Məhkəmə qərarları › İş №3(006)-3782/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3782/2021

20.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3782/2021 20.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X1 iştirakı ilə, Korkmaz Muratın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Korkmaz Muratın Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 25 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Korkmaz Murat Bakı Apelyasiya Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 2(103)-1150/2011 saylı icra sənədində göstərilən tələbləri və icra məmurunun qanuni tələblərini icra etməmişdir. Göstərilənlərə əsasən, Korkmaz Murat Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru M.Ə.Xudaverdiyev inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 2(103)-1150/2021 saylı icra vərəqəsinə əsasən "xxxx" MMC-nin 04 sentyabr 2019-cu il tarixli, 193 saylı əmri ləğv olunmaqla, Zərərçəkmiş şəxs "xxxx" MMC-nin “Daxili nəzarət departamentinin rəhbəri” vəzifəsinə bərpa edilmiş, 04 sentyabr 2019-cu il tarixindən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı Zərərçəkmiş şəxs ödənilməlidir. Nəsimi rayon İcra Şöbəsi tərəfindən icra sənədi üzrə icraata 05 avqust 2021ci il tarixli qərarla başlanılmış və iş üzrə borclu 24.08.2021-ci il tarixdə Nəsimi rayon icra şöbəsinə ərizə ilə müraciət edərək icra sənədində göstərilən tələb "xxxx" MMC tərəfindən tam icra olunduğunu qeyd etmiş, icra işi üzrə tələbkar Zərərçəkmiş şəxs Nəsimi rayon icra şöbəsinə 27.09.2021-ci il tarixdə ərizə ilə müraciət edərək icra sənədi üzrə tələb borclu "xxxx" MMC tərəfindən tam icra olunmadığını bildirmiş, 05.10.2021-ci il tarixdə "xxxx" MMC-nin fəaliyyət göstərdiyi 8 Noyabr prospekti 25 E ünvanında yerləşən “Bakı Ağ Şəhər Ofi Mərkəzi” 10-cu mərtəbə ofisinə getmiş, ofis binasında onları "xxxx" MMC-nin insan resursları şöbəsinin müdürü X4 qarşılamışdır. Sonuncu icra sənədi barədə məlumatlı olduğunu, icra sənədində göstərilən tələbin "xxxx" MMC-nin direktoru Murat Korkmazın səlahiyyətləri daxilində olduğunu bildirmiş, bu barədə tərəflərindən müvafiq akt tərtib olunmuşdur. İcra sənədinin icrası ilə əlaqədar 16.11.2021-ci il tarixdə "xxxx" MMC-nin fəaliyyət göstərdiyi 8 Noyabr prospekti 25 E ünvanında yerləşən “Bakı Ağ Şəhər Ofi Mərkəzi” 10-cu mərtəbə yerləşən ofisinə yenidən gedilmiş, ofis binasında bizi "xxxx" MMCnin İnsan resursları şöbəsinin müdürü X.R.Məmmədov şirkətin etibarnamə üzrə nümayəndəsi X3 qarşılamış, icra sənədində göstərilən tələbin tam şəkildə icra olunduğunu bildirsələr də, tələbkar icra sənədində göstərilən tələbin təhrif olunaraq icra olunduğunu əmək müqaviləsinə əsasən vəzifə və öhdəçiliyini icra edə bilmədiyini bildirmiş, bu barədə tərəflərindən müvafiq akt tərtib edilmiş və video qeydiyyat aparılmışdır. Lakin protokol məhkəmənin icraatına daxil olduqdan sonar məlum olmuşdur ki, Korkmaz Murat tərəfindən icra sənədi tam şəkildə icra edilmişdir. Göstərilənlərə əsasən Korkmaz Muratın barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Korkmaz Muratın barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 2(103)-1150/2021 saylı icra vərəqəsindən görünür ki, "xxxx" MMC-nin 04 sentyabr 2019-cu il tarixli, 193 saylı əmri ləğv olunmaqla, Zərərçəkmiş şəxs "xxxx" MMC-nin “Daxili nəzarət departamentinin rəhbəri” vəzifəsinə bərpa edilmiş, 04 sentyabr 2019-cu il tarixindən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarına əlavə edilmiş tələbkar Zərərçəkmiş şəxs Nəsimi Rayon İcra Şöbəsinə təqdim etdiyi ərizənin surətindən görünür ki, "xxxx" MMC-nin direktoru Korkmaz Murat tərəfindən Bakı Apelyasiya Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 2(103)- 1150/2021 saylı icra vərəqəsi tam icra edilmiş, vəzifə səlahiyyətləri təmin edilmiş və vəzifə öhdəliklərinin icrasına başlamışdır. Qarşı tərəf ilə aralarında olan anlaşılmazlıq aradan qalxmışdır. İcra vərəqəsi tam icra olunduğu üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 2(103)-1150/2021 saylı icra sənədinə əsasən "xxxx" MMC-nin 04 sentyabr 2019-cu il tarixli, 193 saylı əmri ləğv olunmaqla, Zərərçəkmiş şəxs "xxxx" MMC-nin “Daxili nəzarət departamentinin rəhbəri” vəzifəsinə bərpa edilmiş, 04 sentyabr 2019-cu il tarixindən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı Zərərçəkmiş şəxs ödənilməlidir. Borclu "xxxx" MMC-nin direktoru Korkmaz Murat icra sənədini icra etməkdən yayınmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədi borclu tərəfindən icra edilmədiyindən 25 noyabr 2021-ci il tarixdə Korkmaz Murat barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Həmçinin müəyyən edilmişdir ki, borclu tərəfindən Bakı Apelyasiya Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 2(103)-1150/2021 saylı icra sənədi tam icra edilmiş, tələbkar Zərərçəkmiş şəxs "xxxx" MMC-nin “Daxili nəzarət departamentinin rəhbəri” vəzifəsinə bərpa edilmiş, borclu ilə tələbkar arasından barışıq olmuşdur. Bu fakt məhkəmə iclasında iştirak edən proses iştirakçısının izahatı, o cümlədən tələbkarın ərizəsi ilə də təsdiq edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından da göründüyü kimi hazırda sözügedən icra sənədi üzrə borclu "xxxx" MMC-nin direktoru Korkmaz Murat tərəfindən tam şəkildə icra edildiyindən həmin icra sənədinin sonuncusu tərəfindən qərəzli olaraq icra edilməməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı borclu R.İ.İbadovun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin direktoru Korkmaz Muratın əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, borcun tam ödənilməməsinə "xxxx" MMC-nin direktoru Korkmaz Muratın psixi münasibəti qərəzli olmamışdır. İcra məmuru yalnız öz subyektiv mülahizələrinə əsasən "xxxx" MMCnin direktoru Korkmaz Muratın barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin direktoru Korkmaz Muratın əməlində Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Korkmaz Muratın barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar