Məhkəmə qərarları › İş №3(006)-3851/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3851/2021

20.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3851/2021 20.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin səlahiyyətli şəxsi tərəfindən tərtib edilmiş 01 dekabr 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 03 dekabr 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin rəisi tərəfindən tərtib edilmiş 01 dekabr 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 03 dekabr 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 01 dekabr 2021-ci il tarixdə, saat 10:30 radələrində Bakı şəhəri, Nəsimi rayonunun ərazisində 88 nömrəli avtobusda olarkən Azadlıq prospekti, köhnə Nəsimi bazarının yaxınlığındakı dayanacaqda avtobusun içərisinə leytenant rütbəli polis əməkdaşı daxil olaraq ona yaxınlaşıb Covid-19 vaksin sertifikatının olub-olmaması barədə soruşmuşdur. O da, Covid-19 vaksin sertifikatının olması barədə bildirdikdə, polis əməkdaşı əlindəki planşet vasitəsilə Covid-19 vaksin sertifikatının olub-olmamasını yoxlayacağını deyərək ondan ad, soyad və ata adını, təvəllüdünü soruşmuşdur. O da, həmin vaxt özü haqqında həmin məlumatları polis əməkdaşına demişdir. Daha sonra həmin polis əməkdaşı əlindəki planşetdə onun ad, soyad və ata adını, təvəllüdünü qeyd etmişdir və ona Covid-19 vaksin sertifikatının olması barədə bildirmişdir. Bundan sonra həmin polis əməkdaşı avtobusdan aşağı düşmüş və avtobus hərəkətə başlamışdır. Avtobus hərəkətə başlayan kimi oradakı sərnişinlər polis əməkdaşının onu aldatdığını, bu yolla ona cərimə yazdığını bildirmişlər. O da, həmin vaxt növbəti dayanacaqda avtobusdan düşərək geriyə həmin polis əməkdaşının yanına qayıtmışdır. Polis əməkdaşına yaxınlaşaraq onun barəsində protokol yazıb-yazmadığını soruşmuşdur. O da, həmin vaxt ona tibbi maskadan düzgün şəkildə istifadə etmədiyi barədə protokol yazdığını bildirmişdir. O da, polis əməkdaşına tibbi maskadan düzgün şəkildə istifadə etdiyini bildirmişdir, daha sonra ondan tibbi maskadan düzgün şəkildə istifadə etdiyi halda ona protokol yazmasının səbəbini soruşmuş və barəsində protokol tərtib edərkən həmin vaxt ona məlumat verməli olduğunu, barəsində əsassız olaraq və gizlin şəkildə protokol tərtib etməsinin qanunsuz olduğunu ona demişdir. Lakin polis əməkdaşı onun sözlərinə məhəl qoymayaraq “hara istəsən şikayət edə bilərsən” demişdir. Daha sonra o, polis əməkdaşından protokolun bir nüsxəsini ona verməsini xahiş etmiş, lakin polis əməkdaşı protokolun nüsxəsini verməyəcəyini bildirmişdir. Həmin vaxt o polis əməkdaşından adını soruşduqda, ona 21-ci polis bölməsinin sahə rəisi, polis leytenantı X4 olduğunu bildirmişdir. Bundan sonra 09.12.2021-ci il tarixədək ona tibbi maskadan istifadə etməməyi və buna görə cərimə olunmağı barədə polis və ya dögər orqanlardan heç bir məlumat daxil olmamışdır. 09.12.2021-ci il tarixdə o, 21-ci polis bölməsinə zəng edərək X2 mobil nömrəsini öyrənmişdir. Həmin gün Həmzə Babayevə zəng edib ondan inzibati tənbeh vermə haqqında qərarı və protokolu ona verməsini təkidlə istəmişdir. Daha sonra həmin gün Nəsimi rayonu ərazisində yerləşən Qış parkında onunla görüşərək inzibati tənbeh vermə haqqında qərarı və protokolu sonuncudan almışdır. Göründüyü kimi, barəsində inzibati icraat qanun pozuntularına yol verilməklə aparılmışdır. İnzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar yazılarkən inzibati xətalar haqqında qanunvericiliyin tələbləri kobud surətdə pozulmuşdur. Barəmdə əsassız olaraq protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş pozuntunu törətməyim hər hansı bir subutla təsdiq olunmur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125.2.3-cü maddəsinin tələblərinə görə inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Lakin həmin sənədlər mənə verilməmiş, yalnız öz təşəbbüsümlə 09.12.2021-ci il tarixdə Nəsimi rayon polis idarəsinin 21-ci polis bölməsinin sahə rəisi X4 ilə Nəsimi rayonu ərazisində yerləşən Qış parkında görüşərək həmin sənədləri ondan almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə tərtib edilsə də, işə baxılarkən müəyyən edilmiş hallar əsaslandırılmamışdır. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. Beləliklə, İnzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış və barəsində 03.12.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. Bu səbəbdən də, o, Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Barəsində tərtib olunmuş EXP ******* nömrəli protokol və EPQ ******* nömrəli qərar tam əsassızdır, o, həmin vaxt maskadan istifadə etmiş və karantin qaydalarını pozmamışdır. Odur ki, 21-ci Polis Bölməsi tərəfindən qəbul olunmuş 03.12.2021-ci il tarixli, EPQ ******* nömrəli qərarla razı deyil və həmin qərarın ləğv edilməli olduğunu hesab edir. Göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin səlahiyyətli şəxsi tərəfindən tərtib edilmiş 01 dekabr 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 03 dekabr 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə lazımi qaydada məlumat verilsə də, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Bu Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir. İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən qeyd edilən inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, barəsində icraat aparılan şəxsin iştirakı təmin olunmadan və zəruri araşdırma aparılmadan işə baxılaraq qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə rəisi tərəfindən tərtib edilmiş 01 dekabr 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 03 dekabr 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə rəisi tərəfindən tərtib edilmiş 01 dekabr 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 03 dekabr 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar