Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-38/2023 13.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin nümayəndəsi X1, Şikayət vermiş şəxs X2 iştirakları ilə, X2 Bakı şəhər BPİ-nin X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər BPİ-nin X10 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2022-ci il tarixdə Nəsib Yusifbəyli və Səməd Vurğun küçələrinin kəsişməsində idarə etdiyi **-AF-*** nömrəli, “Kia Cerato” markalı avtonəqliyyat vasitəsi ilə yolayrıcını dönərkən DYP inspektoru onu saxlayaraq, onun döndüyü yola yanaşı yolun hərəkət hissəsində piyada keçidinə daxil olan piyadaya yol vermədiyini bildirmiş və bununla da İXM-nin 330.0.2-ci maddəsinə əsasən barəsində protokol tərtib etmişdir. İnspektora öz dəlil və sübutlarını, yəni piyadanın piyada keçidinə daxil olduğu yolun hərəkət hissəsinin onun avtonəqliyyat vasitəsilə döndüyü yolun hərəkət hissəsinə aid olmadığını və dönmə əməliyyatını həyata keçirərkən piyadaya maneçilik törətmədiyini bildirsə də, faydası olmamışdır. X7 Azərbaycan Respublikası Qanununun 1ci maddəsinin 7-ci hissəsinə görə yolun hərəkət hissəsi - yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsidir (yolun ayırıcı zolaq vasitəsilə dürüst müəyyən edilən və ya müxtəlif səviyyələrdə olan bir neçə hərəkət hissəsi ola bilər); X7 Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinə əsasən sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməlidir. Göstərilənlərə əsasən, Bakı şəhər BPİ-nin X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X4 ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş, nəqliyyat vasitəsilə N.Yusifbəyli küçəsi ilə hərəkətdə olan zaman S.Vurğun küçəsində 6 zolaqlı yolda piyadanın piyada keçidinin ortasında dayandığını, piyadanın hərəkətinə hər hansı bir maneçilik törətmədiyini bildirmiş, əgər belə bir hal olmuşsa bununla bağlı görüntünü təqdim etmələrini bildirərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər BPİ-nin X10 İdarəsinin nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, X4 özünün də bildirdiyi kimi xx.xx.2022-ci il tarixdə Nəsib Yusifbəyli və Səməd Vurğun küçələrinin kəsişməsində idarə etdiyi **-AF-*** nömrəli, “Kia Cerato” markalı avtonəqliyyat vasitəsi ilə yolayrıcını dönərkən onun döndüyü yola yanaşı yolun hərəkət hissəsində piyada keçidinə daxil olan piyadaya yol verməmişdir. Piyada həmin yolda üstünlük imkanına malikdir. Lakin piyadanın hərəkətində dayanma olmuş, hərəkətini davam etdirməmişdir və bununla da İXM-nin 330.0.2-ci maddəsinə əsasən barəsində protokol tərtib olunmuşdur. Hadisə X8 əməkdaşı tərəfindən vizual şəkildə aşkar olunmuşdur. Həmin əməkdaş dövlət tədbirində iştirak etdiyindən məhkəmə iclasına gələ bilməmişdir. Vətəndaş özü də ərizəsində piyadanın piyada keçidində olduğunu etiraf edir, lakin dəlili ondan ibarətdir ki, piyada yolun digər tərəfdə olmuş və o piyadanın hərəkətinə mane olmamışdır. Göstərilənlərə əsasən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayət vermiş şəxsin və Bakı şəhər BPİ-nin X10 İdarəsinin nümayəndəsinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər BPİ-nin X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 İXM-in 330.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 50 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 330.0.2-ci maddəsinə əsasən yolayrıcında sürücü sağa və ya sola dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verilməməsinə görə - əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında X4 “X7” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmadığını bildirmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərarda inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir sübuta istinad edilmədiyindən, beləliklə qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində olan xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 330.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati tənbeh vermə haqqında qanunvericiliyin tələbləri inzibati tənbeh vermə haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Həmçinin, Bakı şəhər BPİ-nin X10 İdarəsinin nümayəndəsi X3 hadisənin əməkdaşları tərəfindən vizual şəkildə aşkar olunduğunu bildirmiş, Bakı şəhər BPİ-nin X10 İdarəsinin həmin əməkdaşı məhkəmə iclasına gəlməmişdir. İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər BPİ-nin X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər BPİ-nin X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin quruma göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-38/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-38/2023
13.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver