Məhkəmə qərarları › İş №3(006)-3807/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3807/2024

25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3807/2024 25.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, qərardan şikayət verən şəxs Topçibaşev Nəriman Fikrət oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan Topçibaşev Nəriman Fikrət oğlunun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şikayətçi Topçibaşev Nəriman Fikrət oğlunun nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarı ilə "xxxx" MMC-nin direktoru Topçibaşev Nəriman Fikrət oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi ilə bağlı 3000 (üç min) manat inzibati cərimə məbləği tənbeh növü tətbiq edilmişdir. Hesab edir ki, inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş qərar tamamilə qanunsuz və əsassız olduğundan Topçibaşev Nəriman Fikrət oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, protokol tərtib edilərkən iş üzrə icraat qanunvericiliyin tələblərinə tam riayət olunmaqla aparılmamış, inzibati xəta haqqında protokolda inzibati xəta hadisəsinin baş vermə vaxtı göstərilməmiş, iş üzrə bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçun lazımi tədbirlər görülməmiş, yalnız Daxili İşlər Nazirliyindən daxil olan məlumatlar əsas götürülməklə protokol tərtib edilmişdir. İşğaldan azad olunmuş ərazilərdə icra etdikləri dövlət əhəmiyyətli və ölkə rəhbərliyinin birbaşa nəzarəti altında olan Ağdam yaşayış kompleksi, Şuşa məscidi, “Ağdam İmarət”, “Ağdam stadionu”, “Ağdam Resort”, Laçın, Daşaltı, Suqovuşan və Hadrut məscidi layihələri, Daşaltı kəndi layihəsi, Füzuli Xüsusi nümayəndəlik, Şuşa yaşayış, Şuşa bank və digər layihələr icra olunmaqdadır. Dövlət əhəmiyyətli layihələr ilə əlaqədar daim işğaldan azad olunmuş ərazilərə səfərlərin edilməsi zərurəti vardır. Birbaşa tikinti fəaliyyəti göstərmədikləri nəzərə alınaraq layihələri icra edən onlarla subpodratçılar üçün işğaldan azad edilmiş ərazilərə iş icazəsini verən qurumla əlaqə saxlanılmış və bu zaman müvafiq qurum tərəfindən bildirilmişdir ki, Cəmiyyətin layihələri üzrə xidmət göstərən subpodratçıların əməkdaşlarına işğaldan azad edilmiş ərazilərə iş icazəsinin alınması ilə bağlı Cəmiyyətin adından müraciət edilməsi zəruridir. Bu tələb isə ərazidə baş verə biləcək hadisələrə vaxtında reaksiyanın verilməsi və nəzarətin təmin edilməsi ilə bağlı operativ şəkildə icazə üçün müraciət edən hüquqi və ya fiziki şəxsin aşkarlanması ilə əlaqədardır. Tikinti prosesin dayanmaması və subpodratçılarla dövlət müəssisəsinin münasibətlərinin tənzimlənməsi, o cümlədən icazə verən müvafiq qurumların iş yükünün artmaması xahişi nəzərə alınaraq subpodratçılarla icazə verən qurum arasında vasitəçilik etməyə dəstək olduq. Beləliklə, subpodratçılardan bizə hansı şəxslərin azad olunmuş ərazilərə daxil olmasının zəruri-olması barədə cədvəl formasında məlumat daxil olur və bu məlumatlar toplanaraq icazə verən quruma icazələrin aktivləşdirilməsi üçün təqdim edilir. Həmin cədvəldə subpodratçıların əməkdaşlarının şəxsiyyət vəsiqəsi məlumatları və hansı subpodratçının əməkdaşı olması barədə məlumatlar əks etdirilir. Bu məlumatların dəqiqliyi sadəcə subpodratçılara məlumdur və Cəmiyyət olaraq onların doğruluğuna heç bir məsuliyyət daşımadan sadəcə icazə verən qurama təqdim edilməsində vasitəçilik rolu oynayır. Həmin cədvəldə subpodratçının, onun əməkdaşlarının adı və digər məlumatlar əks olunmaqla həmin əməkdaşların Cəmiyyətimizlə heç bir əlaqəsinin olmadığı və müvafiq subpodratçının əməkdaşı olması qeyd edilir. ƏƏSMN-dən isə bildirilir ki, guya həmin şəxslər Cəmiyyətin əməkdaşıdır və əmək müqaviləsi olmadan işlədilərək işğaldan azad edilmiş ərazilərə göndərilmişdir. Dəfələrlə məktublarla bildirərək və şifahi danışıqlar, onlayn görüşlər zamanı bildirilmişdir ki, həmin şəxslər Cəmiyyətin əməkdaşı deyil və sadəcə subpodratçılarla müvafiq qurum arasında vasitəçilik funksiyasını icra etmişlər. Həmin şəxslərlə əmək müqaviləsinin bağlanmamasına görə heç bir halda məsuliyyət daşımırlar və müvafiq subpodratçıların adları da siyahılarda təqdim edilmiş, həmin mənbələrə əsasən işəgötürən olaraq həmin subpodratçıların çıxış etməsi aydındır və barələrində müvafiq tədbir görmək aidiyyatı qurumların səlahiyyətindədir. Müvafiq icazə verən qurum ilə görüşlərində etdikləri təkliflərin bir qismi qəbul edilməklə DİN icazələr portalı ilə ƏƏSMN-nin əmək müqaviləsi olan şəxslərin reyestrinin birləşdirilməsi icra edilmiş və problem az da olsa həll edilmişdir. Lakin hələ də bəzi səbəblərdən texniki səhvlər nəticəsində əmək bildirişi olan şəxslərin əmək müqaviləsinin olmaması şəklində, həmçinin qonaq qismində icazə alınan şəxslər üçün əmək müqaviləsi tələb edilməsi hallarına rast gəlirlər. Bu problemlərdən əlavə Cəmiyyət olaraq bu prosesdə vasitəçi olmaq istəmədikləri və icazələr üçün təqdim edilən siyahılarda müvafiq subpodratçının məsuliyyətə cəlb edilməsini ƏƏSMN-dən tələb etsələr də, buna uyğun cavab və reaksiya ala, məsuliyyətin fərdiləşdirilməsinə nail ola bilmirlər. DİN, ƏƏSMN və Qarabağ iqtisadi rayonundakı Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi arasında olan kommunikasiya problemlərindən qaynaqlanaraq belə problem yaranmış və əsassız yerə cərimə olunmuşlar. Bundan əlavə bildirir ki, Topçibaşev Nəriman Fikrət oğlu barəsində inzibati xəta haqqında protokol heç bir sübuta istinad edilmədən tərtib edilmiş, protokol tərtib edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Həmçinin, onu bildirir ki, protokol düzgün tərtib edilməmiş və ona hər hansı bir sübut əlavə edilməmiş material isə natamam olmaqla işə məhkəmədə baxılarkən tamamlamaq mümkün deyildir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında protokol tərtib edilməmişdən öncə, icraatın başlanmasına səbəb və əsaslar müəyyən edilməmiş, icraatın başlanmasına səbəb olan hallar müvafiq rəsmi və ya prosessual sənədlərdə öz əksini tapmamış, həmçinin inzibati xəta haqqında protokol buna səlahiyyəti olan şəxs tərəfindən deyil, səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edilmişdir. Ona görə də protokol əsasında başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 99-cu maddəsinin məzmununa görə inzibati xəta haqqında protokol tərtib edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanmış hesab edilir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün müvafiq səbəb və əsas olmalıdır. Həmin Məcəlləyə görə inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb kimi inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi, dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması, fiziki və hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar ola bilər. Məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Azərbaycan Respublikası İXM-nin 101-ci maddəsinin məzmununa görə isə inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqın iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə araşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati araşdırma aparıldığı hallarda isə protokol 102.5-ci maddədə göstərilən müddətlərdə tərtib edilir. Qeyd olunan normalardan göründüyü kimi inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında protokol tərtib edilməmişdən öncə, icraatın başlanmasının səbəb və əsasları müəyyən edilməli, icraatın başlanmasına səbəb olan hallar müvafiq rəsmi və ya prosessual sənədlərdə öz əksini tapmalı, həmçinin icraata başlamaq haqqında protokol buna səlahiyyəti olan şəxs tərəfindən tərtib edilməlidir. Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Sadalanan qanun normalarının tələbinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildiyi vaxt dərhal barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə inzibati xəta haqqında protokol tərtib edilməli, şəxsə İXM-in 61-ci maddəsində nəzərdə tutulan hüquqları izah edilməli, tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxsə verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığı, inzibati xəta tərkibi olmadığı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göründüyü kimi, inzibati araşdırma aparan idarə tərəfindən düzgün araşdırma aparılmamış, heç bir inzibati hüquq pozuntusu olmamasına baxmayaraq Topçibaşev Nəriman Fikrət oğlu barəsində inzibati xəta haqqında protokol tərtib üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. X5 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında Qərarın ləğv edilməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi Topçibaşev Nəriman Fikrət oğlunun nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə lazımi qaydada məlumat verilsə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Topçibaşev Nəriman Fikrət oğlu tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində 3000 (üç min) manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, Topçibaşev Nəriman Fikrət oğlu tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X4, X8, X6, X1 və X3 xx.xx.2024-cü il tarixdən inzibati tənbeh vermə haqqında qərarın qəbul edildiyi tarixədək işə cəlb edilməsi ilə bağlı qaydaların pozulmasına səbəb ola biləcək hallar sübuta yetirilməmiş, həmçinin X5 Xidməti Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş məlumat əsasında yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin altsisteminə baxış keçirməklə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, yəni "xxxx" MMC tərəfindən icazəsi istənilən məlumatda adları qeyd edilən şəxslərin həqiqətən işğaldan azad edilmiş qeyd edilən rayonlara gedib-getməmələrini, həmin rayonlara getmişlərsə, hüquqi şəxs tərəfindən orada əməyə cəlb olunub-olunmamalarını araşdırmamışdır. Beləliklə müəyyən edilir ki, inzibati xəta haqqında qərar qanunverciliklə müyyən edilmiş qaydada tam, hərtərəfli araşdırılmadan tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə İXM-nin 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsinə görə dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Hüquq nəzəriyyəsinə görə hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik vəzifəli şəxs dedikdə, hüquqi şəxsin nizamnaməsinə (əsasnaməsinə, yaxud əmək müqaviləsinə) uyğun olaraq hüquqi şəxs üçün hüquq və vəzifələr yaradan qərarlar qəbul etmək, təşkilati-sərəncamverici və inzibati-təsərrüfat məzmunlu digər hərəkətlər etmək, məsələn hüquqi şəxsin adından müqavilə bağlamaq, işçini işə qəbul etmək və işdən azad etmək, hüquqi şəxsin əmlakına sərəncam vermək və s. səlahiyyəti olan vəzifəli şəxslər başa düşülür. Hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik vəzifəli şəxs dedikdə onun fəaliyyətinə bütövlükdə və ya onun fəaliyyətinin ayrı-ayrı istiqamətlərinə və sahələrinə nəzarət etmək səlahiyyəti olan vəzifəli şəxslər başa düşülür. Hüquqi şəxsin eyni vəzifəli şəxsi bəzən sadalanan səlahiyyətlərin birinə, ikisinə və ya bir neçəsinə eyni anda malik ola bilər. Həmin Məcəllənin 18-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.3-cü maddəyə görə hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Hüquq nəzəriyyəsinə görə “hüquqi şəxsin törətdiyi inzibati xəta”, “hüquqi şəxsin əməlində inzibati xəta tərkibi” deyildikdə, yalnız hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün fəaliyyət göstərmiş konkret fiziki şəxslərin inzibati xəta törətməsindən, onların əməlində inzibati xəta tərkibinin əlamətlərinin olmasından söhbət gedə bilər. İnzibati xətalar qanunvericiliyinin məzmunundan da görünür ki, hüquqi şəxslər barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi istisnasız olaraq konkret fiziki şəxslərin törətdiyi inizbati xətalarla əlaqələndirilmişdir. Belə ki, bu əlaqə onunla xarakterizə olunur ki, həmin xəta hüquqi şəxsin xeyrinə və onun maraqlarının qorunması üçün törədilmiş olmalıdır. İnzibati xətanın hüquqi şəxsin xeyrinə törədilməsi dedikdə, həmin əməllə hüquqi şəxsə fayda gətirmək, onun maddi öhdəliklərini azaltmaq, onun maddi durumunu başqa formada yaxşılaşdırmaq məqsədilə törədilməsi kimi başa düşülür. İnzibati xətanın hüquqi şəxsin maraqlarının qorunması üçün törədilməsi dedikdə isə, inzibati xəta əməlinin hüquqi şəxsin müxtəlif xarakterli mənafelərənin müdafiəsi və təmin olunması məqsədilə törədilmiş olması başa düşülür. Bu cür maraqlar hüquqi şəxsin nəzarət orqanlarının yoxlamalardan kənarda qalmasını təmin etmədə və sair hərəkətlərdə ifadə oluna bilər. Beləliklə qanunvericiliyə görə hüquqi şəxsə tənbeh tədbirinin tətbiq edilməsinə əsas ola bilən fiziki şəxslərin konkret dairəsi müəyyən edilmişdir. Yalnız hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxslər; o cümlədən həmin vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisinin törətdiyi inzibati xətaya görə hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə qeyd edir ki, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranması üçün tərəflər arasında əmək münasibətləri mövcud olmalı, yəni işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmalı, həmçinin bu hallar əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həyata keçirilməlidir. Hazırki iş üzrə vəzifəli şəxs kimi Topçibaşev Nəriman Fikrət oğlu barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən onun hüquqları pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqları təsbit olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti inzibati xəta haqqında iş üzrə icraat aparılan zaman bu halı nəzərə almamışdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, Topçibaşev Nəriman Fikrət oğlu tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X4, X8, X6, X1 və X3 xx.xx.2024-cü il tarixdən inzibati tənbeh vermə haqqında qərarın qəbul edildiyi tarixədək işə cəlb edilməsi ilə bağlı qaydaların pozulmasına səbəb ola biləcək hal ətraflı araşdırılmamış, sübutetmə yükü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin üzərində olsa da, sübuta yetirilməmiş, həmçinin yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin altsisteminə baxış keçirməklə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, yəni Topçibaşev Nəriman Fikrət oğlu tərəfindən həqiqətən X4, X8, X6, X1 və X3 xx.xx.2024-cü il tarixdən inzibati tənbeh vermə haqqında qərarın qəbul edildiyi tarixədək işlərin yerinə yetrilməsi təsdiq olunmamış, tam və hərtərəfli araşdırma aparılmamışdır. Bundan əlavə, X4, X8, X6, X1 və X3 və hadisənin şahidləri ola biləcək şəxslərin dairəsi müəyyən edilərək izahatları alınmamışdır. X5 vəzifəli şəxs kimi Topçibaşev Nəriman Fikrət oğlunun İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi barədə nəticəyə gəlsə də, bu mövqeyini kifayət qədər tutarlı sübutlarla əsaslandıra bilməmişdir. İş üzrə müəyyən edilən sübutlar isə Topçibaşev Nəriman Fikrət oğlunun göstərilən maddələrlə təqsirliliyini şübhə altına alır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə qeyd edir ki, Topçibaşev Nəriman Fikrət oğlu tərəfindən işəgötürən kimi işçi X4, X8, X6, X1 və X3 əmək müqaviləsi olmadan işlərə cəlb etməsi ilə bağlı hər hansı hüquqlarının pozulmasını müəyyən edərkən X5 tərəfindən natamam, səthi araşdırma aparılmış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. X5 vəzifəli şəxs kimi Topçibaşev Nəriman Fikrət oğlunun İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi barədə nəticəyə gəlsə də, bu mövqeyini kifayət qədər tutarlı sübutlarla əsaslandıra bilməmişdir. İş üzrə müəyyən edilən sübutlar isə Topçibaşev Nəriman Fikrət oğlunun göstərilən maddələrlə təqsirliliyini şübhə altına alır. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (İXM, Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi). Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında vurğulamışdır ki, təqsirsizlik prezumpsiyası hüququna görə məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirli şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı bir şübhə onun xeyrinə həll olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə belə hesab edir ki, Topçibaşev Nəriman Fikrət oğlunun nümayəndəsi və vəkili Vəkil şikayəti qismən təmin edilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Topçibaşev Nəriman Fikrət oğlunun nümayəndəsi və vəkili Vəkil şikayəti qismən təmin edilsin. Topçibaşev Nəriman Fikrət oğlunun barəsində tərtib olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar