Məhkəmə qərarları › İş №3(006)-3777/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3777/2025

16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3777/2025 16.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, X1 Baş X8i İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-16/1-88301 saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: X2 məhkəməyə şikayətlə müraciət edərək bildirmişdir ki, “Ford” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi ilə əlaqədar barəsində 3-13-16/1-88301 saylı, xx.xx.2025-ci il tarixli qərarın qanunsuz və əsassız olduğundan ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o hər zaman qanunsevər və qanunlara riayət edən vətəndaş kimi yaşamağa çalışmışdır. Əks mövqe onun əqidəsinə, xassiyyətinə ziddir. İndiyədək ona ancaq parkinqə görə cərimələr tətbiq edilmişdir. Onları da dərhal 10 faiz güzəştlə ödəmişdir. Ümumiyyətlə, son zamanlar parkinqlərə görə də pozuntuları minimum dərəcəyə endirmişdir. Təəssüflər olsun ki, X8 İdarəsi tərəfindən barəsində avtobus zolağına daxil olmaqla bağlı inzibati tənbeh vermə barədə əsassız və ədalətsiz qərar qəbul edilmişdir. Həmin qərar sonradan məhkəmə tərəfindən ləğv edilmişdir. Lakin əfsuslar olsun ki, Yol Polisi İdarəsi tərəfindən əlavə araşdırılma aparılmadan, sadəcə video görüntüyə təkrar baxış zamanı pozuntu halının olmasını müəyyən etdiklərini qeyd etməklə, formal əsaslarla barəmdə yeni qərar qəbul etmişdilər. Halbuki o bütün şikayətlərində qərarın əsassız olduğunu faktlarla göstərmiş və onlara dair izahlar vermişdir. Yeni qərarda onun əsaslarına qarşı heç bir arqument göstərilmədən barəsində yenidən cərimə Qərarı qəbul edilmişdir. Belə ki, 22 fevral 2025-ci il tarixdə qarlı buzlu qış günündə barəsində saat 21:43 radələrində avtobus zolağına daxil olmağına görə 100 manat cərimə və 2 bal sanksiyası olan inzibati tənbeh barədə qərar qəbul edilmişdir. Həmin gün bütün media boyunca avtobusların ümumiyyətlə saat 21:00-dan sonra işləməyəcəyi barədə əhali məlumatlandırılmışdır. Bu rəsmi xəbərlərdə belə elan edilmişdir. Faktiki olaraq isə avtobuslar artıq 17:00-dan sonra işləməmişlər. Qayda pozuntusu etdiyi iddia edilən yolda nişanlanma xətləri çəkilməmişdir. Daha doğrusu əvvəl çəkilmiş xətlər qara rənglə silinmişdir. Yeni xətt isə çəkilməmişdir. Qayda pozuntusu görüntüyə alınan sahə isə yolayrıcısına yaxın yerdir. Video görüntüdən də göründüyü kimi o qəsdən, kobudcasına, digər hərəkət iştirakçılarına hörmətsizcəsinə və nümayişkəranə şəkildə avtobus zolağına daxil olmamışdır. O, yolayrıcında sağa dönəcəyi ilə bağlı avtobus zolağına daxil olmuşdur. Bu zaman dönmə işığından da istifadə etmişdir. Həmin günü qar yağmışdır. Belə bir şəraitdə hər bir hərəkət iştirakçısı öz təhlükəsiz hərəkəti barədə düşünmüşdür. Ona görə də maşınların bir-birindən məsafə saxlaması normal hal hesab edilməlidir. O qayda pozuntusu etməyi barədə sms alan kimi, onun baş vermə şəraitinə baxdıqda, dərhal asan pay vasitəsilə şikayətini bildirmişdir. Lakin ona həmin şikayəti ilə bağlı hər hansı cavab verilməmişdir. 14 mart 2025-ci il tarixdə inzibati orqanın inzibati binasında şikayətini bildirdikdə, polislər ona haqlı olduğunu amma kompyuter tərəfindən tərtib edilmiş cəriməni silə bilmədiklərini və yalnız məhkəmə qərarı əsasında cərimənin silinə biləcəyini izah etmişlər. 14 mart 2025-ci il tarixdə də inzibati tənbeh barədə qərarı ona təqdim etmişlər. Barəsində tətbiq edilən maddənin dispozisiyasına baxdıqda orada “ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə” sözlərinə rast gəlinir ki, həmin hal da ona aid deyil, o “zolaqda” (əslində zolaq çəkilməmişdir-mövcud deyildi) dönmə hərəkəti etmişdir. Zolaqda davamlı hərəkətə yol verməmişdir. Ona əgər etdiyi hərəkətə görə tənbeh tətbiq edilməlidirsə o zaman qeyd edilən tənbehlərdən ən yüngülünün tətbiq edilməsi məqsədə müvafiq hesab edilməlidir. Daha doğrusu barəsində ən pis halda “xəbərdarlıq” tənbeh tədbiri tətbiq edilsə, qanunun məqsədinə nail olmuş hesab edilməlidir. Belə ki, qanun törədilmiş inzibati xətanın xarakterinə, törədilmə üsullarına və törədən şəxsin şəxsiyyətinə uyğun cəza verilməsini nəzərdə tutur. Bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Göstərilənlərə əsasən Baş X8i İdarəsi tərəfindən qəbul edilmiş 3- 13-16/1-88301 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, şikayətçi və Baş X8 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmişdir, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, şikayətçinin və Baş X8 İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Baş X8i İdarəsinin 3-13-16/1-88301 saylı, xx.xx.2025ci il tarixli qərarına əsasən X5 Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-1670/2025 saylı, 02 aprel 2025-ci il tarixli qərara əsasən X3 barəsində Baş X8i İdarəsi tərəfindən qəbul edilmiş EQ 26550194 nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilmiş və Azərbaycan Respublikası İXM-in 327.1-1-ci maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Baş X8i İdarəsinə göndərilmişdir. Göründüyü kimi, Baş X8i İdarəsinin 3-13-16/1-88301 saylı, xx.xx.2025-ci il tarixli qərarı əsassız olaraq qəbul edilmiş, inzibati orqan tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-1670/2025 saylı, 11 aprel 2025-ci il tarixli qərarında qeyd edilən xüsusatlar barədə heç bir araşdırma aparılmamışdır. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. İş materiallarından X5 tərəfindən İXM-nin 327.1-1-ci maddəsinin tələblərinin pozulduğu müəyyən edilmir. X4 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXMnin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. İnzibati xətalar məcəlləsinin məqsədi inzibati xəta hadisələrinin qarşısının alınması və şəxsləri inzibati xəta törətməkdən çəkindirmək məqsədi daşıyır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün mübahisəli qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X5 barəsində Baş X8i İdarəsinin 3-13-16/1-88301 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar