Məhkəmə qərarları › İş №3(006)-3840/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3840/2021

23.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3840/2021 23.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X6 İnzibati xəta haqqında Azərbaycan Respublikası Əmək və protokolu tərtib etmiş: Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi Kərimov Tural Fərhad oğlunun Barəsində inzibati xəta Şəxs MMC-nin nümayəndəsi haqqında iş üzrə icraat Vəkil aparılan: iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli küç., ev 45, m.241, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə tərtib olunmuş 17.11.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola görə Şəxs MMC tərəfindən X5 ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü maddəsinin tələblərinə əməl edilmədən yazılı əmək müqaviləsi bağlanılmamış, mövcud olmayan əmək müqaviləsi elektron informasiya sistemində qeydiyyata alınmışdır. Məhkəmədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X7 izahat verərək bildirdi ki, X1 Əmək Müfəttişliyi Xidmətinə müraciət edərək göstərmişdir ki, 01.10.2021-ci il tarixdən işlədiyi Şəxs MMC-yə məxsus “5A Dent” stomatoloji klinikasına buraxılmır, habelə stomatoloq və parodontoloq vəzifələri üzrə onunla yazılı əmək müqaviləsi bağlanılmadan elektron informasiya sistemində belə məlumat qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü maddəsinin tələblərinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır və bu müqavilə iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir, onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Məsələ barədə Şəxs MMC-yə müvafiq sorğu göndərilərək X5 ilə həkimstomatoloq və parodontoloq vəzifələri üzrə bağlanılmış yazılı əmək müqavilələrinin surətlərinin X8 Xidmətinə təqdim olunması xahiş edilsə də, həmin sənədlər təqdim olunmamışdır. Eyni zamanda məlum olmuşdur ki, Şəxs MMC tərəfindən X3 həmin şirkətdə qeyd olunan vəzifələrdə işləməsi barədə əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirşi elektron informasiya sistemində qeydiyyata alınmışdır. Bununla da aydın olmuşdur ki, Şəxs MMC tərəfindən X5 ilə əmək qanunvericiliyinin tələblərinə əməl edilmədən işçi ilə yazılı əmək müqaviləsi bağlanılmamış, mövcud olmayan əmək müqaviləsi elektron informasiya sistemində qeydiyyata alınmışdır. Şirkətin məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Vəkil izahatında göstərdi ki, işəgötürən Şəxs MMC ilə X2 arasında 13 yanvar 2009-cu il tarixdə işçinin “stomatoloq” vəzifəsinə qəbul edilməsi barədə əmək müqaviləsi bağlanılmışdır. Sonradan həmin müqavilə üzrə “stomatoloq” vəzifəsinin “parodontoloq” vəzifəsi ilə dəyişdirilməsi ilə bağlı 05 yanvar 2021-ci il tarixli əlavə və işçinin “həkim-stomatoloq” vəzifəsi üzrə işə qəbul edilməsi barədə 05 yanvar 2021-ci il tarixli yeni əmək müqaviləsi qanunvericiliyə uyğun şəkildə, yazılı formada bağlanılmışdır. Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq həm əlavə, həm də yeni əmək müqaviləsi barədə elektron informasiya sistemində müvafiq qeydiyyat aparılmış və əmək müqaviləsi bildirişləri əldə edilmişdir. İşəgötürən tərəfindən əlavə və yeni əmək müqaviləsinə hər zaman tam şəkildə riayət edilmiş, əmək haqqı və onunla bağlı bütün digər məcburi ödənişlər vaxtında və kəsirsiz olaraq həyata keçirilmişdir. İşçi X1 Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə şikayətlə müraciət edərək guya onunla əmək müqaviləsi olmadan onun işə cəlb edilməsini bildirmişdir. Eyni zamanda şirkət tərəfindən müvafiq araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan əlavə və yeni əmək müqaviləsi itib və həmin sənədlərin X8 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi mümkün deyil. Sənədlərin itməsi faktı Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş 17.11.2021-ci il tarixli, 039-15857-1221 saylı arayışla da öz təsdiqini tapır. Bundan əlavə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Hazırki iş üzrə işəgötürənin əməlində həmin inzibati xətanın obyektiv cəhətinin mövcudluğu üçün işəgötürən işçini Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsində ifadə olunur. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsinin anlayışı Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsində verilib. Həmin müddəaya əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Beləliklə, inzibati xəta tərkibinin obyektiv cəhətinə görə işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi o halda İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən inzibati xəta hesab edilir ki, işəgötürən işçini Əmək Məcəlləsinin məhz 49-cu maddəsinin tələblərini pozmaqla, yəni bağlanılmış əmək müqaviləsini elektron qaydada qeydiyyata almadan (müvafiq əmək müqaviləsi bildirişi olmadan) işə cəlb etsin. Bu iş üzrə isə əlavə və yeni əmək müqaviləsinin bildirişləri mövcuddur. Belə olan halda, X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən əməlin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin düzgün tövsif edilməməsi aşkardır. X8 Xidmətinin Bakı şəhər İdarəsi Əmək Məcəlləsinin 49-cu deyil, 44-cü maddəsinin pozuntsunu müəyyən etmiş və guya ki, yazılı əmək müqaviləsi bağlanmadığından əməli inzibati xəta kimi tövsif etmişdir. Yazılı əmək müqaviləsi ilə bağlı hal işin faktiki hallarında şərh edilmişdir. İnzibati Xətalar Məcəlləsinin inzibati məsuliyyətin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Lakin yuxarıdakı arqumentlərdən aydın olur ki, işəgötürənin əməlində inzibati xəta tərkibinin obyektiv cəhəti mövcud deyil. Beləliklə, əməldə inzibati xəta tərkibi və işəgötürənin inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas yoxdur. İş üzrə başlanılmış icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan: - X3 X8 Xidmətinin Bakı şəhər İdarəsinə verdiyi 03.11.2021 və 16.11.2021-ci il tarixli izahatlarında qeyd olunur ki, o, 01.10.2021-ci il tarixdən Şəxs MMC-də olan iş yerinə buraxılmır, ona oktyabr ayı üzrə əmək haqqı ödənilməmiş və sair əmək hüquqları pozulmuş, stomatoloq və parodontoloq vəzifələri üzrə onunla yazılı əmək müqaviləsi bağlanılmadan elektron informasiya sistemində belə məlumat qeydiyyata alınmışdır; - “Respublika” qəzetinin 15.11.2021-ci il tarixli buraxılşında Şəxs MMC ilə X4 arasında bağlanmış 05.01.2021-ci il tarixli əmək müqaviləsi (həkim-stomatoloq ixtisası üzrə) və 13.01.2009-cu il tarixli əmək müqaviləsinə 05.01.2021-ci tarixli əlavə və dəyişiklik (həkim-parodontoloq ixtisası üzrə) itdiyi üçün etibarsız sayılması barədə elan verilmişdir; - Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş 17.11.2021-ci il tarixli, 039- 15857-1221 saylı məktubda qeyd olunur ki, Şəxs MMC-nin X4 arasında bağlanmış 13.01.2009-cu il tarixli əmək müqaviləsinə 05.01.2021-ci il tarixli əlavə və dəyişiklik (həkim-parodontoloq üzrə), eləcə də 05.01.2021-ci tarixli əmək müqaviləsinin (həkim-stomatoloq üzrə) tapılması barədə idarənin Tapıntılar bürosuna məlumat daxil olmamışdır; - Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı 05.01.2021-ci il tarixli əmək müqaviləsi bildirişlərinə əsasən Şəxs MMC ilə X5 arasında 13.01.2009-cu il tarixli əmək müqaviləsinə dəyişiklik (parodontoloq ixtisası üzrə) və 05.01.2021-ci il tarixdə “həkim-stomatoloq” ixtisası üzrə əmək müqavilələri bağlanılmışdır. Beləliklə məhkəmə müəyyən edilir ki, işəgötürən Şəxs MMC ilə X2 arasında 13.01.2009-cu il tarixdə bağlanılmış əmək müqaviləsinə 05.01.2021-ci il tarixdə edilmiş dəyişiklik (parodontoloq ixtisası üzrə) və işçinin “həkim-stomatoloq” vəzifəsi üzrə işə qəbul edilməsi barədə 05.01.2021-ci il tarixli əmək müqaviləsi müvafiq elektron informasiya sistemində qeydiyyata alınmışdır. Eyni zamanda qeyd olunan müqavilələrin itirilməsi səbəbindən onların təqdim olunması mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 44-cü maddəsinin 1 və 3-cü hissələrinə uyğun olaraq əmək müqaviləsi yazılı formada bağlanır. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Göründüyü kimi, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. İnzibati xəta tərkibinin obyektiv cəhətinə görə işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi o halda İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən inzibati xəta hesab edilir ki, işəgötürən işçini Əmək Məcəlləsinin məhz 49-cu maddəsinin tələblərini pozmaqla, yəni bağlanılmış əmək müqaviləsini elektron qaydada qeydiyyata almadan (müvafiq əmək müqaviləsi bildirişi olmadan) işə cəlb etsin. Hazırki işdə isə işəgötürən Şəxs MMC-nin əməlində həmin inzibati xətanın obyektiv cəhətinin mövcudluğu istisna edilir. Eyni zamanda o da nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 3-cü maddəsinə görə əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. İşin faktiki hallarından aydın olur ki, X2 Şəxs MMC ilə aralarında olan 05.01.2021-ci il tarixdə “həkim-stomatoloq” və “parodontoloq” ixtisasları üzrə bağlanılmış əmək müqavilələri üzrə vəzifələrini cari ilin oktyabr ayına kimi yerinə yetirmiş, bununla bağlı əmək haqqı almışdır. Yəni, X5 qeyd olunan müqavilələrdən məlumatlı olmuş, lakin sonradan aralarında yaranmış narazıçılıqla bağlı X8 Xidmətinin Bakı şəhər İdarəsinə şikayət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: - Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur (3cü maddə); - Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur (12.1-ci maddə); - inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir (53.1.2-ci maddə); - Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır (114.2.1-ci maddə). Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən cəmiyyət barəsində başlanılmız iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə başlanılmış iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar