Məhkəmə qərarları › İş №3(006)-3842/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3842/2021

20.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3842/2021 20.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Şikayət vermiş şəxs: X1 iştirakları ilə Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 12.11.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 11.11.2021-ci il tarixdə, saat 21:59 radələrində idarə etdiyi “Toyota Prius (Hibrid) minik” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilin elektrik sistemində nasazlıq baş verdiyindən Nəsimi rayonu, Azadlıq prospektində məcburi dayanma etmişdir. Bu zaman Bakı Nəqliyyat Agentliyinə məxsus, dirəkdən asılmış planşet kamera vasitəsilə onun fotogörüntüsü qeydə alınmış, barəsində BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd olunan qərar qanunvericiliyin tələblərinə uyğun olmadığından onun ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayəin məzmununa uyğun izahat verərək əlavə olaraq göstərdi ki, o, taksi fəaliyyəti ilə məşğul olur, 11.11.2021-ci il tarixdə idarə etdiyi avtomobilin elektrik sistemində nasazlıq yarandığından məcburi dayanmış, təmir işləri aparıldıqdan sonra hərəkətə davam etmişdir. Lakin yaranmış nasazlıqla bağlı hər hansı qüsur aktı və ya digər sənəd mövcud deyil. Şikayətin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 12.11.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X3 11.11.2021-ci il tarixdə, saat 21:59:56-da Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə 28 May küçəsinin kəsişməsində idarə etdiyi “Toyota Prius (Hibrid) minik” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayanma və ya durma qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi üzrə 20 manat cərimə edilmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə nəticəyə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 30-cu bəndinə görə məcburi dayanma — texniki nasazlıq və ya aparılan yükün, sürücünün (sərnişinin) vəziyyətinin və ya yolda maneə yaranmasının doğurduğu təhlükə üzündən nəqliyyat vasitəsinin hərəkətinin dayandırılmasıdır. Həmin Qanunun 55-ci maddəsinin tələblərinə görə nəqliyyat vasitəsi sıradan çıxdıqda, sürücü onu yolun hərəkət hissəsindən kənara çəkməli, bu mümkün olmadıqda səkinin bordürünün (hərəkət hissəsilə bir səviyyədə və ya ondan hündür olan yol örtüyünün konstruktiv yan məhdudiyyəti) yanına, yaxud yolun çiyininə çəkməli və bu zaman onu hərəkət hissəsinin kənarına paralel qoymalı, texniki yardım xidmətinə məlumat verməlidir. Dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya qəza dayanması nişanını quraşdırmalıdır. Göründüyü kimi, X3 Bakı Nəqliyyat Agentliyinin 12.11.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən 11.11.2021-ci il tarixdə, saat 21:59:56-da Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə 28 May küçəsinin kəsişməsində idarə etdiyi “Toyota Prius (Hibrid) minik” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayanma və ya durma qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi üzrə 20 manat cərimə edilmişdir. F.Cəfərov bu qərarın qanuniliyini mübahisələndirib şikayətlə məhkəməyə müraciət edərək 11.11.2021-ci il tarixdə xətanın törədildiyi vaxtda idarə etdiyi avtomobilində yaranmış nasazlıqla bağlı məcburi dayanmaya yol verdiyini bildirmişdir. Lakin şikayət vermiş şəxsin irəli sürüdüyü, inzibati xətanın törədilməsi faktını inkar edəcək olan bu mövqeyi heç bir əsaslı sübutla öz təsdiqini tapmır. Belə ki. F.Cəfərov tərəfindən onun idarə etdiyi avtomobilin məcburi dayanmasına əsas olduğunu iddia etdiyi nasazlığın mövcudluğuna dair məhkəməyə hər hansı bir sənəd təqdim olunmamışdır. Bununla da görünür ki, X3 Bakı Nəqliyyat Agentliyi tərəfindən düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi üzə məsuliyyətə cəlb edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 12.11.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar