Məhkəmə qərarları › İş №3(006)-3792/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3792/2025

01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3792/2025 01.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2025-ci il tarixdə, səhər saat 07:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun-Bakıxanov küçələrinin kəsişməsində “BMW X5 Drive 35 D” minik makalı, **-US-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə işə gedən zaman Bakı şəhəri Nəsimi rayon DYPŞ-nin Patrul Xidməti inspektoru X3 tərəfindən saxlanılaraq, İXM-nin 342.2.2-ci maddəsi ilə cərimə olunmuşdur. O, qanunun tələbinə uyğun olaraq inspektorun saxla əmrinə riayət etmişdir. Polis əməkdaşı əvvəlcə ona yaxınlaşaraq sənədlərini istəmişdir. Sonra ona bildirmişdir ki, maşında ön və arxa hissələrdə bamper (bufer) dəyişikliyi etmiş və bunu texniki pasportda qeyd etdirməmişdir. O, polis əməkdaşına bildirmişdir ki, 10 əvvəl də ona DYP əməkdaşları yaxınlaşıb maşını saxlamışlar. Maşına baxış keçirilmiş və daha sonra isə gedə biləcəyini, eyni materialdan olduğu üçün bu dəyişiklik konstruksiya dəyişikliyi sayılmadığını və heç bir qayda pozuntusu olmaması bildirilmişdir. Bu inspektor isə başını bulayaraq ona qəti etiraz edərək bildirmişdir ki, xeyr, bamper (bufer) dəyişikliyi avadanlıq dəyişikliyi sayılır. O, polis əməkdaşı ilə danışan vaxt telefonuna SMS cərimə gəldiyini və artıq protokol tərtib olunduğunu görmüşdür. Sonra isə polis əməkdaşı ona bildirmişdir ki, avtomobil cərimə meydançasına aparılmalıdır. O, polis əməkdaşının əmrinə tabe olaraq avtomobili Yasamal RPİ-nin yaxınlığında cərimə meydançasına aparmışdır. xx.xx.2025-ci il tarixdə Nəsimi rayon DYPŞ-dən gedib İXP ******* saylı protokolu özü şəxsən imza edərək əldə etmişdir. Ümumiyyətlə, Bakı şəhəri DYP-nin rəsmi şəxslərindən olan baş inspektor, mayor Araz Əsgərlinin çıxışlarında da dəfələrlə qeyd olunur ki, bamper (bufer) dəyişdirilməsi avtomobilə əlavə avadanlıq quraşdırılması demək deyildir. Bunu digər video blogerlər və nəqliyyat ekspertləri də dəfələrlə öz çıxışlarında qeyd ediblər. Bundan əlavə, Yol-nəqliyyat eksperti Elməddin Muradlı öz çıxışında dəfələrlə qeyd edib ki, hər xırda məsələyə görə avtomobili cərimə meydançasına aparmaq olmaz. Bunun üçün İXM-nin 96-cı maddəsində göstərilən müddəalar öz əksini tapmalıdır. O, polis əməkdaşına qarşı hər hansı bir hörmətsizlik etməmiş və polis əməkdaşının bütün tələblərinə qanunsevər bir vətəndaş kimi tabe olmuşdur. Maşını 2024-cü ilin dekabr ayında Amerikadan auksionla sifariş verib almışdır. Ölkəyə gəlib çıxandan sonra əvvəlcə maşının təkərlərini dəyişmiş, sonra arxa şüşələri (padpres) qırıq olduğu üçün onları dəyişmişdir. Nəhayət, son olaraq ön və arxa bamperləri (buferləri) yararsız olduğu üçün dəyişmişdir. Çünki maşın ölkəyə gələnə qədər gömrük orqanlarında yoxlanışdan keçəndə düşürülmüş, həmin hissələr əzilib sıradan çıxmışdır. Bəzi hissələri əzib qırmışlar. Maşına əlavə dəmir metaldan yox, elə eynilə plasmas materialdan və maşının öz markasına uyğun öz bamperləri (buferləri) ilə təchiz edib quraşdırmışdır. Bu haqda mövcud qanunvericilikdə heç bir qanun pozuntusu halı qeyd edilməmişdir. Əgər elə bir halda baş versəydi və bu konstruksiya dəyişikliyi sayılsaydı, maşınını texniki baxışdan keçirən zaman normativ qaydalara uyğun gəlmədiyi üçün ona texniki baxış üçün şərait yaradılmazdı. Qeyd etdiklərinə əsasən xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Bakı şəhər X6 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Bakı şəhər X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayəti və işdə olan materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında X2 idarə etdiyi avtomobildə hər hansı konstruksiya dəyişikliyi etmədiyini bildirmişdir. Qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsi və məhkəmə iclasının vaxtı və yeri barədə üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X2 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayət əsaslıdır. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı əsaslı sübut olduğu halda, göstərilməklə X1 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Bakı şəhər X6 İdarəsinə göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar