Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3797/2024 24.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsi – Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin böyük icra məmuru X1, icra vərəqəsi üzrə tələbkar X2 nümayəndəsi X7, icra vərəqəsi üzrə borclu Şəxs MMC-nin nümayəndəsi X3 iştirakları ilə, Vəzifəli şəxs - Şəxs (bundan sonra – MMC) rəhbəri X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXMin) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin böyük icra məmuru X4, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-16(006)-291/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrası ilə əlaqədar Şəxs MMC-nin rəhbəri X10 barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin böyük icra məmuru X4 izahatında göstərdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-291/2024 saylı icra vərəqəsinə əsasən ərizəçi X2 «müvəqqəti təminat tədbirinin tətbiqinə dair» ərizəsi təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3586/2024 saylı mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək ərizəçiyə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə xidmət edən avtomobil və ya piyada yolunun yerləşdiyi torpaq sahəsinin ərazisində söküntü, qazıntı və tikinti işlərinin aparılması Şəxs MMC-yə qadağan edilmişdir. İcra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata daxil olmuş və həmin tarixdən icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə borcluya göndərilmiş, könüllü müddət ərzində məhkəmə qərarı icra edilmədiyi üçün borclu Şəxs MMC-nin rəhbəri inzibati məsuliyyət barədə xəbərdarlıq göndərilərək icra sənədinin icrasının təmin olunması tələb olunmuşdur. Şəxs MMC icra vərəqəsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş. Tələbkarın şikayəti əsasında ərazi üzrə baxış keçirilmiş və borclu və tələbkarın nümayəndəsinin iştirakı ilə akt tərtib olunmuş, pozuntular aşkarlanaraq borclunun nümayəndəsinə həmin pozuntuları aradan qaldırılmasına dair xəbərdarlıqlar olunmuşdur. Lakin borclu tərəfindən törətdikləri xəta aradan qaldırılmamışdır. Qeyd olunan icra sənədinin icra olunması üçün borclu barəsində inzibati protokol tərtib olunmuşdur. Göstərilənləri nəzərə alaraq, Şəxs MMC-nin rəhbəri - X10 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən icra vərəqəsi üzrə borclu Şəxs MMC-nin nümayəndəsi izahatında bildirdi ki, tərtib olunmuş protokol əsassızdır. Həmin ərazidə MMC tərəfindən qanuni qaydada tikinti işləri aparılır. Həmin tikinti aparılan əraziyə yaxın hissələrdə yaşayan sakinlərə digər tərəfdən yol açmışlar, həmin yoldan indi də istifadə edirlər. Ona görə də protokolun təmin olunmamasını xahiş etmişdir. Qeyd olunanlara əsasən hazırkı vəziyyətdə nümayəndəsi olduğu Şəxs rəhbərinin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən icra vərəqəsi üzrə tələbkarın nümayəndəsi X12 izahatında bildirdi ki, X9 onun həyat yoldaşıdır, artıq xeyli vaxtdır ki, Şəxs MMC-nin qeyri qanuni hərəkətlərindən əziyyət çəkirlər. Onların evlərinə gələn yol Şəxs MMC tərəfindən sökülmüş və qazılmış vəziyyətdədir. Həmin yoldan istifadə edə bilmirlər. Həmin yolun əvvəlki vəziyyətinə qaytarılmasını tələb etsələr də Şəxs MMC bunu icra etmir. Göstərilənləri nəzərə alaraq, Şəxs MMC-nin rəhbəri - barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iş üzrə icraatda iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, vəzifəli şəxs X5 hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi hallar mövcud deyil və bu səbəbdən onun barəsində inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-16(006)-291/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, ərizəçi X2 müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsi təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3586/2024 saylı mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək ərizəçi X6 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə xidmət edən avtomobil və piyada yolunun yerləşdiyi torpaq sahəsinin ərazisində söküntü, qazıntı və tikinti işlərinin aparılması Şəxs MMC-yə qadağan edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2024-cü il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxs MMC-yə icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-16(006)-291/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin nəticələri barədə xəbərdar edilmişdir. Elektron İcra Sisteminin vergi məlumatlarına dair çıxarışından görünür ki, Şəxs MMC-nin rəhbəri X8r. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin rəhbəri X5 inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməməli və ya icra məmurunun digər qanuni tələblərinin yerinə yetirməməlidir. Hazırki şəraitdə iş üzrə tərəflərin izahatları və təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki, X10 Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 16(006)-291/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasına mane olan hərəkətlərə yol verməsi öz təsdiqini tapmır. Belə ki, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs sözügedən icra sənədində göstərilən - ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə xidmət edən avtomobil və piyada yolunun yerləşdiyi torpaq sahəsinin ərazisində söküntü, qazıntı və tikinti işlərinin məhz X10 tərəfindən həyata keçirilməsinə dair hər hansı sübut təqdim etməmişdir. Belə olan təqdirdə, Şəxs MMC-nin rəhbəri X10 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti hesab oluna bilməz. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-in: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati Xətalar Məcəlləsinin prinsiplərinə dair normalar xətada təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı qərarda həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Şəxs MMC-nin rəhbəri X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinin tələbinə görə şəxsin inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə xətanın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə təfsir edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, icra sənədinin icrasına mane olan hərəkətlərin törədilməsində Şəxs MMC-nin rəhbəri X5 təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəzifəli şəxs - Şəxs MMC-nin rəhbəri X5 hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-3797/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3797/2024
24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver