Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3805/2024 26.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs – X3, qərarından şikayət verilən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji resursları Baş Gömrük İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji resursları Baş Gömrük İdarəsinin 21 avqust 2024-cü il tarixli, 13000/01217 saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji resursları Baş Gömrük İdarəsinin 21 avqust 2024-cü il tarixli, 13000/01217 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, qeyd olunan qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X5 şikayəti onunla əsaslandırmışdır ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin 21 avqust 2024-cü il tarixli, 13000/01217 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə, inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin qırx faizi - 340 manat məbləğində inzibati cərimə edilmişdir. Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin 21 avqust 2024-cü il tarixli, 13000/01217 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən işin hallan hərtərəfli, tanı və obyektiv araşdırılmamış, sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə əsassız qərar qəbul edilmişdir. Belə ki, oğlu X9 Respublikasında yaşayır. 06 avqust 2024-cü il tarixdə oğlu Eyvaz Məmmədov ona zəng edərək bir nəfərdən ona istifadəsi üçün dəyəri 500 ABŞ dolları (850 manat) olan bir ədəd “Samsung S215G" 128 gb markalı mobil telefon göndərməsini, həmin şəxslə Bakı şəhərində görüşüb mobil telefonu götürməyi bildirdi. 07 avqust 2024-cü il tarixdə axşam saatlarında tanımadığı şəxs ona zəng edərək oğlu Eyvaz Məmmədovun ona göndərdiyi mobil telefonu ona təqdim etmək istədiyini bildirdikdən sonra həmin şəxslə Nəsimi rayonu ərazisində görüşüb, həmin mobil telefonu götürmüşdür. Həmin şəxsdən həmin mobil telefonu gömrük orqanına bəyan edib-etməməsini soruşmuş, o da mobil telefonu gömrük orqanına bəyan etdiyi bildirmişdir. Həmin mobil telefon tam qablaşdırılmış vəziyyətdə olmaqla İMEİ **********50565 və İMEİ **********450560 nömrəli kodlara malikdir. 08 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət edərək həmin mobil telefonun aktiv edilməsini xahiş etmişdir. Həmin vaxtı ona mobil telefon gömrük orqanına bəyan edilmədiyi bildirilmişdir. 09 avqust 2024-cü il tarixdə Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə ərizə ilə müraciət edərək həmin mobil telefonun gömrük orqanına bəyan edilmədiyi barədə məlumat verməklə mobil telefonu gömrük orqanına bəyan etmişdir. Lakin müraciəti üzrə araşdırma aparan Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Təhqiqat Şöbəsinin rəisi Jalə Orucova heç bir araşdırma aparmadan barəsində Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 504-cü maddəsi ilə tədbir görəcəyini bildirmişdir. Şikayətçi ona həmin mobil telefonu əldə edərkən telefonun Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilməsini bilmədiyini və həmin mobil telefondan istifadə etmədiyini bildirmişdir. X1 məhəl qoymayaraq bir daha haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsi ilə tədbir görəcəyini bildirmişdir. Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Təhqiqat Şöbəsində yuxarıda qeyd etdiyi kimi izahat versə də, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin 21 avqust 2024-cü il tarixli, 13000/01217 nömrəli inzibati tənbeh vermə haqqında qərarında guya həmin mobil telefonu Polşa Respublikasından gələn ABŞ-dan gələn oğlu tərəfindən gətirilməsi, lakin həmin telefonun gömrük orqanına bəyan edilmədiyi və mobil telefonun onun istifadəsində olması göstərilmişdir. Həmin mobil telefondan istifadə etməmişdir, mobil telefon öz istehsal qabındadır. Mobil telefonu əldə edərkən telefonun Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilməsini bilməmişdir. X8 və Enerji Resursları Baş Gömrük İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən işin halları hərtərəfli, tam və obyektiv araşdırılmamış, sübutlar düzgün qiymətləndirilməmiş, qərarda iş üzrə izahatı təhrif edilmişdir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji resursları Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 21 avqust 2024-cü il tarixli, 13000/01217 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X5 şikayətdə qeyd etdiyi məzmunda çıxış edərək, şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji resursları Baş Gömrük İdarəsinin nümayəndəsi X4 xx.xx.2024-cü il tarixdə X5 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji resursları Baş Gömrük İdarəsinə müraciət edərək, İMEİ **********50565 və İMEİ **********450560 nömrəli kodlara malik dəyəri 500 dollar (850 manat) olan 1 ədəd “Samsung S215G” 128 gb markalı mobil telefonun ona Polşa Respublikasından ABŞ-dan gələn oğlu tərəfindən gətirildiyi, lakin həmin telefonun gömrük orqanına bəyan edilmədiyi və mobil telefonun özünün istifadəsində olduğunu bildirmişdir. Qeyd edilən mobil telefon ölkə ərazisinə gətirilərkən hər hansı gömrük rəsmiləşdirilməsi yaxud bəyanetmə prosesi aparılmamışdır. Nəticədə, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə, inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 40 faizi – 340 manat miqdarında cərimə tənbeh növü tətbiq edilmişdir. Qeyd olunanlara əsasən, şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji resursları Baş Gömrük İdarəsinin 21 avqust 2024-cü il tarixli, 13000/01217 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın obyekti olan malların dəyərinin 40 faizi miqdarında, yəni 340 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 504-cü maddəsinə əsasən, malların və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilməsini bilə-bilə həmin malların digər şəxslər tərəfindən əldə edilməsinə, daşınmasına, saxlanmasına, onlardan istifadə edilməsinə və ya onlar üzərində sərəncam verilməsinə görə, inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda X5 qeyd olunan mobil telefon ölkə ərazisinə gətirilərkən onun tərəfindən hər hansı gömrük rəsmiləşdirilməsi yaxud bəyanetmə prosesi aparılmamış, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-in 504-cü maddəsi ilə təqsirli bilinmiş və inzibati xətanın bilavasitə obyekti olmuş malın 40 faizi məbləğində – 340 manat miqdarında barəsində cərimə tətbiq edilmişdir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji resursları Baş Gömrük İdarəsinin 21 avqust 2024-cü il tarixli, 13000/01217 saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X5 barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji resursları Baş Gömrük İdarəsinin 21 avqust 2024-cü il tarixli, 13000/01217 saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə maddənin dizpozisiyasına əsasən şikayətçi tərəfindən bilə-bilə həmin malın əldə edilməsi, daşınması, saxlanması, onlardan istifadə edilməsi və ya onlar üzərində sərəncam verilməsi kimi bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji resursları Baş Gömrük İdarəsinin 21 avqust 2024-cü il tarixli, 13000/01217 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X5 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji resursları Baş Gömrük İdarəsinin 21 avqust 2024-cü il tarixli, 13000/01217 saylı qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-3805/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3805/2024
26.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver