Məhkəmə qərarları › İş №3(006)-3802/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3802/2022

15.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3802/2022 15.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyənetdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-6430/2021 saylı, 01 noyabr 2021-ci il tarixli icra sənədinə əsasən iddia tələbi təmin edilərək 1 cüt qızıl sırğa, bir ədəd qızıl üzük - əyarı 750, çəkisi 24,9 qram, 1 ədəd qızıl sep, 1 ədəd qolbaq (yolka), 1 ədəd qızıl üzük (əyar 583) – çəkisi 39,5 qram, 1 ədəd brilyant qaşlı qızıl qadın üzüyü (əyar 583) – çəkisi 5,4 qram, 1 ədəd sadə qaşlı qızıl kişi üzüyü (əyar 583) – çəkisi 4,1 qram olan zinət əşyaları, onlar mövcud olmadıqda dəyəri olan 7000 (yeddi min) manat əlavə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçı X1 verilməsi qət edilmişdir. Lakin dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən icra sənədi icra edilməmiş, icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və inzibati xəta haqqında protokolu tərtib edən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəməyə gəlməmiş, məhkəməyə gəlməmələrinin səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə hüquqi şəxsin və inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)- 6430/2021 saylı, 01 noyabr 2021-ci il tarixli icra sənədinə əsasən iddia tələbi təmin edilmiş, 1 cüt qızıl sırğa, bir ədəd qızıl üzük - əyarı 750, çəkisi 24,9 qram, 1 ədəd qızıl sep, 1 ədəd qolbaq (yolka), 1 ədəd qızıl üzük (əyar 583) – çəkisi 39,5 qram, 1 ədəd brilyant qaşlı qızıl qadın üzüyü (əyar 583) – çəkisi 5,4 qram, 1 ədəd sadə qaşlı qızıl kişi üzüyü (əyar 583) – çəkisi 4,1 qram olan zinət əşyaları, onlar mövcud olmadıqda dəyəri olan 7000 (yeddi min) manat əlavə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçı X1 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra sənədinin icrası ilə bağlı icra məmurunun hansı qanuni tələbini yerinə yetirməməsi və qərəzli olaraq yayınması məhkəmə araşdırılması zamanı müəyyən edilməmiş, bu barədə möhtəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar