** dövlət qeydiyyal nişanlı avtomobillə Nəsimi rayonu, Ak.H.Əliyev küçəsi, Rahat marketin qarşısında yolu keçən piyada X1 yüngül bədən xəsarəti yetirilməsinə səbəb olmuş yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə, saat 00:30 radələrində etibarnamə ilə idarə etdiyi «FİAT Doblo» markalı, **-XB-*** dövlət nişanlı avtomobillə ünvan 1 ünvanın qarşısında düzünə hərəkətdə olan zaman ehtiyatsızlıqdan avtomobilin ön hissəsi ilə avtomobil yolunda qəflətən piyada keçən piyadaçıya toxunmuş, bundan sonra avtomobildən enərək həmin şəxsi avtomobilə əyləşdirib müayinə olunması üçün 1 saylı KTM-ə aparmışdır. Zərər çəkmiş şəxsin qanuni nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İXM-in 62.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir: Bakı şəhəri Nəsimi RPİ-nin növbətçi hissəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 1155 nömrəli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə 01:25-də 1 saylı KTM-dən ünvan 2 ünvanın qarşısında baş vermiş YNH-si zamanı X1 diz oynağının əzilməsi, sifətində yumşaq toxumaların əzilməsi, üst dodağının iç hissəsinin kəsilmiş yarası xəsarət alması barədə məlumat daxil olmuşdur. Araşdırma zamanı zərər çəkmiş şəxs X2 izahat verərək bildirmişdir ki, o, xx.xx.2023cü il tarixdə saat 00-30 radələrində Nəsimi rayonu H.Əliyev küçəsin 80 ünvanında yol keçən vaxt “FİAT DOBLO” markalı ** XB *** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə onu vurmuş, o, xəsarət almışdır. Daha sonra ayağa qalxmış və maşını idarə edən onu əyləşdirib 1 saylı KTM-ə müayinə olunması üçün aparmışdır. Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə, saat 00:30 radələrində etibarnamə ilə idarə etdiyi «FİAT Doblo» markalı, **-XB-*** dövlət nişanlı avtomobillə ünvan 1 ünvanın qarşısında düzünə hərəkətdə olan zaman ehtiyatsızlıqdan avtomobilin ön hissəsi ilə avtomobil yolunda qəflətən piyada keçən piyadaçıya toxunmuş, bundan sonra avtomobildən enərək həmin şəxsi avtomobilə əyləşdirib müayinə olunması üçün 1 saylı KTM-ə aparmışdır. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X3 xx.xx.2023-cü il tarixli, 1734 nömrəli rəyindən görünür ki, X1 bədənində aşkar edilmiş xəsarətlər – üst dodağın əzilmiş-cırılmış yarası, sol diz oynağı nahiyəsinin qançırı, sağ yanaq, sol yanaq və sağ diz oynağı nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, onun tibbi yardım üçün X4 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığı qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. V.R.Abbasovun bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 26 dekabr 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə toplanmış materialın Nəsimi RPİ-nin DYPŞ-si vasitəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs səmimi peşmançılığını və zərərçəkmiş şəxsin onunla barışmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsəməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar