Məhkəmə qərarları › İş №3(006)-3840/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3840/2023

21.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3840/2023 21.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nəsimi RPİ-nin 21-ci PB-nin polis sahə inspektoru X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, fərdi əməklə məşğul olan, himayəsində biri yetkinlik yaşına çatmayan olmaqla iki uşağı olan, Ağsu şəhəri, Çiyni kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə DİN-nin 102 xidməti-zəng mərkəzi sisteminə və Nəsimi RPİ-nin 21-ci PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, evinə təmizlik üçün dəvət etmiş olduğu Lətafət adlı qadın tərəfindən təhqir olunmuş və döyülmüşdür. Həmin müraciət əsasında PB-də araşdırma aparılmış və xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs müraciətinə dair toplanmış materialda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinin tərkib hissəsi yaranmadığından həmin Məcəllənin 39.1.2, 86, 207.5.2 və 212.1-ci maddələrinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmiş, bununla yanaşı Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada müvafiq tədbirlər görülməsi üçün qəbul edilmiş qərarın surəti aidiyyəti xidmət sahəsinə göstəriş verilməsi üçün Nəsimi RPİ-nin 21-ci PB-nin rəhbərliyinə təqdim edilmişdir. Daha sonra həmin polis bölmənin polis sahə inspektoru H.İ.Babayev tərəfindən müvafiq inzibati araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Nəsimi RPİ-nin 21-ci PB-nin polis sahə inspektoru H.İ.Babayev bildirmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs şikayəti əsasında inzibati araşdırma aparılmış, qarşı tərəfə barışıq üçün təklif olunmuş, lakin barışıq əldə edilməmişdir. Göstərilənləri nəzərə alaraq ədaləti qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanına mənzildə təmizlik işləri aparmaq üçün 50 manat məvacib müqabilində Zərərçəkmiş şəxs mənzilini təmizləməyə getmişdir. Ev yiyəsi ilə evə daxil olduqda işinə başlamış, pərdələri sonuncunun dediyi kimi çıxartmış, hamamını təmizləmiş, təmizlik üçün ağardıcı məhsulları lazım olduğu üçün Nailə xanım həmin məhsulları almağa getmişdir. Gəldikdən sonra pəncərələri təmizləməyə davam etmiş, Zərərçəkmiş şəxs isə, telefonda kimlərləsə mübahisə edib savaşır, ağzına gələn nalayiq sözlər deyirdi. Sonra ona pəncərələri təmiz silmədiyini bildirmiş, yenidən silmiş yenə də ondan əl çəkməmiş, bir neçə dəfə həmin pəncərəni təmizləsə də Nailə xanım hay-küy qaldırmışdır. Həmin vaxt o, canını evdən sağ qutarmağı fikirləşmiş və ev yiyəsinə gedəcəyini bildirərək paltarının olduğu otağa getmiş, paltarını dəyişmiş və evdən getmək istəyəndə, Nailə xanım ona “gedə bilməzsən” demişdir. Bundan sonra o, Nailə xanıma müraciət edərək bildirmişdir ki, “Nailə xanım, başqasını gətirim işləsin, pulunuzda mənə lazım deyil”. O anda Nailə xanım ona “səviyyəsiz, “rədd ol qaraçı, dilənçi” demiş və 10 (on) manatı əlində əzərək ayaqqabısının içərisinə qoyub evindən qovmuşdur. O, isə 10 manatı ağlayaraq “mən dilənçi deyiləm” deyərək pulu onun üstünə ataraq evdən çıxmışdır. Həmin anda onun cibində evə qayıtmaq üçün belə bir manatı da olmamışdır. Nuridə xanım yalan danışır o, sonuncunu vurmamış və döyməmişdir. Onların aralarında 5 metrə yaxın məsafə olmuşdur. Bundan başqa həmin ərazinin insepektoru H.Babayev barəsində icraat olduğunu söylədikdə o, rayonda olmuşdur. Təqribən 2 aydan çoxdur ki, o, Ağsu rayonunda yaşayır. Bakıya oğluna qan köçürülməsinə görə xx.xx.2023-cü il tarixdə gəlmişdir. Talessemiya mərkəzindən çıxdıqdan sonra sahə inspektoru ilə əlaqə saxlayıb izahat verməyə polis bölməsinə gəlmişdir. Göstərilənləri, Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlətməməsini, ona əl qaldırmamasını nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə məhkəmə iclasında Şəxs verilmiş suala cavab olaraq bildirmişdir ki, saxlanılarkən hüquq və vəzifələri ona izah edilmiş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamış, iş materialları ilə tanış olmuş, xahişi ilə yaxın qohumlarına məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o, Şəxs şikayətçidir. Belə ki, xx.xx.2023-cü il tarixdə sonuncunu evinə təmizlik işi görmək üçün çağırmış, ilk öncə ona evin ayaqyolusunu təmizləməsini demiş, sonuncu da bunu etmiş, daha sonra pəncələri silməsini istəmiş və evdə təmizlik üçün ağardıcı ləvazimatlar olmadığından onları almaq üçün evdən çıxmışdır. Daha sonra evə qayıtdıqda o, pəncərəyə baxmış və yaxşı təmizlənməsini gördükdə Şəxs iradını bildirmiş, sonuncuda narasızsızsa gedin başqasını gətirin deyərək paltarının olduğu otağa gedərək paltarını dəyişmişdir. Bundan sonra Şəxs ilə mübahisəsi düşmüş, sonuncu ona qarşı nalayiq ifadələr işlətmiş, onun başına yumruqla zərbələr endirmişdir. Həmçinin bildirmişdir ki, aldığı xəsarətlərin müəyyən edilməsi üçün 1 saylı Şəhər Klinik Xəstəxanasında rengten müşahidəsindən keçmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və iş yenidən araşdırılması üçün Nəsimi RPİ-nin 21-ci PB-nə göndərilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi RPİ-nin 21-ci PB-nə ünvanlanmış xx.xx.2023cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanda yaşayan Zərərçəkmiş şəxs DİN-nin 102 xidməti-zəng mərkəzi sisteminə və həmin tarixdə Nəsimi RPİ-nin 21-ci PB-yə ərizə ilə müraciət edərək, evinə təmizlik üçün dəvət edilmiş olduğu Lətafət adlı qadın tərəfindən təhqir olunmasını və döyülməsini bildirmişdir (***-***-**-** Nuridə). İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən vətəndaş X2 müraciətinə dair toplanmış materialda Azərbaycan Respublikası CM-nin müvafiq maddəsinin tərkib hissəsi yaranmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2, 86, 207.5.2 və 212.1-ci maddələrinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatından görünür ki, inzibati xəta hadisəsi xx.xx.2023-cü il tarixdə baş vermişdir. Beləliklə məhkəmə iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, inzibati xəta hadisəsi xx.xx.2023-cü il tarixdə baş verməsinə və zərərçəkmiş şəxsin həmin tarixdə DİNnin 102 xidmətinə və Nəsimi RPİ-nin 21-ci PB-nə ərizə ilə müraciət etməsinə baxmayaraq həmin ərizənin qeydiyyatı 12 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə həmin bölmənin təhqiqatçısı N.Hüseynov tərəfindən raport əsasında qeydiyyata salınmışdır və tərtib edilmiş raportda hadisənin baş vermə tarixi ilk olaraq xx.xx.2023-cü il tarixi göstərilsədə sonradan tarixin üzərinə düzəliş edilərək xx.xx.2023-cü il göstərilmişdir. Bundan əlavə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş işinin başlanmasının rədd edilməsi haqqında qərardada hadisənin baş vermə tarixi xx.xx.2023-cü il tarixi deyil, xx.xx.2023-cü il tarixi göstərilmiş və yenidən xx.xx.2023-cü il tarixə düzəliş edilmiş, həmçinin həmin qərarda da bir neçə dəfə hadisənin baş vermə tarixi xx.xx.2023-cü il qeyd edilmişdir. Həmçinin həmin qərarda Zərərçəkmiş şəxs aldığı bədən xəsarətlərinə görə təhqiqatçı tərəfindən nə vaxt ekpertiza təyin edilməsi haqqında qərarın qəbul edilməsi, ekspertizanın dəqiq olaraq hansı tarixdə keçirilməsi və ekspertizadan keçirilməsinə dair rəyin tarixi, eləcə də vururlmuş xəsarətlərin növü göstərilməmiş, həmçinin qərarın nəticə hissəsində şikayətçinin (zərərçəkmiş şəxsin) adı X1 göstərilmişdir. Bununla da, məhkəmə hesab edir ki, toplanmış materiallar arasında ziddiyyətlər mövcud olduğundan, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dizpozisiyasında göstərilən döymə faktını təsdiq edən sənədlər və digər sübutlar məhkəməyə təqdim olunmadığından, iş üzrə natamam araşdırma aparıldığından, konkret olaraq hadisənin hansı tarixdə törədilməsi müəyyən edilmədiyindən, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibinin olub-olmamasını müəyyən etmək mümkün olmadığından iş üzrə icraata xitam verilməli və iş yenidən araşdırılması üçün Nəsimi RPİnin 21-ci PB-nə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs təqsirliliyi sübuta yetirilmir. Belə ki, onun əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən (obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət) biri olan obyektiv cəhət yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs təsqirliliyi sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməli və iş yenidən araşdırılması üçün Nəsimi RPİ-nin 21-ci PB-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. İş materialları yenidən araşdırılması üçün Nəsimi RPİ-nin 21-ci PB-nə göndərilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar