Məhkəmə qərarları › İş №3(006)-3772/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-3772/2024

05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-3772/2024 05.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlu, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi üzrə tərtib olunmuş 12 iyun 2024-cü il tarixli, EP ******* (00100-01376/24) saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi üzrə tərtib olunmuş hazırki protokoldan əlavə icraatıma bu hüquqi şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi üzrə tərtib olunmuş 12 iyun 2024-cü il tarixli, EP ******* (00100-01352/24), EP ******* (00100-01384/24), EP ******* (00100-01350/24), EP ******* (00100-01357/24) saylı inzibati xəta haqqında protokollar da daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə görə həmin Məcəllənin 493-cü maddəsində nəzərdə tutulmuş xətaya baxılması rayon (şəhər) məhkəməsinin səlahiyyətinə aid etməsə də, Məcəllənin 18.5-ci maddəsinə görə bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmçinin, bu Məcəllənin 34.4-cü maddəsinə görə şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 7.1-ci bəndinə əsasən İnzibati Xətalar Məcəlləsinin 480-505 maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi adından Komitənin sədri, onun müavinləri, X1- İstintaq Baş İdarəsinin rəisi, onun müavinləri, ərazi və ixtisaslaşdırılmış baş gömrük idarələrinin, gömrük idarələrinin və gömrük postlarının rəisləri və onların müavinləri baxırlar. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd olunur ki, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xəta haqqında protokolun tərtib edilməsi eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə baxılmasının məhkəmənin səlahiyyətinə aid olduğu müəyyən edildikdə, inzibati xəta haqqında iş üzrə icraatı başlamış və protokol tərtib etmiş müvafiq səlahiyyətli orqan (vəzifəli şəxs) prosessual qənaət prinsipinin qorunması və işlərə qanunvericiliklə nəzərdə tutulmuş müddətlər çərçivəsində baxılmasının təmin edilməsi məqsədi ilə bir neçə inzibati xəta haqqında işi (protokolu) bir icraatda birləşdirərək məhkəməyə göndərməkdə haqlıdır. Həmçinin nəzərə alınmalıdır ki, qanunverici “barəsində inzibati icraat aparılan şəxs” ifadəsindən istifadə edərək bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda baxılmasını vurğulayır. Həmin müddəaya uyğun olaraq bir neçə inzibati xəta törətmiş şəxsə qarşı tətbiq edilən tənbehin, inzibati tənbehin ayrı-ayrı növlərinin mümkün həddindən artıq ola bilməməsi müəyyən olunmuşdur. Bu qayda inzibati xətalar qanunvericiliyinin prinsiplərinə uyğundur. Əks yanaşma şəxsə inzibati xətaya görə qanunvericilikdə müəyyən olunmuş tənbehin həddlərindən daha artıq tənbehin tətbiq olunması ilə nəticələnə bilər. Göstərilənlərdən belə aydın olur ki, müxtəlif vaxtda törətdiyi xətalara görə barəsində inzibati icraat aparılan şəxs Şəxs MMC haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən ayrı-ayrılıqda inzibati xəta haqqında protokollar tərtib edilsə də, hüquqi şəxs olduğu üçün həmin işlərə baxılması hakimin səlahiyyətinə aid olduğundan, prosessual qənaət prinsipinin qorunması və işlərə qanunvericiliklə nəzərdə tutulmuş müddətlər çərçivəsində baxılmasının təmin edilməsi məqsədi ilə bu işlər bir icraatda birləşdirilməmiş, hər bir protokol ayrı-ayrlıqda baxılması üçün məhkəməyə göndərilmişdir. Buna görə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 3(006)-2432/2024 saylı qərardadı ilə həmin protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Lakin məhkəmənin qeyd olunan qərardadında göstərilən və qanunvericiliyin tələbləri nəzərə alınmadan yenidən bu işlərin bir icraatda birləşdirilməməsi qənaətinə gəlinərək iş baxılması üçün məhkəməyə göndərilmişdir. Bu hal da yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnzibati Xətalar Məcəlləsinin 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Hesab edirəm ki, yuxarıda qeyd edilən nöqsan aradan qaldırılması üçün inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi üzrə tərtib olunmuş 12 iyun 2024-cü il tarixli, EP ******* (00100-01376/24) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar