Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3777/2020 27.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X3 iştirakı ilə, Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, mülkiyyətində olan “Hyundai Sonata” markalı **-UL-*** dövlət nömrə nişanlı avtomobillə xx xxxxxx 2020-ci il tarixində Bakı şəhəri, Dilarə Əliyeva küçəsi ilə hərəkətdə olan zaman X2 tərəfindən idarə edilən “Hyundai Santafe” markalı **-AC-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü onun hərəkətinə maneçilik törətmiş, lakin buna baxmayaraq hərəkətini davam etdirmişdir. Dilarə Əliyevə küçəsindən Azneft dairəsinə qədər onun avtomobilinin yan və qarşı tərəfində manevrlər edərək yol hərəkətini davam etdirməyə maneçilik törətməyə davam etmiş və məcbur olaraq Azneft dairəsində xidmətdə olan Yol patrul xidmətinin əməkdaşlarına yaxınlaşaraq, sonradan adlarını bildiyi Elşən Əmirov və Pərviz Kərimlidən yaxınlaşıb kömək istəmişdir. Bu məqamda digər avtomobilin, yəni, “Hyundai Santafe” markalı **-AC-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü avtomobildən düşərək YPX əməkdaşlarının yanında onu küçə söyüşləri ilə təhqir etmiş və hədə qorxu gələrək Milli Məclisin deputatının sürücüsü olmağını bildirmişdir. Ona hədə qorxu gəldiyindən qorxduğu üçün arxasınca avtomobillə hərəkət edən bacısı X4 avtomobilinə keçib əyləşmişdir. Buna baxmayaraq Milli Məclisin deputatının sürücüsü bacısına da “barmaq yelləyərək” “Bir yerdəsiniz? sizin başınıza görün nə oyun açacam.” Bundan sonra YPX əməkdaşları 9-cu Polis bölməsindən PPX əməkdaşlarını çağırmışlar. PPX əməkdaşları hadisə yerinə gəldikdən sonra onları 9-cu Polis Bölməsinə dəvət etmişlər. 9-cu Polis Bölməsinə gəldikdən dərhal sonra onun və bacısının mobil telefonları onların iradələrinə zidd olaraq əllərindən alınmışdır. Ondan sonra, şikayət ərizəsini verərək polis bölməsindən çıxmalarını gözləmiş, lakin bölmənin polis əməkdaşları bölmənin rəisinin onları qəbula dəvət etməsini və gözləmələrini bildirmişlər. Bölməyə daxil olub bütün müddət ərzində ona öz yaxınları ilə ələqə saxlamağa imkan verməmişlər. Bacısının bu işə heç bir aidiyyatı olmadığı halda onunla bərabər 18:20yə qədər qanunsuz, əsassız olaraq polis bölməsində bağlı qapı arxasında qalıb. Hətta bacısı şahid qismində ifadə vermək istədiyi halda buna da imkan vermədilər. Yerli və beynəlxalq qanunvericiliyə zidd olaraq qanunsuz və əsassız bacısının azadlıqdan məhrum edilməsi, xüsusi ilə Azərbaycan Respublikasının qoşulduğu X8 Konvensiyasının 5-ci maddəsinin tələbləri olan Azadlıq və toxunulmazlıq hüquqları tamamilə pozulub, həmçinin Konvensiyanın 5-ci maddəsi üzrə təlimata əsasən şəxsin azad hərəkət etməsinin məhdudlaşdırılması özü özlüyündə azadlıqdan məhrum etmə sayılır. Bundan sonra polis əməkdaşı otağı tərk etdiyi zaman bacısı ağlayaraq öz mobil telefonunu götürərək 102 qaynar xəttinə zəng vurmuş və bu hadisə ilə bağlı şikayətini bildirmişdir. Hadisəni belə olduğunu görən polis əməkdaşları özləri tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolunu təqdim edərək imza etdiyi təqdirdə o zaman sərbəst buraxılmağını bildirmişlər. O, imza edərkən nə ilə bağlı imza etdiyini və polis əməkdaşları tərəfindən öz hüquqları barəsində heç bir məlumat almayaraq imzalamışdır. Səbail RPİ-nin 9-cu Polis Bölməsi tərəfindən hadisənin bütün faktiki halların arasdırılmaması, gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmaması nəticəsində o, qanunsuz və əsassız olaraq inzibati qaydada məsuliyyətə cəlb edilmiş, həmçinin bu hadisənin yaranmasında təqsirli olan şəxs X1 qanunsuz hərəkətlərinə görə o, qanunsuz və əsassız inzibati qaydada məsuliyyətə cəlb edilib bacısı birlikdə qanunsuz və əsassız Polis Bölməsi tərəfindən tutulub saxlanılmaqla mənəvi sarsıntı və iztirablara məruz qalmışdır. İnzibati qaydada onun va bacısının barəsində tutmanın tətbiq edilməsi, tutulma ilə bağlı müvafiq protokolun tərtib edilməməsi, qanunvericilikdə nəzərdə tutulmuş, yəni, İXM-nin 89.1-ci maddəsində təsbit olunan tutulma müddətindən artıq bizi Səbail RPİ-nin 9-cu Polis Bölməsi tərəfindən saxlamaları qanunsuz və əsassız olmasını göstərir. İXM-nin 510-cu maddəsinin nəyin əsasında tətbiq edilməsi, yəni xırda xulinqanlıq faktiki hallarla sübuta yetirilməyib, heç bir sübut olmadan bu maddə hansı əsasi barəmdə tətbiq edilib? Halbuki avtomobilində quraşdırılmış və həmin hadisəni qeydə almış videoregistratorun yazısı baxılmamışdır və bu hadisənin yaranmasında təqsirli olan şəxs X1 hərəkətlərinə və əməllərinə, yəni avtoxuliqanlıq, həmçinin cəmiyyət içində onu və bacısı açıq-aşkar söyüş, jest və hədə-qorxu gəlməklə təhqir etməsi Polis Bölməsi tərəfindən qüvvədə olan qanunvericiliyə uyğun, düzgün və obyektiv qiymət verilməmişdir. Mənə və bacıma X2 tərəfindən ünvanlandığı söyüşləri, jest və hədə-qorxu gəlməyi həmin hadisənin şahidləri olmuş YPX əməkdaşları Elşən Əmirov və Pərviz Kərimli təsdiq edə bilərlər. Səbail RPİ-nin 9-cu Polis Bölməsi tərəfindən onun barəsində tərtib edilmiş inzibati xəta protokola dair qəbul edilmiş müvafiq qərarın suətinin aydın olmayan səbəblərə görə ona rəsmi qaydada verilməməsi səbəbindən qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində bu şikayəti onların təqsirinə görə müddət buraxılıb yazmaq məcburiyyətində qalmışdır. Əslində o, heç bir müddət buraxmamışdır. Protokola dair qəbul edilmiş müvafiq qərarın surətinin ona rəsmi qaydada təqdim edilməsi xahişi ilə Bakı şəhəri Səbail RPİ-nin 9-cu Polis Bölməsinə dəfələrlə şifahi və yazılı müraciət etməyinə baxmayaraq həmin qərarın surətini rəsmi qaydada almamışdır və bununla əlaqədar müvafiq məhkəməyə şikayəti ilə bağlı müraciət edə bilməmişdir. Yalnız, Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin İcra məmuru tərəfindən bildiriş və icraata başlamaq haqqında qərarı alaraq o, “İnzibati tənbeh vermə haqqında” qərarı xx xxxxxx 2020-ci il tarixində icra məmurundan əldə edə bilmişdir. Göstərilənləri nəzərə alaraq, qanunsuz olaraq xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə lazımi qaydada məlumat verilsə də, həmin orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Bu Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir. İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Səbail Rayon Polis İdarəsi tərəfindən qeyd edilən inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, barəsində icraat aparılan şəxsin iştirakı təmin olunmadan və zəruri araşdırma aparılmadan işə baxılaraq qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-3777/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3777/2020
27.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver