Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3842/2023 22.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru Nümayəndə iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC 24.600,00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 24.600,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. İnzibati xəta xx.xx.2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru Nümayəndə məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə 24.600 ABŞ dolları məbləğində vəsaiti “MDF” lövhə alışı üçün “X1 Çevik” şəxsinə köçürülmüşdür. Lakin onlar qarşı tərəfdən nə məhsulları, nə də köçürdükləri vəsaiti dəfələrlə müraciət etmələrinə baxmayaraq ala bilməmişlər. Türkiyə Respublikasından vəkilləri İlayda Arslan vasitəsi ilə "xxxx"nə MMC-yə aid vəsaitin geri ödənməsi üçün müraciət edilmişdir. Etiraz yazısının qoşmasında xx.xx.2022-ci il tarixli "xxxx"nin qarşı tərəfi 24.600 ABŞ dolları, 3.690 ABŞ dolları faiz, 106 ABŞ dolları əsl alacağa olan faiz olmaqla 28.396,00 ABŞ dolları ümumi ödənişə qərar verilmişdir. xx.xx.2022-ci il tarixdə V.Çevikə aid bank hesablarına "xxxx" tərəfindən vəsaitin müsadirə olunub Şəxs MMC-yə ödənməsi üçün müraciət göndərilmişdir. "xxxx" tərəfindən xx.xx.2022, xx.xx.2022, xx.xx.2023 və xx.xx.2023 tarixlərində V.Çevikə məxsus bank hesablarına vəsaitin müsadirə olunması üçün bildirişlər göndərilmişdir. Məhkəməyə təqdim etdiyi sənədlərdən də aydın olur ki, Şəxs MMC-nin ödədiyi vəsaiti və ya malları ala bilməmişdir. Göstərilənləri, Şəxs MMC-nin əməlində inzibati xəta hadisəsi olmadığından, sifariş edilmiş malların idxalının olmaması və ya yaxud ödənilmiş vəsaitin geri qaytarılmaması MMC-dən asılı olmayan səbəblərdən baş verməsini nəzərə alaraq MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru Nümayəndə məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, MMC tərəfindən ödəniş 2021-ci ildə edilmişdir. Sadəcə sifariş edilmiş malların qıtlığı olduğundan həmin mallar göndərilməmişdir. Buna görə də xarici partnyorlarını məhkəməyə vermişlər və qətnamənin icrasını gözləyirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankına qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, Şəxs MMC tərəfindən 24.600,00 ABŞ dolları məbləğində vəsait həmin tarixdə Türkiyə Respublikasında yerləşən “Maks Makina” Volkan Çevikin hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş satış müqaviləsindən görünür ki, M2422 nömrəli fakturaya əsasən 24.600,00 ABŞ dolları ödəniş xx.xx.2022-ci il tarixinə qədər məhsullar gecikdiyi üçün Şəxs MMC şirkətinə geri qaytarılacaq. Verilən tarixə qədər icra edilməsə 15% pul itkisi cəriməsi olaraq ödəniş ediləcək. İş materiallarına əlavə edilmiş Türkiyə Respublikasının Adana Baş icra bürosunun 2022/27405 əsas, 7 nömrəli qeyri-məhkəmə icraatında ödəniş tapşırığından görünür ki, Şəxs MMC tərəfindən Volkan Çevikin hesabına köçürülmüş 24.600,00 ABŞ dollarının 7 gün müddətində MMC-nin hesabına geri qaytarılması tələb olunmuşdur. İş materiallarına əlavə edilmiş Türkiyə Respublikasının Adana Baş İcra İdarəsinin xx.xx.2022-ci il tarixli ilk girov bildirişindən görünür ki, V.Çevikə məxsus bank hesablarında olan vəsait müsadirə edilmişdir. İş materiallarına əlavə edilmiş Türkiyə Respublikasının Adana Baş İcra İdarəsinin xx.xx.2022-ci il tarixli ilk girov bildirişindən görünür ki, V.Çevikə məxsus bank hesablarında olan vəsait müsadirə edilmişdir. İş materiallarına əlavə edilmiş Türkiyə Respublikasının Adana Baş İcra İdarəsinin xx.xx.2022-ci il tarixli bankdan müsadiərli pulun tələb məktubundan görünür ki, V.Çevikə məxsus bank hesablarında olan vəsait müsadirə edilmişdir. İş materiallarına əlavə edilmiş Türkiyə Respublikasının Adana Baş İcra İdarəsinin xx.xx.2023-cü il tarixli bank müsadirəsi məktubundan görünür ki, V.Çevikə məxsus bank hesablarında olan vəsait müsadirə edilmişdir. İş materiallarına əlavə edilmiş Türkiyə Respublikasının Adana Baş İcra İdarəsinin xx.xx.2023-cü il tarixli bank müsadirəsi məktubundan görünür ki, V.Çevikə məxsus bank hesablarında olan vəsait müsadirə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 24.600,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait ödəniş tapşırığına əsasən bankda olan hesabından xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, həmin köçürməyə əsasən satın alınmış mallar MMC-dən asılı olmayan səbəblərdən idxal edilməmiş və ya köçürülmüş məbləğ ölkə ərazisinə geri qaytarılmamışdır, bununla bağlı Türkiyə Respublikasının Adana Baş İcra İdarəsi tərəfindən xarici partnyor olan V.Çevikin bank hesablarında olan pul vəsaitləri müsadirə edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə müvafiq mallar ölkəyə MMC-dən asılı olmayan səbəblərdən idxal edilməməsi və ya köçürülmüş məbləğ ölkə ərazisinə geri qaytarılmaması Şəxs MMC-dən asılı olmayan səbəblərdən baş verdiyindən MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi yoxdur. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-3842/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3842/2023
22.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver