Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3806/2024 13.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi - Nümayəndə1, Şikayət vermiş şəxs X2 nümayəndəsi və vəkili - Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 iştirakları ilə X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin 21 avqust 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin 21 avqust 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli "İnzibati xəta haqqında" Protokola əsasən başlanmış iş üzrə xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarı ilə "xxxx" MMC-nin idarə heyətinin sədri X3 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi ilə bağlı 3000.0 (üç min) manat inzibati cərimə məbləği tənbeh növü tətbiq edilmişdir. İnzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş qərar tamamilə qanunsuz və əsassız olduğundan X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, protokol tərtib edilərkən iş üzrə icraat qanunvericiliyin tələblərinə tam riayət olunmaqla aparılmamış, inzibati xəta haqqında protokolda inzibati xəta hadisəsinin baş vermə vaxtı göstərilməmiş, iş üzrə bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi tədbirlər görülməmiş, yalnız Daxili İşlər Nazirliyindən daxil olan məlumatlar əsas götürülməklə protokol tərtib edilmişdir. İşğaldan azad olunmuş ərazilərdə icra etdiləri dövlət əhəmiyyətli və Ölkə rəhbərliyinin birbaşa nəzarəti altında olan Ağdam yaşayış kompleksi, Şuşa məscidi, Ağdam İmarət, Ağdam stadionu, Ağdam Resort, Laçın, Daşaltı, Suqovuşan və Hadrut məscidi layihələri, Daşaltı kəndi layihəsi, Füzuli Xüsusi nümayəndəlik, Şuşa yaşayış, Şuşa bank və digər layihələri icra olunmaqdadır. Dövlət əhəmiyyətli layihələr ilə əlaqədar daim işğaldan azad olunmuş ərazilərə səfərlərin edilməsi zərurəti vardır. Birbaşa tikinti fəaliyyəti göstərmədikləri nəzərə alınaraq layihələri icra edən onlarla subpodratçılar üçün işğaldan azad edilmiş ərazilərə iş icazəsini verən qurumla əlaqə saxlanılmış və bu zaman müvafiq qurum tərəfindən bildirilmişdir ki, cəmiyyətin layihələri üzrə xidmət göstərən subpodratçıların əməkdaşlarına işğaldan azad edilmiş ərazilərə iş icazəsinin alınması ilə bağlı cəmiyyətin adından müraciət edilməsi zəruridir. Bu tələb isə ərazidə baş verə biləcək hadisələrə vaxtında reaksiyanın verilməsi və nəzarətin təmin edilməsi ilə bağlı operativ şəkildə icazə üçün müraciət edən hüquqi və ya fiziki şəxsin aşkarlanması ilə əlaqədardır. Tikinti prosesin dayanmaması və subpodratçılarla dövlət müəssisəsinin münasibətlərinin tənzimlənməsi, o cümlədən icazə verən müvafiq qurumların iş yükünün artmaması xahişi nəzərə alınaraq subpodratçılarla icazə verən qurum arasında vasitəçilik etməyə dəstək olmuşlar. Beləliklə, subpodratçılardan hansı şəxslərin azad olunmuş ərazilərə daxil olmasının zəruri olması barədə cədvəl formasında məlumat daxil olur və bu məlumatlar toplanaraq icazə verən quruma icazələrin aktivləşdirilməsi üçün təqdim edilir. Həmin cədvəldə subpodratçıların əməkdaşlarının şəxsiyyət vəsiqəsi məlumatları və hansı subpodratçının əməkdaşı olması barədə məlumatlar əks etdirilir. Bu məlumatların dəqiqliyi sadəcə subpodratçılara məlumdur və cəmiyyət olaraq onların doğruluğuna heç bir məsuliyyət daşımadan sadəcə icazə verən quruma təqdim edilməsində vasitəçilik rolu oynayırlar. Həmin cədvəldə subpodratçının, onun əməkdaşlarının adı və digər məlumatlar əks olunmaqla həmin əməkdaşların cəmiyyələ heç bir əlaqəsinin olmadığı və müvafiq subpodratçının əməkdaşı olması qeyd edilir. ƏƏSMN-dən isə bildirilir ki guya həmin şəxslər cəmiyyətin əməkdaşıdır və əmək müqaviləsi olmadan işlədilərək işğaldan azad edilmiş ərazilərə göndərilmişdir. Dəfələrlə məktublarla bildirərək və şifahi danışıqlar, onlayn görüşlər zamanı bildirilmişdir ki, həmin şəxslər cəmiyyətin əməkdaşı deyil və sadəcə subpodratçılarla müvafiq qurum arasında vasitəçilik funksiyasını icra etmişlər. Həmin şəxslərlə əmək müqaviləsinin bağlanmamasına görə heç bir halda məsuliyyət daşımırlar və müvafiq subpodratçıların adları da siyahılarda təqdim edilmiş, həmin mənbələrə əsasən işəgötürən olaraq həmin subpodratçıların çıxış etməsi aydındır və barələrində müvafiq tədbir görmək aidiyyatı qurumların səlahiyyətindədir. Müvafiq icazə verən qurum ilə görüşdə edilən təkliflərin bir qismi qəbul edilməklə DİN icazələr portalı ilə ƏƏSMN-nin əmək müqaviləsi olan şəxslərin reyestrinin birləşdirilməsi icra edilmiş və problem az da olsa həll edilmişdir. Lakin hələ də bəzi səbəblərdən texniki səhvlər nəticəsində əmək bildirişi olan şəxslərin əmək müqaviləsinin olmaması şəklində, həmçinin qonaq qismində icazə alınan şəxslər üçün əmək müqaviləsi tələb edilməsi hallarına rast gəlinir. Bu problemlərdən əlavə cəmiyyət olaraq bu prosesdə vasitəçi olmaq istəmədiklərini və icazələr üçün təqdim edilən siyahılarda müvafiq subpodratçının məsuliyyətə cəlb edilməsini ƏƏSMN-dən tələb etsələr də, buna uyğun cavab və reaksiya ala, məsuliyyətin fərdiləşdirilməsinə nail ola bilmirlər. X8 barəsində olan xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol heç bir sübuta istinad edilmədən tərtib edilmiş, protokol tərtib edilərkən səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Protokol düzgün tərtib edilməmiş hansı bir sübut əlavə edilməmiş material isə natamam olmaqla işə məhkəmədə baxılarkən tamamlamaq mümkün deyildir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında protokol tərtib edilməmişdən öncə, icraatın başlanmasına səbəb və əsaslar müəyyən edilməmiş, icraatın başlanmasına səbəb olan hallar müvafiq rəsmi və ya prosessual sənədlərdə öz əksini tapmamış, həmçinin inzibati xəta haqqında protokol buna səlahiyyəti olan şəxs tərəfindən deyil, səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edilmişdir. Ona görə də protokol əsasında başlanmış icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş X2 nümayəndəsi və vəkili Nümayəndə2 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi Nümayəndə1 izahatında göstərdi ki, vətəndaşlar X10, X4, X5 və X9 xx.xx.2024-cü il tarixindən hazırki dövrədək Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdirlər. Nəticədə, X8 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə, şikayət vermiş şəxsin və qərarından şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsinin izahatlarını, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin 21 avqust 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün həmin İdarəyə göndərilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X6 tərəfindən qəbul edilmiş 21 avqust 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, "xxxx" MMC-nin idarə heyətinin sədri X8 tərəfindən vətəndaşlar X10, X4, X5 və X9 xx.xx.2024-cü il tarixindən hazırki dövrədək Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə, X8 Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinərək ona 3000 (üç min) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən qəbul edilmiş 21 avqust 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X10, X4, X5 və X9 xx.xx.2024-cü il tarixindən hazırki dövrədək Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə "xxxx" MMC-nin idarə heyətinin sədri X1 Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə təqsirli bilinərək 3.000 manat məbləğində cərimə edilsə də, X11 Xidməti tərəfindən aparılan inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələblərinə tam riayət olunmaqla aparılmamış, iş üzrə bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi tədbirlər görülməmiş, o cümlədən qərarda adları qeyd olunan şəxslərlə həmin şirkət arasında hər-hansı bir əmək münasibətlərinin yaranıb-yaranmaması dəqiqləşdirilməmiş, onların izahatları alınmamış, faktla bağlı zəruri araşdırmanın aparıldığını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bununla da şəxsin təqsirliyini sübut edən kifayət qədər dəlil toplanılmayaraq X11 Xidməti tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. Beləliklə aydın olur ki, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Bu isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X8 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən qəbul edilmiş 21 avqust 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən qəbul olunmuş 21 avqust 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin orqana göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-3806/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3806/2024
13.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver