Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3845/2021 28.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Ragional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7, şikayətçi X4 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Ragional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 03 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X10 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X10 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Ragional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 03 iyun 2021-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Rcspubilikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologoiya və Təbii Sərvətlər İdarəsi tərəfindən guya onun 23-28.04.2021-ci il tarixlərində Xəzər rayonu, Binə qəsəbəsi ünvan 1 ünvanında yerləşən “OBA” marketin arxa tərəfindən 1 ədəd 25 sm diametrliyində qarağac ağacını qanunla müəyyən edilməmiş qaydada kəsərək məhv edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi səbəbindən onun barəsində 29.04.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X2 tərəfindən adıçəkilən protokol əsasında 03.06.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onun guya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xalanı törətməsinə görə 2.000 manat məbləğində cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. O, hesab edir ki, 03.06.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv olunmaqla, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Xəzər rayonu, Binə qəsəbəsi, ünvan 1 ünvanında yerləşən və torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsi mülkiyyət hüququ əsasında ona məxsusdur. Qeyd edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdarı Binə Bələdiyəsinin nümayəndəsi Rövşən Süleymanovun iştirakı ilə Binə qəsəbəsi, ünvan 1 ünvanına baxış keçrilməsinə dair tərbiq edilmiş 28.04.2021-ci il tarixli, 70313 №li aktda göstərilmişdir ki, guya yerində araşdırma aparan zaman sözügedən ünvanda yerləşən “OBA” marketin sağ tərəfindən olan tut ağacının budaqlarının ərazidən keçən elektrik xəttinə tooxunduğunu müəyyən etmişlər. Həmçinin sözügedən ərazidə yerləşən digər ağaca baxış keçirilən zaman marketin arxa tərəf divarından təxminən 3-4 metr məsafədə, 1-1.5 metr hündürlüyündə olan daş hasarın içində diametri 25 sm olan köküslə yaş vəziyyətdə olan qarağac ağacının kök boğazından kəsildiyi müəyyən edilmişdir. Araşdırma nəticəsində “Yaşllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun, yaşıllıqların götürülməsi qaydasının pozulduğu müəyyən edilmişdir. Araşdırma nəticəsində ağacı kəsən şəxs və ya şəxslərin müəyyən edilməsi məqsədi ilə marketin işçilərinə müraciət edildiyini və onun marketin səlahiyyətli nümayəndəsi kimi təqdim etdiyini və guya həmin vaxt Bakıda olmadığını və araşdırmaya lazım olan sənədlərlə birlikdə 11 saylı Regional Ekologiya və Təbii sərvətlər İdarəsinə gələcəyini bildirməsi qeyd edilmişdir. Adıçəkilən aktın Binə Bələdiyyəsinin əməkdaşı tərəfindən imzalanaraq qəbul edilməsindən imtina edilmişdir. Adıçəkilən akta nəzər yetirən zaman müəyyən olunur ki, həmin akt Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş, həmin akt tərtib edilərkən hər hansı hal şahidi dəvət edilməmişdir. Eyni zamanda Binə bələdiyyəsinin nümayəndəsinin adıçəkilən aktı imzalamaması və qəbul etməməsi həmin aktın mötəbərliyini şübhə altına alır. Çünki Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları məhz Binə bələdiyyəsi tərəfindən həmin əraziyə dəvət edilmişlər. Göründüyü kimi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 28.04.2021-ci il tarixli, 70313 №-li akt, həmin akt əsasında tərtib edilmiş 29.04.2021-ci il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş 03.06.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olmuşdur. Belə ki, adıçəkilən aktda qeyd edilən ağac onun istifadəsində olan torpaq sahəsində yerləşmir. Yəni inzibati xətanın obyekti onun istifadəsində olan torpaq sahəsində deyil, həmin ağac onun istifadəsinə verilmiş torpaq sahəsinin yanında yerləşir. Belə olan halda inzibati xəta pozuntusundan söhbət gedə bilməz. İnzibati xəta pozuntusunun mövcud olması üçün inzibati xəta hadisəsi olmalıdır. İnzibati xətanın anlayışı, xarakteristikası və inzibati məsuliyyətin əsasları barədə bəzi xüsusatları məhkəmənin diqqətinə çatdırmağı zəruri hesab edir. Deməli o, inzibati xətam qəsdən törətmiş olsaydı o zaman o öz əməlimin hüquqa zidd xarakterini dərk etməli, onun zərərli nəticələrinin qabaqcadan görməli və bunları arzu etməli, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verməli idi. Eyni zamanda o, inzibati xətanı ehtiyatsızlıqdan törətsəydi o zaman o öz əməlimi zərəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görməli lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etməli yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda onları görməməli idi. Hesab edir ki, yuxarıda sadaladığı işin hallarına əsasən ona münasibətdə inzibati xəta hadisəsi və inzibati xətanın tərkibi yaranmamışdır. Bu əsasdan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi inzibati xəta haqqında iş üzrə icraatı aparmamalı idi. Göstərilənləri nəzəzə alaraq barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 03.06.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi A.Ə.Quluzadə şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, 2013-cü ildə bir qadına maşın satmış, qadın maşının əvəzinə ona mağaza vermişdir. Sonra həmin qadının dələduz olmasını bilmiş, məhkəmənin 2013-cü il tarixli qərarı ilə həmin mağazanı rəsmi şəkildə almış və mağazanı özəlləşdirmişdir. Həmçinin mağazanın ətrafında ağaclar olmuş, ağaclardan biri mağazanın divarına bitişik, digəri isə arxa tərəfdə divara bitişik olmuşdur. Həmin ağacların maneçilik yaratdığını görmüş, bu səbəbdən də Ekologiya Nazirliyinə müraciət etmiş, Nazirlik ona bələdiyyəyə müraciət etməsini bildirmişdir. Bundan sonra, o, Bələdiyyəyə müraciət etmiş, Bələdiyyə əməkdaşları tərəfindən isə ekspertizaya müraciət edilmişdir. Ekspertizadan əməkdaşlar gələrək həmin iki ağacın şəklini çəkmiş və ona ağacın birinin olmadığını demiş, o da həmin əməkdaşa araşdırma aparılmasını və ağacın kimin tərəfindən kəsilməsini müəyyən edilməsini, ağacın onun tərəfindən kəsilmədiyini bildirmişdir. Kəsilən ağac mağazadan 4 metr aralıda yerləşir. Bundan sonra o, Nazirliyə dəvət edilmiş, orada Vaqif müəllimlə görüşdükdə ona ağacı kimin kəsməsinin araşdırılmasını və lazım gəlsə polisədə məlumat verilməsini demiş və üstündən xeyli vaxt keçmişdir. Sonra isə icra şöbəsi tərəfindən çağırılaraq ona cərimə yazıldığını və ödəməli olduğu bildirilmişdir. O, daha sonra barəsində inzibati cərimə yazıldığından məlumatı olmuş, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında ümumiyyətlə xəbəri olmamışdır. Daha sonra Nazirliyə müraciət edərək barəsində qəbul edilmiş qərarın ona təqdim edilməsini xahiş etmişdir. Bundan başqa, o, nə kəsilən ağacın nə də ki, həmin ağacın yerləşdiyi yerin ona heç bir aidiyyəti olmadığını bildirmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi A.Ə.Quluzadə ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o heç bir ağacı kəsməmişdir. O, əgər ağacı kəsmək niyətində olsaydı onun mağazasına bitişik olan ağacı kəsərdi. Ağacın hündürlüyü təxminən 3 metr olub, onun mağazası yola baxır, onun mağazasının arxasında həmin ağac olmuşdur. Ağac onun mülkiyyətində olan ərazidə olmamışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Ragional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi L.A.Ağayev bildirmişdir ki, o, qərardan şikayət vermə müddətinin bərpa edilməsinə etiraz etmir. Belə ki, şikayətçiyə inzibati tənbeh vermə haqqında qərar göndərilsə də məktublar geri qaytarılmışdır. Şikayətçi 07 dekabr 2021-ci il tarixdə Nazirliyə müraciət edərək barəsində qəbul edilmiş qərarı almışdır. Nazirlik tərəfindən şikayətçiyə məlumat verilmişdir. Ağac kəsilən yerdə ətrafı hasara alınan yerdir. Həmin ağac tikili artırmaqdan ötrü kəsilmişdir. Ərazi şikayətçinin istifadəsindədir. Şikayətçi ərazisini genişlətmək məqsədi ilə ağacı kəsmişdir. Nazirlikdə ağacın kəsilməsi məsələsi ilə araşdırma aparılarkən şikayətçi dəvət olunsa da iştirak etməmişdir. Şikayətçi həmçinin ekspertiza rəyini almadan ağacı qəsdən kəsmişdir. Həmin ərazidə ağaclar maneçilik törətdiyinə görə şikayətçi müraciət etmiş, Nazirlik tərəfindən ağacın kəsilməsindən imtina olunmuşdur. Bundan başqa, o bildirmişdir ki, şikayətçinin verdiyi izahatlar məsuliyyətdən yayınma məqsədi daşıyır. Göstərilənləri nəzərə alaraq, şikayətin təmin edilməməsini və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 03.06.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 24 aprel 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 23-28.04.2021-ci il tarixlərində Xəzər rayonu, Binə qəsəbəsi, ünvan 1 ünvanında yerləşən “OBA” marketin arxa tərəfində 01 (bir) ədəd 25 sm diametr hündürlüyündə qarağac ağacının A.Ə.Quluzadə tərəfindən qanunla müəyyən edilməmiş qaydada kəsilərək məhv edilməsi müəyyən edilmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol vermişdir. İş materiallarında olan 03 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, A.Ə.Quluzadə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 2.000 (iki min) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 17 mart 2021-ci il tarixli, 31 nömrəli məktubun surətindən görünür ki, Binə Bələdiyyəsinin sədri H.S.Həmidov Binə qəsəbəsi, ünvan 3 ünvanında fəaliyyət göstərən mağazanın uçma təhlükəsi yaradan iki ədəd ağacın oradan götürülməsi və ya təhlüksiz vəziyyətə gətirilməsinə köməklik edilməsi ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinə məlumat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 96.1 kvadratmetr olan qeyri-yaşayış sahəsi 04 aprel 2015-ci il tarixində A.Ə.Quluzadənin adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tərtib edilmiş 28 aprel 2021-ci il tarixli, 70313 saylı aktdan görünür ki, 23-28 aprel 2021-ci il tarixlərdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, ünvan 4 ünvanında yerləşən marketin ətrafında X6 Agentliyindən idarəyə daxil olan 01.04.2021-ci il tarixli ünvan 4 ünvanında təhlükəli ağaclara baxış keçirilməsi ilə bağlı daxil olan müraciət tərəflərindən Binə Bələdiyyəsinin nümayəndəsi X1 iştirakı ilə yerində araşdırıldı. Araşdırma zamanı sözügedən ünvanda müraciətdə qeyd olunan ağaclara baxış keçirilən zaman həmin ünvanda yerləşən “OBA” marketin sağ tərəfində dm 54 sm olan tut ağacının bioloji inkişafda olduğu çətir hissəsində budaqların ərazidən keçən elektrik xəttinə toxunduğu müəyyən edildi. Ərazidə sözügedən digər ağaca keçirilən baxış zamanı marketin arxa tərəf divarından təxminən 3-4 metr məsafədə, 1-1,5 metr hündürlüyündə olan daş hasarın içində dm=25 sm olan kokusla yaş vəziyyətdə olan qarağac ağacının kök boğazından kəsildiyi müəyyən edildi. Araşdırma nəticəsində “Yaşıllıqların Mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun Yaşıllıqların götürülməsi qaydasının pozulduğu müəyyən edilmişdir. Araşdırma ərzində ağacı kəsən şəxs və ya şəxslərin müəyyən edilməsi məqsədilə marketin işçilərinə müraciət etdikləri zaman özünü marketin səlahiyyətli nümayəndəsi kimi təqdim edən Azər adlı şəx hal-hazırda Bakı şəhərində olmadığını və araşdırmaya lazım olan sənədlərlə birlikdə 11 saylı RETSİ-yə gələcəyini bildirmiş, araşdırma nəticəsində 2 (iki) nüsxədən ibarət akt tərtib edilmiş və ərazidə çəkilən foto şəkillər akta əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 02 dekabr 2021-ci il tarixli müraciətindən görünür ki, A.Ə.Quluzadə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edərək barəsində tərtib edilmiş protokolun və həmin protokol əsasında qəbul edilmiş qərarın ona verilməsini xahiş etmiş və 07.12.2021-ci il tarixdə protokol və qərar ona təqdim olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 iyul 2014-cü il tarixli, 2(102)-2323/14 saylı qərarından görünür ki, iddiaçı A.Ə.Quluzadənin kassasiya şikayəti təmin edilmiş, hazırki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin MK-nın 31 dekabr 2013-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilmiş, X5 09 mart 2012-ci il tarixli, 23 saylı icarə müqaviləsi ilə A.Ə.Quluzadənin icarəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Fizuli küçəsində yerləşən 130 kv.m torpaq sahəsindən və 09 mart 2012-ci il tarixli, 25 saylı icarə müqaviləsi ilə A.Ə.Quluzadənin icarəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən 160 kv.m torpaq sahəsindən və bu torpaq sahələrində yerləşən tikililərdən çıxarılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, 23-28.04.2021-ci il tarixlərində Xəzər rayonu, Binə qəsəbəsi, ünvan 1 ünvanında yerləşən “OBA” marketin arxa tərəfində 01 (bir) ədəd 25 sm diametr hündürlüyündə qarağac ağacının A.Ə.Quluzadə tərəfindən qanunla müəyyən edilməmiş qaydada kəsilərək məhv edilməsi müəyyən edilmiş, buna görə də A.Ə.Quluzadə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilməklə 2.000 manat məbləğində cərimə edilmişdir. Həmçinin, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Binə Bələdiyəsinin nümayəndəsi Rövşən Süleymanovun iştirakı ilə Binə qəsəbəsi, ünvan 1 ünvanına baxış keçrilməsinə dair tərbiq edilmiş 28.04.2021-ci il tarixli, 70313 №li akta əsasən yerində araşdırma aparan zaman sözügedən ünvanda yerləşən “OBA” marketin sağ tərəfindən olan tut ağacının budaqlarının ərazidən keçən elektrik xəttinə toxunduğunu, həmin ərazidə yerləşən digər ağaca baxış keçirilən zaman marketin arxa tərəf divarından təxminən 3-4 metr məsafədə, 1-1.5 metr hündürlüyündə olan daş hasarın içində diametri 25 sm olan köküslə yaş vəziyyətdə olan qarağac ağacının kök boğazından kəsildiyi və “Yaşllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun, yaşıllıqların götürülməsi qaydasının pozulduğu müəyyən edilmişdir. Bundan sonra, ağacı kəsən şəxs və ya şəxslərin müəyyən edilməsi məqsədi ilə orada yerləşən “OBA” adlı marketin işçilərinə müraciət edilmiş, həmin marketin səlahiyyətli nümayəndəsi şikayətçi A.Ə.Quluzadə Bakıda olmadığı və araşdırmaya lazım olan sənədlərlə birlikdə 11 saylı Regional Ekologiya və Təbii sərvətlər İdarəsinə gələcəyini bildirməsi qeyd edilmişdir. Lakin məhkəmə iclasında şikayətçi izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən akt tərtib edilərkən şikayətçi A.Ə.Quluzadə orada iştirak etməmiş, həmçinin həmin akt Binə Bələdiyyəsinin səlahiyyətli nümayəndəsi X3 tərəfindən imzalanmamış, sonuncu aktı imzalamamaqla yanaşı aktın nüsxəsini götürməkdən də imtina etmişdir. Bununla da görünür ki, 28.04.2021-ci il tarixli, 70313 №li akt Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii sərvətlər İdarəsinin əməkdaşları tərəfindən akt tərtib edilərkən hər hansı hal şahidi dəvət edilməmişdir. Eyni zamanda Binə bələdiyyəsinin nümayəndəsinin adıçəkilən aktı imzalamaması və qəbul etməməsi həmin aktın mötəbərliyini şübhə altına alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Ragional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən şikayətçi A.Ə.Quluzadə barəsində obyektiv və hərtərəfli araşdırma aparılmadan 29 aprel 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında kobud pozuntulara yol verilərək 03 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Yuxarıda göstərilən səbəblərdən də, protokol və qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi A.Ə.Quluzadənin əməlində inzibati xəta hadisəsi olmadığından şikayəti təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Ragional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 03 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin olunsun. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Ragional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 03 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-3845/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3845/2021
28.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver