Məhkəmə qərarları › İş №3(006)-3806/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3806/2022

03.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3806/2022 03.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Şikayət vermiş şəxs: X3 iştirakları ilə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi tərəfindən qəbul edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X5 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobillə 26 fevral 2022-ci il tarixdə, saat 10:00-10:30 radələrində Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi ilə hərəkət edərkən qarşıdakı Nəcəf bəy Vəzirov küçəsinin kəsişməsində Antonin Prokesin idarə etdiyi “Skoda Kodiaq” markalı, 055D004 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisənin baş verməsinə səbəb kimi Nəcəf bəy Vəzirov küçəsi ilə yüksək sürətlə hərəkətdə olan Antonin Prokesin idarə etdiyi avtomobilin onun idarə etdiyi avtomobil ilə toqquşması olmuşdur. O, qəza zamanı “Skoda Kodiaq” markalı avtomobilin sürücüsünün mobil telefonu ilə danışaraq avtomobildən düşdüyünün şahidi olmuşdur. Bu hərəkəti ilə onda Antonin Prokesin avtomobili idarə edərkən içkili olması ehtimalını yaratmışdır. O, hadisədən təxminən 05 dəqiqə sonra “102” xidmətinə məlumat vermişdir. O, hərəkətdə olduğu Mərdanov Qardaşları küçəsi ilə Nəcəf bəy Vəzirov küçəsinin kəsişməsində quraşdırılmış işıqforun işləməməsini nəzərə alsaq (işıqfor hal-hazırda da işləmir), quraşdırılmış digər “Stop” nişanına əməl etməklə yol ayrıcını keçmişdir. Mərdanov Qardaşları küçəsinin eni təxminən 08 metr, Nəcəf bəy Vəzirov küçəsinin isə təxminən 06 metrdir. Maraqlı məqam ondan ibarətdir ki, o, idarə etdiyi avtomobillə həmin kəsişmənin 4,5 metrliyində olarkən yol nəqliyyat hadisəsi baş vermişdir. X7 avtomobilini yüksək sürətlə idarə etməsi birbaşa qəzanın qaçılmaz olaraq baş verməsinə səbəb kimi dəyərləndirilməmişdir. Bundan başqa, Mərdanov Qardaşları küçəsi boyunca Bakı Tikiş Evinin inzibati binası yerləşməkdədir. İnzibati bina məhz Mərdanov Qardaşları küçəsi ilə Nəcəf bəy Vəzirov küçəsinin kəsişməsinə qədər uzanır. Belə ki, inzibati binanın hərəkətdə olduğu küçənin yol ayrıcına qədər uzanması Nəcəf bəy Vəzirov küçəsi ilə hərəkət edən avtomobilləri görmək imkanını məhdudlaşdırır. Bu isə bir mənalı olaraq Nəcəf bəy Vəzirov küçəsi ilə hərəkət edən bütün avtomobillərə sürət həddini aşmamağa, yol hərəkəti qaydalarını pozmamağa işarədir. Hətta onda Antonin Prokesin avtomobilinin onun idarə etdiyi avtomobilə bilərəkdən çırpılması şübhəsi yaranmışdır. “102” xidmətinə məlumat verdikdən təxminən 20-30 dəqiqə sonra polis əmakdaşı hadisə yerinə gəlmişdir. Həmin polis əməkdaşına o, Antonin Prokesin içkili olub-olmamasını müəyyən etməsini tələb etdikdə, polis əməkdaşı alkotesterlə yoxlamaq əvəzinə, hətta özü ilə aparmalı olduğu halda, hadisə yerinə gəlmiş sığorta şirkətinin əməkdaşı ilə onları Sərxoşların Ayıltma və Mübarizə Məntəqəsinə göndərmişdir. Həmin məntəqənin həkimi isə heç bir laborator müayinə etmədən onların içkili olmadıqlarına dair rəy vermişdir. Rəşad Süleymanov inzibati xəta haqqında protokol tərtib edərək onu İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilməsi qanunsuz və əsassızdır. Yuxarıda göstərilmiş işin halları və xüsusatları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində araşdırılmış və məhkəmənin qərarı ilə inzibati qərar ləğv edilmiş, yenidən obyektiv, hərtərəfli, tam araşdırılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin baş inspektoru Tural İsmayılov isə heç bir araşdırma aparmadan, yalnız sənəd üzrə ləğv edilmiş inzibati qərarı heç bir sübut və dəlillərə əsaslanmadan yenidən köçürüb qərar vermişdir. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin inzibati tənbeh vermə haqqında tarixsiz, TP ******* saylı qərarında göstərilir ki, o, “STOP” yol nişanını tələbini pozmuşdur. Bu yalandır, həmin ərazidə kameralar var və bununla yanaşı işiqfor da mövcuddur. Qeyd olunanları nəzərə alaraq barəsində əsassız qəbul edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş X5 şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola əsasən X5 həmin tarixdə, saat 10:00-10:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi ilə N.Vəzirov küçəsinin kəsişməsində idarə etdiyi “Toyota Prius” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol ayrıcını keçmə qaydalarını pozaraq İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; - Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi tərəfindən qəbul edilmiş 26 fevral 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X1 Xətalar Məcəlləsinin 327.2-ci maddəsi üzrə təqsirli bilinib 60 manat məbləğində cərimə edilmişdir; - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 3(006)- 2529/2022 saylı qərarına əsasən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi tərəfindən qəbul edilmiş 26 fevral 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş baxılması üçün həmin quruma göndərilmişdir; - Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi tərəfindən qəbul edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X1 Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: - Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir (5.2-ci maddə); - İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48-ci maddəsi); - İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (6.2ci maddə); - İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun (61.3-cü maddə); - İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); - İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası (115.1-ci maddə). Beləliklə məhkəmədə müəyyən edilir ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi tərəfindən hazırkı inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, işin bütün halları tədqiq edilmədən, zəruri araşdırma aparılmadan, barəsində icraat aparılan şəxsin təqsirliliyinə dair hər hansı görüntü və ya başqa bir təkzibedilməz dəlil olmadan, habelə mövcud olan məhkəmə qərarında göstərilmiş işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək prosessual pozuntular aradan qaldırılmadan işə baxılaraq inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi tərəfindən qəbul edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi tərəfindən qəbul edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydaada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar