Məhkəmə qərarları › İş №3(006)-385/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-385/2024

29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-385/2024 29.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən Şəxs (FİN: xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs barəsində xx.xx.2023-cü il tarixli, EQ 14320755 saylı inzibati xəta haqqında iş üzrə qərara əsasən o, İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Qeyd olunan cəriməni Şəxs tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə ödəməməsi əsas tutularaq onun barəsində xx.xx.2023-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar İnzibati Xətalar Məcəlləsinin 29cu fəslində göstərilmişdir. Bu fəsilə həmin Məcəllənin yalnız 327-348-ci maddələri daxil edilmişdir. İnzibati xətalar qanunvericiliyinin tələblərini nəzərə alaraq məhkəmə belə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş xəta yalnız sözügedən Məcəllənin 327-348-ci və 353.2-ci maddələrinə münasibətdə törədilir. Başqa sözlə, İnzibati Xətalar Məcəlləsinin 36-cı fəslinə (vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalar) aid olan 469.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra edilməməsi adıçəkilən Məcəllənin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə səbəb olmur. Belə olan halda hesab edirəm ki, hazırki inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından o, ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş orqana geri qaytarılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 106.0.3 və 106.0.5-ci maddələrinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109cu maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar