Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3776/2022 04.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi ilə, X1 Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan əməli törətməklə təqsirli bilinərək barəsində xx.xx.2022-ci il tarixində Bakı şəhər X7 İdarəsinin Yol Patrul xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən qeyd edilən əməli törətdiyinə görə 60 manat məbləğində cərimə edilmişdir. xx.xx.2022-ci il tarixində Abbasqulu Ağa Bakıxanov küçəsi ilə hərəkətdə olarkən yolun tıxaclı olması səbəbilə yol patrul xidməti əməkdaşı tərəfindən işarə verilərək əks yola çıxıb tez sürmək əmri verilmiş və o, bu göstərişə əməl edərək əks yola çıxmış, həmin küçənin Səməd Vurğun küçəsi ilə kəsişməsinə çatdıqda dönmə nişanını yandıraraq sola Səməd Vurğun küçəsinə dönmüşdür. Bundan sonra Yol Patrul xidməti inspektoru, polis baş serjantı X3 onu dayandıraraq barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Hadisə zamanı tərəfindən X6 əməkdaşına cərimənin qanunsuz olması, tərəfindən heç bir qayda pozuntusunun baş vermədiyi, yol hərəkətinin polis əməkdaşı tərəfindən fiziki şəkildə tənzimlənməsi və onun göstərişi ilə həmin yol xətti üzrə (əks istiqamətli hərəkət zolağında) hərəkət etməyini, artıq əks yola çıxdığı üçün sola dönməyində hər hansı qadağanın olmamasını, yəni üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola dönməyi adı ilə məsuliyyətə cəlb edilməyinin qanunsuz olmasını bildirməyinə baxmayaraq, yol polisi inspektoru onun sözlərinə əhəmiyyət verməmiş və beləliklə mövcud qanunsuz qərar qəbul edilmişdir. Qərar ona rəsmi surətdə xx.xx.2022-ci il tarixdə rəsmi şəkildə verilmişdir. Protokolun qanuniliyini (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.3, 100.1.4, 100.1.6, 100.1.9 və sair bəndlərin tələblərinə tam olaraq riayət edilməmişdir), həmçinin iş üzrə sübutların olmamasını və digər halları nəzərə alaraq ədalətli qərar qəbul ediləcəyini hesab edir. Göstərilənlərə əsasən, Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayət vermiş şəxs və Bakı şəhəri DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayət vermiş şəxsin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP saylı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X2 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 60 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - altmış manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Şikayət vermiş şəxs X2 ərizəsində yolayrıcını keçmə qaydalarını pozmadığını bildirmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2022-ci il tarixli, TP saylı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir sübuta istinad edilmədiyindən, beləliklə qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində olan xx.xx.2022-ci il tarixli, TP saylı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati tənbeh vermə haqqında qanunvericiliyin tələbləri inzibati tənbeh vermə haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP saylı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP saylı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin quruma göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-3776/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3776/2022
04.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver