Məhkəmə qərarları › İş №3(006)-3818/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-3818/2021

23.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-3818/2021 23.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin nümayəndəsi X2, şikayətçi X3 iştirakları ilə, şikayətçi X3 Bakı şəhər BPİ X8 İdarəsinin 03 dekabr 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolundan şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər BPİ X8 İdarəsinin 03 dekabr 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolunun ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, maddi vəziyyəti ilə əlaqədar doğulub böyüdüyü Ağdaş rayonundan işləmək məqsədi ilə Bakı şəhərinə gəlib müvəqqəti kirayədə yaşayır. Öz xəstə valideyinlərinin dərman ehtiyaclarını qarşılamaq üçün şirkətdə sürücü kimi işləyir və ayda 250 manat maaş alır. Şikayət ərizəsi ilə yazmasının əsas səbəbi Bakı Şəhər DYPİ müşayət eskort bölüyünün YPX-nin baş inspektoru X1suz əməllərindəndir. Belə ki, həmin polis heç bir əsas olmadan xidməti kabinetin də oturaraq formal olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsnin 342.9-cu maddəsi ilə barəsində inzibati protokol tərtib etmişdir. Halbuki, o, 27.11.2021-ci il tarixdə, saat təxminən 12-13 radələrində Rəşid Behbudov küçəsində “İSUZU” markalı, **-JU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən işlədiyi firmaya məxsus yükü boşaldarkən adını bilmədiyi, özünü təqdim etməyən, polis forması geyinmiş bir nəfər şəxs avtomobilə yaxınlaşmış, ondan əsassız olaraq avtomobilin sənədlərini tələb etmiş, o, həmin şəxsə sənədləri verdikdən sonra bütün sənədlərinin qaydasında olduğunu görmüşdür. Bundan sonra əlindəki mobil telefonu çıxarıb avtomobilini video vasitəsi ilə qeydə alaraq bildirmişdir ki, o, guya avtomobilin qeydiyyat nömrəsini gizlədir. Qeyd edir ki, idarə etdiyi maşının arxa yük yeri qapısında 35 sm hündürlüyündə və 1 m 30 sm enində qeydiyyat nömrəsi əks olunur, bunu gizlətmək mümkün deyil və o, belə əməl etməmişdir. O, həmin adını bilmədiyi polis əməkdaşına avtomobildən yük boşaltığını və yükün bir hissəsini avtomobilin qeydiyyat nömrəsinin qarşısını kəsdiyini bildirsə də polis əməkdaşı onunla razılaşmamışdır. Həmin adını bilmədiyi polis əməkdaşı hirslənmiş və onun barəsində protokol tərtib etmədən maşını cərimə meydançasına aparmış və bildirmişdir ki, “Gələrsən idarəyə, aramızda həll edərik”. “ Yol-patrul xidməti haqqında təlimatın” təsdiq edilməsi barədə qərann 7-ci maddəsində göstərilmişdir ki, YPX inspektoru “Yol hərəkəti haqqında” Azərbaycun Respublikası Qanununun 85-ci maddəsinin tələblərinə əməl etməklə avtomobili dayandıra bilər və bundan sonra özünü sürücüyə təqdim etməli, dayandırılmanın səbəbini bildirməklə ondan “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş sənədlərin təqdim olunmasını tələb etməlidir. Lakin həmin özünü “polis” hesab edən şəxs qanunun müddəalarını kobud surətdə pozmaqla, qanunvericiliyin tələblərinə əməl etmədən hərəkətdə olmayan avtomobilə yaxınlaşmış və öz polis adından sui-istifadə edərək dolayı yolla ondan pul tələb etmişdir. O, bir daha bildirmişdir ki, polis əməkdaşı ona yaxınlaşanda avtomobil hərəkətdə olmamış, o, həmin vaxt yük boşaltmış və avtomobili idarə etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 342.9-cu maddəsində göstərilir ki, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlt) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə cərimə tətbiq edilə bilər. Həmin protokola diqqət yetirdikdə protokolun formal cəhətdən tərtib olunduğu açıq-aşkar görünür. Çünki protokolun hansı səbəbdən tərtib olunması qrafasında heç bir əsas göstərilməyib. Bundan başqa İnzibati Xətalar Məcəlləsinin 96.1-ci maddəsində nəzərdə tutulmuş hallarda nəqliyyat vasitəsi yol hərəkətindən kənarlaşdırıldıqda nəqliyyat vasitəsinin duracağa aparılması onun sürücüsü tərəfindən təmin edilir. Həmin nəqliyyat vasitəsi sürücüsünün nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı, yaxud sərxoş vəziyyətdə olduğu hallarda, habelə o, avtomobilinin YPX inspektoru tərəfindən idarə olunaraq duracağa aparılmasına etiraz etdikdə avtomobil evakuator vasitəsi ilə duracağa aparılır. Barəsində inzibati protokol tərtib olunmadan yuxarıda sadalanan halların heç biri olmadığı halda belə avtomobili polis əməkdaşının göstərişi ilə duracağa aparmışdır. 03.12.2021 tarixində şirkətin nümayəndəsi maşını duracaqdan götürdükdən sonra SMS vasitəsi ilə cərimə olunduğu bildirişi gəlmiş, ancaq cərimə olunduğu tarix 27.11.2021-ci il tarixi qeyd olunmuşdur. Burdada açıq-aşkar qanunsuzluq görünür. Avtomobilin duracağa aparılaraq qanunsuz saxlanıldığı 6 gün müddət ərzində işlədiyi firma maddi və mənəvi cəhətdən ziyan çəkmiş və o, da işsiz qalmışdır. Həmin ziyanın ödənilməsi, eyni zamanda maaşından tutulması onu çox narahat edir. Həm öz xəstə valideyinlərinə baxması, həmçinin çətin şəraitdə kirayədə yaşaması onu çox sarsıdır. Üstəlik polis əməkdaşının barəsində tərtib etdiyi qanunsuz protokol onu ölüm həddinə çatdırır. Odur ki, barəsində tərtib edilmiş protokolda heç bir imza olmayan, öz xidməti kabinetində oturaraq formal protokol tərtib edən X4 barəsində tədbir görməklə, 27.11.2021-ci il tarixdə xidmətdə olmuş, ondan dolayısı yolla pul tələb edən polis əməkdaşlarının cəzalandırılmasını, eyni zamanda qanunsuz və əsassız tərtib olunmuş İXP ******* nömrəli protokoıun ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X.Ş.Məmmədov ərizəsinin mahiyyətinə uyğu çıxış edərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi N.V.Ələkbərzadə bildirmişdir ki, şikayətçi X.Ş.Məmmədov barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmiş, lakin məhkəmə tərəfindən hər hansı yekun qərar qəbul ediməmişdir. Göstərilənləri şikayətçi barəsində tərtib edilmiş protokol üzrə qərar qəbul edilməməsini nəzərə alaraq şikayətin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, daxil olmuş şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib hesab edir ki, şikayətə baxılması qeyri-mümkündür və ona görə də geri qaytarılmalıdır. Belə ki, hazırki şikayət inzibati xəta haqqında iş üzrə qərardan deyil, inzibati xəta haqqında protokoldan verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində isə inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 129-cu maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan müəyyən edilir ki, qanunvericilikdə inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Lakin indiki halda şikayətdə inzibati xəta haqqında protokolun ləğv edilməsi xahiş edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə şikayət geri qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, şikayətçiyə izah edilməlidir ki, inzibati orqanın hərəkətlərindən (hərəkətsizliyindən) aidiyyatı üzrə müvafiq inzibati-iqtisadi məhkəməyə şikayət verə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 Bakı şəhər BPİ X8 İdarəsinin 03 dekabr 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolundan şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar