Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3809/2021 16.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 16 noyabr 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş həmin tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 16 noyabr 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş həmin tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 16 noyabr 2021-ci il tarixdə tibbi maskadan istifadə etmiş, ağız hissəsi maskanın içərisində olsa da burnu maska içərisində olmamışdır. Bununda səbəbi “xarici burun deformasiyası və çəpər əyriliyi” diaqnozu ilə əməliyyat keçirməsi olmuşdur. Onun burun sümüyündə ciddi qırıqlar olduğu üçün və həmin qırıqlar 6 ay ərzində tam bərkimədiyi üçün həkim tərəfindən sadəcə məcbur qaldıqda maska taxması məsləhət görülmüşdür. Təhsili və işi ilə əlaqədar olaraq daima qapalı məkanda olduğu üçün maskadan davamlı şəkildə istifadə edir. Buda müəyyən fəsadlara səbəb olur deyə tibbi maska burnunu incidəndə ağzını tam örtəcək şəkildə burnunun aşağı hissəsində saxlayır. Həmçinin maddi vəziyyəti ona yazılmış cərimə məbləğini ödəməyə imkan vermir. Tələbə olduğu üçün Bakı şəhərində kirayədə yaşayır, ailəsinində maddi vəziyyəti yaxşı deyil. Atası və anası hər ikisi işsizdir. Buna görə də öz xərclərini qarşılamaq üçün oxumaqla yanaşı gecə smeni ilə işləyir. Göstərilənləri əsasən Nəsimi RPİ-nin 22-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 16 noyabr 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş həmin tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayətçiyə və Nəsimi RPİ-nin 22-ci PB-yə lazımi qaydada və məlumat verilsə də, şikayətçi və Nəsimi RPİ-nin 22-ci PB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə şikayətçinin və Nəsimi RPİnin 22-ci PB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 16 noyabr 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, M.S.Əliyev həmin tarixdə 28 Mall ticarət mərkəzində olarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində protokol tərtib edilmişdir. İş materiallarında olan 16 noyabr 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, M.S.Əliyev epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri bir il ərzində təkrar törədilməsi halına yol vermiş və buna görə də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan N/413 saylı epikrizdən görünür ki, xəstə M.S.Əliyev klinikada 25 avqust 2021-ci il tarixində “Xarici burun deformasiyası və burun çəpəri əyriliyi” diaqnozu ilə müalicədə olmuşdur. Daxil olarkən şikayəti xarici burun deformasiyasından və burun tənəffüsü çətinliyindən ibarət olmuşdur. Müayinə zamanı burun zirvəsinin aşağı enməsi və burun əsası donqarlığı və xarici burun deformasiyası aşkar edilmişdir. 25.08.2021-ci il tarixdə əməliyyat – Rinoseptoplastika icar edilmişdir. Əlavə olaraq iltiham əleyhinə, ümumi yaxşılaşdırıcı desensibilizəedici və simptomatik müalicələr aparılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, M.S.Əliyevin barəsində epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri bir il ərzində təkrar törədilməsi halına yol verməsi ilə bağlı polis əməkdaşı tərəfindən 16.11.2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında qəbul edilmiş 16.11.2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarla o, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, M.S.Əliyevin barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən onun “xarici burun deformasiyası və burun çəpəri əyriliyi”ndən əziyyət çəkməsi və həmin zaman tibbi maskadan istifadə etməsi nəzərə alınmamış və sonuncunun barəsində polis əməkdaşı tərəfindən əsassız olaraq protokol tərtib edilmiş və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür, lakin həmin orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gələ bilməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də iş üzrə sübutlar təqdim etməmişdir. Bununla da məhkəmə hesab edir ki, protokol və qərar qəbul edilərkən yuxarıda göstərilən hallar tam araşdırılmamış və M.S.Əliyevin barəsində əsassız qərar qəbul olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Nəsimi RPİ-nin 22-ci PB-də aparılan inzibati araşdırma zamanı hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikasının İXM-nin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 16 noyabr 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş həmin tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Nəsimi RPİ-nin 22-ci PB-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 16 noyabr 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş həmin tarixli, EPQ ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-3809/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3809/2021
16.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver