Məhkəmə qərarları › İş №3(006)-3803/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3803/2023

04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3803/2023 04.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında protokolu Azərbaycan Respublikasının İqtisadiyyat tərtib etmiş: Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X2 Barəsində icraat aparılan Şəxs MMC-nin nümayəndəsi hüquqi şəxs: X4 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nizami rayonu, KEŞLƏ ŞTQ, N.Abdullayev küçəsi, ev 47; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.3-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Şəxs MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən “Elite” aptekində “Kleksan 0.4” adlı dərman vasitəsinin xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətdən fərqli qiymətə satılması faktı aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi X3 izahatında bildirdi ki, vətəndaş Şahid Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin “Çağrı Mərkəzi”nə xx.xx.2023-cü il tarixdə müraciət edərək ona xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanda yerləşən “Elite” aptekində “Kleksan 0.4” adlı dərman vasitəsinin 1 ədədinin 13,83 manata satıldığını göstərmişdir. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən 14,26 manat müəyyən edilmiş, içərisində 2 ədəd hazır şpris formasında inyeksiya üçün məhlul olan “Kleksan 0.4 ml” adlı dərman vasitəsinin (istehsalçı şirkət və ölkə - “X9”, Fransa) bir ədədinin dəyəri 7,13 manat olduğu halda, Şəxs MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən “Elite” aptekində bu dərman Şahid 13,83 manata satılmışdır. Məhkəmə iclasında barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X7 izahatında bildirdi ki, MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən “Elite” aptekində xx.xx.2023-cü il tarixdə Şahid 01 qutuda 02 ədəd hazır şpris formasında inyeksiya üçün məhlul olan “Kleksan 0.4 ml” adlı dərman vasitəsi 13,83 manata satılmışdır. Bu fakt həm aptek tərəfindən verilmiş satış çekində, həm də orada quraşdırılmış video kamera görüntüləri ilə öz təsdiqini tapır. Şahid bu faktı bilə-bilə yalandan dövlət orqanına şikayət edib guya ona 1 ədəd məhlulun satıldığını demişdir. Bundan əlavə, tərtib edilmiş protokolda qiyməti 14,26 manat müəyyən edilmiş “Kleksan 0.4” dərmanın 13,83 manata, yəni Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətdən fərqli qiymətə satıldığı göstərilib. Halbuki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 4.5-ci maddəsində göstərilir ki, dərman vasitələrinin ekspertizası, o cümlədən sadələşdirilmiş ekspertizası xidmətlərinin tarifləri və dövlət qeydiyyatına alınmış dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddi müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənir. Beləliklə aydın olur ki, bu halda “Kleksan 0.4” adlı dərman vasitəsinin Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş satış qiymətindən aşağı qiymətə satılmasında heç bir qanun pozuntusu olmamışdır. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid izahatında bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanda yerləşən “Elite” adlı aptekdən arvadının istifadəsi üçün 01 ədəd hazır şpris formasında “Kleksan 0.4” adlı dərman vasitəsini almış və bir neçə gündən sonra o, bu aptekdən ona verilmiş satış çekinə nəzər saldıqda həmin dərmanın qiymətinin 13,83 manat yazıldığını aşkar etmişdir. Lakin, bu dərmandan tez-tez aldığı üçün onun 1 ədədinin qiymətinin 7,13 manat olduğunu bilirdi. Buna görə də o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng vurub şikayət etmişdir. İş materiallarında olan:  İqtisadiyyat Nazirliyinin “Çağrı Mərkəzi” tərəfindən tərtib edilmiş müraciət vərəqəsində (№**********) qeyd olunur ki, vətəndaş Şahid Tarif (qiymət) Şurası tərəfindən pərakəndə satış qiyməti 7,13 manat müəyyən olunan “Kleksan 0.4” əmtəə nişanlı dərman vasitəsi xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanda yerləşən “Elite” adlı aptekdə (VÖEN: **********) 13,83 manata satılmışdır. O, bununla bağlı özünün istehlakçı hüquqlarının pozulduğunu iddia edərək müraciətinin araşdırılaraq qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsini xahiş edir;  xx.xx.2023-cü il tarixli, 56263 saylı satış çekinə əsasən xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanda yerləşən Şəxs MMC-yə məxsus aptekdə “Kleksan 0.4, N2 (ed)” dərman vasitəsinin 01 ədədi 13,83 manata satılmışdır;  Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Şəxs MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunur ki, vətəndaş Şahid müraciətinin araşdırılması nəticəsində Şəxs MMC-yə məxsus ünvan 3 ünvanda yerləşən “Elite” aptekdə qiyməti Tarif (qiymət) Şurası tərəfindən 14,26 manat müəyyən edilmiş “Kleksan 0.4” (istehsalçı şirkət, ölkə-X9, Fransa, farmasevtikforması-inyeksiya üçün məhlul) adlı dərman vasitəsinin 13,83 manata satılması müəyyən olunmuşdur. Bununla əlaqədar bildiririk ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 4.7-ci bəndinə əsasən dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satılması (dövlət satınalmaları zamanı və ya tibb müəssisələrinə təklif edilən topdansatış qiymətlərdən aşağı qiymətlər istisna olmaqla) qadağandır. Göstərilənlərə əsasən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.3-cü maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib edilməsi nəzərdə tutulmuşdur. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində səlahiyyətli nümayəndənin (şəxsiyyəti və səlahiyyətləri təsdiq edən sənədlərlə birlikdə) iştirakının təmin edilməsi xahiş olunur. Bundan əlavə, məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin tədqim etdiyi diskdəki olan video görüntülərə və şəkillərə baxış keçirilərkən müəyyən olunur ki, Şahid aptekdə kassanın önündə gözləyir, bu zaman aptekin işçisi ona bir qutuda 02 ədəd ampul olan “Kleksan 0.4” adlı və sair dərman vasitələrini torbaya yığaraq təqdim edir. Bu görüntülərə dair Şahid məhkəməmədə sorğu-sual edildikdə bildirdi ki, ola bilsin ki, səhv edib, o, ona təqdim edilmiş çek əsasında belə qənaətə gəlib, bilmədən belə yalnışlığa yol verib. Onun heç kimə şər atmaq niyyəti olmayıb. Barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi isə məhkəməyə vəsatət verərək şahidin bilə-bilə yalan izahat verdiyi üçün onun inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılmasını xahiş etdi. Hazırki işlə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:  Dərman vasitələrinin ekspertizası, o cümlədən sadələşdirilmiş ekspertizası xidmətlərinin tarifləri və dövlət qeydiyyatına alınmış dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddi müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənir (4.5-ci maddə);  Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (4.6-cı maddə);  Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən yuxarı qiymətlərlə satılması qadağandır (4.7-ci maddə). Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri”nin Siyahısından görünür ki, “Kleksan 0.4 ml şpris” adlı (qablaşdırma miqdarı 2, istehsalçı şirkət və ölkə - “X9”, Fransa) dərman vasitəsinin (№5032) pərakəndə satış qiyməti 14,26 manat müəyyən olunub (qüvvəyə minmə tarixi xx.xx.2016-cı il). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.3-cü maddəsi “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satışına görə inzibati məsuliyyət nəzərdə tutur. Beləliklə məhkəmədə müəyyən olunur ki, vətəndaş Şahid xx.xx.2023-cü il tarixdə Şəxs MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən “Elite” adlı aptekdə inzibati xəta haqqında protokolda göstərildiyi kimi 01 ədəd deyil, bir qutuda 02 ədəd şpris formasında inyeksiya üçün məhlul olan “Kleksan 0.4” adlı dərman vasitəsi 13,83 manata satılmışdır. Bununla bağlı məhkəmə vurğulayır ki, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən bu dərman vasitəsinin pərakəndə satış qiyməti 14,26 manat müəyyən olunduğu halda, həmin dərmanın ucuz qiymətə, yəni 13,83 manata satılması qanunvericiliyin tələblərinə uyğun İnzibati Xətalar Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dəlalət etmir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta tərkibi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda məhkəmə iclasında Şahid ona “Kleksan 0.4” adlı dərman vasitəsinin 01 ədəd şpris formasında inyeksiya üçün məhlulu 13,83 manata satıldığını və buna görə də aptek barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin “Çağrı Mərkəzi”nə şikayət etdiyini bildirsə də, baxış keçirilmiş video görüntülərdə və şəkillərdə aptekin işçisinin ona bir qutuda 02 ədəd belə məhlulun verilməsi müşahidə olunur. Göründüyü kimi, şahid xəbərdarlıq edilərək ondan iltizam alınmasına baxmayaraq, məhkəmədə bilə-bilə yalan izahat vermişdir. Bu da onun hərəkətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 530-cu maddəsinin tərkib əlamətlərinin yaranmasına dəlalət etdiyi üçün onun inzibati məsuliyyətinə cəlb edilməsi məsələsi ilə bağlı aidiyyəti materiallar baxılması üçün Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 109 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.3cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şahid İnzibati Xətalar Məcəlləsinin 530-cu maddəsi üzrə inzibati məsuliyyətinə cəlb edilməsi məsələsi ilə bağlı aidiyyəti materiallar baxılması üçün Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar