Məhkəmə qərarları › İş №3(006)-3766/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3766/2023

13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3766/2023 13.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Bakı şəhər BPİ DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər BPİ DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində saat 11:50 radələrində idarə etdiyi **-BB-*** dövlət nömrə nişanlı “BAİC” markal avtomaşını ilə hərəkətdə olan zaman, Bakı şəhər BPİ-nin X7 İdarəsinin yol patrul xidməti inspektoru X4 avtomobilini saxlamış və ondan spirtli içki qəbul edib-etmədiyini soruşmuş, o, içki qəbul etmədiyini bildirmişdir. İnspektor ondan alkotesteri üfürməsini tələb etmiş və o, bu tələbi yerinə yetirmişdir. Alkotesteri üfürdükdən sonra ona içkili olduğunu bildirmiş və o, buna etiraz edib tibbi müayinədən keçməyi tələb etmişdir. Lakin, polis əməkdaşı ona bildirmişdir ki, tibbi müayinədən sonra sürücülük hüququ məhdudlaşdırlacaqdır. Bu yolla onun tibbi müayinədən keçmək tələbini rədd eləmiş və barəsində içkili avtomobil idarəetməyə görə protokol tərtib edəcəyini bildirmişdir. O, hadisədən 2 saat keçməmiş, yəni xx.xx.2023-cü il tarixdə saat 13:25-də Azərbaycan Respublikası Narkoloji X5 Şəxsinə müraciət etmiş və sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçmişdir. Azərbaycan Respublikası Narkoloji X5 Şəxsi tərfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2/5725 nömrəli aktla onun alkoqol sərxoşluğunun olmadığı müəyyən olunmuşdur. Hadisə vaxtı inzibati xəta barədə protokol tərtib etməyən polis inspektoru, hadisədən 2 sonra yəni xx.xx.2023cü il tarixdə onun İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə İXP ******* nömrəli protokol tərtib etmiş, daha sonra isə xx.xx.2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında TР5871851 nömrəli qərar qəbul edilmişdir. Bildirir ki, o, qeyd edilən inzibati xətanı törətməmiş, yəni sərxoş vəziyyətdə avtomobil idarə etməmişdir. Bunu təsdiq edən tibbi aktı hazırki şikayətə əlavə etmişdir. Barəsində qanunsuz şəkildə məsuliyyətə cəlb edilməyi barədə qərar qəbul edilmişdir. Onun tələb etməsinə baxmayaraq, alkotesterin qeydiyyatdan keçib-keçmədiyi, işlək olub-olmadığı barədə müvafiq sənədlər təqdim edilməmiş, tibbi müayinədən keçirilmə barədə tələbi rədd edilmişdir. Hesab edir ki, Bakı şəhər BPİ-nin X7 İdarəsinin barəsində tərtib etdiyi inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilən xx.xx.2023-cü il tarixli İnzibati tənbehvermə haqqında TP5871851 nömrəli Qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli və inzibati xəta üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında X2 şikayətinin məzmunun uyğun olaraq izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayət vermiş şəxsin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər BPİ DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X2 xx.xx.202023-cü il tarixdə saat 11:50-də Nəsimi rayonu Mərdanov qardaşları küçəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 2/5725 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, X1 alkoqol sərxoşluğu 0,00 promil və ayıq olması (saat 13:25) aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İXMnin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. X2 yol hərəkəti qaydasını pozmadığını bildirmiş, həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 2/5725 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinə aktından göründüyü kimi X1 alkoqol sərxoşluğu 0,00 promil və ayıq olması (saat 13:25) aşkar edilmişdir. Belə olan halda, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Beləliklə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapdığından xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 115, 128-130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd) manat məbləğində cərimə olunmasına dair Bakı şəhər BPİ DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar