Məhkəmə qərarları › İş №3(006)-3808/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3808/2021

17.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3808/2021 17.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Qərarından şikayət verilən Bakı şəhər X6 İdarəsinin şəxs: Yol patrul xidməti inspektoru Nümayəndə iştirakları ilə X1 Bakı şəhər X6 İdarəsinin Yol patrul xidməti inspektoru Nümayəndə tərəfindən qəbul edilmiş 01.12.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermək haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, 01.12.2021 tarixdə ona İXP ******* saylı inzibati protokol (TP ******* saylı qərar) yazılıb. O, İnzibati Xətalar Məcəlləsinin 338.1.1 maddəsini və heç bir qanunu pozmamış, piyada zolağının yanından keçmişdir. Həmin ərazidə heç vaxt heç kəsi cərimə etməyiblər və həmin gündə cərimə yazmayıblar. Cərimənin düzgün və əsaslı olmasını qarşı tərəf sübut etməlidir. Bakı şəhər X6 İdarəsinin Yol patrul xidməti inspektoru Nümayəndə tərəfindən qəbul edilmiş 01.12.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermək haqqında qərarla yazılmış cərimənin silinməsini xahiş olunur. Məhkəmə iclasında qərarı qəbul etmiş şəxs Nümayəndə izahatında göstərdi ki, 01.12.2021-ci il tarixdə ünvan 1 ünvanda, Azərbaycan Tibbi Universitetinin qarşısında xidmət apararkən saat 16:31-da bir nəfər şəxsin, adı sonradan məlum olan X1 yolu piyadalar üçün nəzərdə tutulmuş yerdən kənarda, yolun ortasından keçdiyini görmüşdür. Buna görə də o, həmin şəxsə yaxınlaşıb törətdiyi xətanın mahiyyətini ona bildirmiş, sonuncu isə hər gün bu yolla keçdiyini söyləmişdir. Törədilmiş xəta ilə bağlı C.Ağayev barəsində İnzibati Xətalar Məcəlləsinin 338.1.1-ci maddəsi üzrə protokol tərtib edərək onun 20 manat cərimə olunması haqqında 01.12.2021-ci il tarixli, TP ******* saylı qərar qəbul etmişdir. Faktı təsdiq edən videogörüntünü də məhkəməyə təqdim edir. Şikayət əsassız olduğu üçün onun rədd olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şikayət vermiş şəxs məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhər X6 İdarəsinin Yol patrul xidməti inspektoru Nümayəndə tərəfindən qəbul edilmiş 01.12.2021-ci il tarixli, TP ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X3 01.12.2021-ci il tarixdə, saat 16:31-də ünvan 1 ünvanda yolu piyadalar üçün nəzərdə tutulmuş yerdən kənarda, yolun ortasından keçdiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.1.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. Təqdim edilmiş videogörüntüyə əsasən bir nəfər şəxs yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçir, daha sonra yol-patrul xidməti avtomobili bu şəxsin yanında saxlayaraq maşından polis əməkdaşı enib onu yanına çağırır. Beləliklə müəyyən edilir ki, Bakı şəhər X6 İdarəsinin Yol patrul xidməti inspektoru Nümayəndə tərəfindən qəbul edilmiş 01.12.2021-ci il tarixli, TP ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X3 həmin günü saat 16:31-də ünvan 1 ünvanda piyada kimi yol hərəkəti qaydalarını pozduğu üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.1.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. C.Ağayev həmin qərarın əsassız olduğunu iddia etmişdir. Lakin qərarı qəbul etmiş şəxsin məhkəməyə təqdim etdiyi görüntüdən aydın olur ki, 01.12.2021-ci il tarixdə, saat 16:31-də ünvan 1 ünvanda C.Ağayev yolu piyadalar üçün nəzərdə tutulmuş yerdən kənarda, yolun ortasından keçir. Məhkəmə iş materiallarını araşdırıb və videogörüntüyə baxaraq, habelə proses iştirakçısının izahatını dinləyərək belə nəticəyə gəlir ki, X3 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, eyni zamanda inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilmədiyi üçün Bakı şəhər X6 İdarəsinin Yol patrul xidməti inspektoru Nümayəndə tərəfindən qəbul edilmiş 01.12.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermək haqqında qərarı ləğv edilib iş üzrə yeni qərar qəbul olunmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinin l hissəsinin 2-ci bəndinə əsasən piyada dəmiryolunu, avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri ilə, o cümlədən yeraltı və yerüstü keçidlərlə, bunlar olmadıqda isə yolayrıclarında səki xətti və ya yol çiyni xətləri boyunca keçməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.1.1-ci maddəsi piyadalar tərəfindən piyada svetoforunun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə görə məsuliyyət müəyyən edir. Hazırki işdən isə aydın olur ki, X3 yolu piyadalar üçün nəzərdə tutulmuş yerdən kənarda, yolun ortasından keçir. Bu xətaya görə məsuliyyət isə İnzibati Xətalar Məcəlləsinin 338.2-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin normaya əsasən bu Məcəllənin 338.2-1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, piyadalar tərəfindən yolun hərəkət hissəsinin, dəmiryol keçidinin müəyyən olunmayan yerdən keçilməsinə görə iyirmi manat məbləğində cərimə edilir. O da nəzərə alınmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 338.1.1-ci maddəsində nəzərdə tutulmuş cərimənin məbləği də eynidir, yəni 20 manatdır. Ona görə də mübahisələndirilən qərarın dəyişdirilməsi şikayət vermiş şəxsin vəziyyətini ağırlaşdırmır və İnzibati Xətalar Məcəlləsinin 135.2-ci maddəsinin tələblərini pozmur, eyni zamanda “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16.11.2021-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə də uyğundur. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1 və 134.1.2-ci maddələrinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda isə qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Qeyd olunan Məcəllənin 135.1.4-cü maddəsinə görə inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhər X6 İdarəsinin Yol patrul xidməti inspektoru Nümayəndə tərəfindən qəbul edilmiş 01.12.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermək haqqında qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.2-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 20 manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar