Məhkəmə qərarları › İş №3(006)-3801/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3801/2021

20.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3801/2021 20.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1991-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dadaşov küç., ev 17V-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi üzrə tərtib olunmuş 27.11.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş protokola görə Şəxs 27.11.2021-ci il tarixdə, saat 10:40 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 May və R.Behbudov küçələrinin kəsişməsində idarə etdiyi «X2» markalı, **-UN- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən yol-patrul xidməti tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün alkoqoldan istifadə etməsi şübhə döğurduğundan tibbi müayinəyə aparılmış, lakin sürücü tibbi müayinədən keçməkdən imtina etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 27.11.2021-ci il tarixdə, saat 10:40 radələrində «X2» markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Nəsimi rayonu, 28 May və R.Behbudov küçələrinin kəsişməsində yol-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. İnspektor ona inzibati xəta törətdiyinə görə saxlanıldığını bilkdirdikdən sonra onun sərxoş olduğundan şübhələndiyini və müayinədən keçməli olduğunu demişdir. O sərxoş olmasa da, buna etiraz etməmişdir. Daha sonra ona sərxoşluğu müəyyən edən cihaza üfürməsi tələb olunmuş, o da heç bir etiraz etməmişdir. Lakin həmin inspektor onunla razılaşmayaraq sərxoş vəziyyətdə olmasının sübut olunması üçün birlikdə müayinə məntəqəsinə getmişdirlər. Müayinə məntəqəsində həkim sərxoşluğa dair müayinədən keçmək üçün xüsusi cihaza üfürməyi istəmişdir. Bu cihaza üfürmək istəyərkən həkim cihazı bir qədər geriyə çəkdiyindən və həmin hal üç dəfə təkrarlandığından qeyri-müəyyən səbəbdən həkim onunla kobud davranaraq onun müayinədən yayındığını bildirmişdir. Halbuki, onun müayinədən yayınmaq məqsədi ümumiyyətlə olmamışdır. Polis əməkdaşı da ona bu hərəkətlərinin müayinədən keçməkdən imtina etməsi kimi qəbul edildiyini söyləmiş və barəsində protokol tərtib etmişdir. Bundan sonra o, tək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X1 gedərək müayinədən keçmiş və həmin müyainə zamanı onun sərxoş olmadığı müəyyən olunmuşdur. Həmin müayinə barədə protokolu inspektora təqdim etsə də, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini etdi. Məhkəmə iş materiallarını araşdırıb və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi öz təsdiqi tapmır. Belə ki, iş materiallarına əlavə edilmiş 27.11.2021-ci il tarixli, 2/34852 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, sərxoşluq vəziyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı təmin edilməmiş, bu barədə protokolda ümumiyyətlə hər hansı qeydlər aparılmamışdır. Habelə barəsində protokol tərtib edilmiş şəxs tibbi müayinəyə göndərilərkən bu barədə müvafiq protokol tərtib edilməmiş, onun surəti barəsində icraat aparılan şəxsə verilməmiş, nə də ki, iş materiallarına əlavə olunmamışdır. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Bundan əlavə sözügedən Məcəllənin 69.2-ci və 69.3-cü maddələrinin tələblərinə görə şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Hal şahidlərinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir. İnzibati Xətalar Məcəlləsinin 69.1-ci maddəsinə görə hal şahidlərinin sayı iki nəfərdən az ola bilməz. Lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə riayət edilməmiş, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üçün əsas olan məqamlar qanunvericiliyin tələb etdiyi çərçivədə hərəkətlər edilmədən həyata keçirilmişdir ki, bu hal da özü-özlüyündə sərxoşluq halının müəyyən edilməsi prosesinin obyektiv və qərəzsiz şəkildə aparılmasını, müayinədən keçirilən şəxsin ümumiyyətlə sərxoş olubolmamasını şübhə altına alır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi hadisəsi öz təsdiqini tapmadığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar