Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3852/2021 10.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı metropolitenində polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinin bölmə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə toplanmış inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər edərək xırda xuliqanlıq etmiş, həmçinin polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə ki, Şəxs 09 dekabr 2021-ci il tarixdə, saat 20:45 radələrində metronun “28 May” stansiyasında sərxoş halda tibbi maskadan istifadə etməmiş, ictimai asayişi pozmaqla polis əməkdaşları ilə mübahisə edərək polisin qanuni tələbinə tabe olmamışdır. Bu səbəbdən də, o, polis əməkdaşları tərəfindən Bakı Metropolitenində PŞ-nə gətirilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı metropolitenində polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinin bölmə rəisi A.T.Səmədov tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, 09 dekabr 2021-ci il tarixində gecə növbəsində 28 May stansiyasında xidmət aparan X2, saat 21:00-da stansiyanın giriş hissəsində dayanıb əl əşyasının yoxlama yerində stansiyaya nəzarət edərkən bir nəfər şəxsin tibbi maskadan istifadə etmədən metroya daxil olduğunu görmüş, buna görə də həmin şəxsə yaxınlaşınb özünü təqdim edərək ona karantin rejimi qaydalarını pozduğunu demiş, həmin şəxs əsəbi halda “yaxşı edirəm”, “hansı qanunda yazılıbki metroda maska istifadə etməliyəm” sualını vermiş, polis əməkdaşı ona divara bərkidilmiş sərnişinlərə aid tablonu göstərmiş, həmin şəxs mübahisə yaratmış və polis əməkdaşına əl-qol hərəkətləri ataraq və uca səslə nalayiq ifadələr işlətmişdir. Həmin şəxs əl-qol hərəkətləri ilə mübahisəsini davam etdirmiş və polis əməkdaşının paqonuna əl ataraq qopardıb yerə atmışdır. Həmin vaxt polis əməkdaşı və post yoldaşı həmin şəxsin qollarından tutub sərnişinlərinin toplaşmaması üçün xidməti polis otağına aparmışdır. Xidməti polis otağında həmin şəxsin Şəxs olduğu məlum olmuşdur. Şəxs polis əməkdaşlarının dəfələrlə edilmiş xəbərdarlığına məhəl qoymadığı və qanunsuz hərəkətlərinə davam etdiyi üçün sonuncular tərəfindən qarşısı alınmışdır. Bu zaman Şəxs yanında azyaşlı oğluna pis təsir etməməsi üçün sonuncu polis əməkdaşları tərəfindən sakitləşdirilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, oğlu ilə birlikdə 09.12.2021-ci il tarixdə təxminən saat 21:00-da yaşadığı ünvana getmək üçün “İçəri şəhər”dən “28 May” stansiyasına piyada gələrək metroya daxil olmuş, həmin vaxt onlar metroya daxil olarkən o və oğlu tibbi maskadan istifadə etmədiklərinə görə onların hərəkəti polisin diqqətini cəlb etdi. Polis əməkdaşı yaxınlaşıb özünü təqdim edərək maska taxmadıqlarına görə irad bildirmiş, o, isə həmin vaxtı içəri daxil olarkən mobil telefonla danışdığına görə vaxt edib tibbi maskanı taxa bilməmişdir. Bundan sonra polis ondan içkili olub-olmadığını soruşmuş, içkili sərnişininin metroya buraxmaq qadağan olduğunu demiş və onu divara bərkidilmiş tablo istiqamətinə aparıb tabloda yazılanları göstərmişdir. Həmin vaxt Fərid adlı polis onu polis otağı istiqamətinə apararkən qolumdan tutaraq dartmış və ona “alkaşsan” ifadəsini işlətdi. Bundan sonra onun polis əməkdaşları ilə arasında sözlü mübahisə yaranmış və mübahisə zamanı iki polis əməkdaşı onun qolundan tutub zor tətbiq etmişlər. O, daha sonra polis əməkdaşlarının qanuni tələbinə tabe olduğunu, heç bir paqon cırmadığını və qopartmadığını bildirmişdir. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 09 dekabr 2021-ci il tarixdə saat 20:00-da polis əməkdaşları tərəfindən saxlanılarkən hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Bundan əlavə, məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı metropolitenində polis şöbəsinin polis nəfəri X3 izahatında göstərmişdir ki, Şəxs metroya daxil olarkən içkili vəziyyətdə olmuş, aparatdan keçərkən maska taxmamış və ona yaxınlaşan zaman özünü təqdim etməmişdir. Ona içkili olması bildirildikdə metroya düşəcəyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı metropolitenində polis şöbəsinin polis nəfəri X2 ondan əvvəl məhkəmə iclasında şahid qismində izahatı alınmış Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı metropolitenində polis şöbəsinin polis nəfəri R.M.Elçinin ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, DVD disklərdə olan videogörüntülərə baxış keçirərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 10 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər edərək xırda xuliqanlıq etmiş, həmçinin polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmaqdan imtina etmiş və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İş materiallarında olan Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı metropolitenində polis şöbəsinin serjantı F.T.Rəsulov tərəfindən tərtib edilmiş 09 dekabr 2021-ci il tarixli raportdan görünür ki, 09 dekabr 2021-ci il tarixində gecə növbəsində 28 May stansiyasında xidmət aparan X2, saat 21:00-da stansiyanın giriş hissəsində dayanıb əl əşyasının yoxlama yerində stansiyaya nəzarət edərkən bir nəfər şəxsin tibbi maskadan istifadə etmədən metroya daxil olduğunu görmüş, buna görə də həmin şəxsə yaxınlaşınb özünü təqdim edərək ona karantin rejimi qaydalarını pozduğunu demiş, həmin şəxs əsəbi halda “yaxşı edirəm”, “hansı qanunda yazılıbki metroda maska istifadə etməliyəm” sualını vermiş, polis əməkdaşı ona divara bərkidilmiş sərnişinlərə aid tablonu göstərmiş, həmin şəxs mübahisə yaratmış və polis əməkdaşına əl-qol hərəkətləri ataraq və uca səslə nalayiq ifadələr işlətmişdir. Həmin şəxs əl-qol hərəkətləri ilə mübahisəsini davam etdirmiş və polis əməkdaşının paqonuna əl ataraq qopardıb yerə atmışdır. Həmin vaxt polis əməkdaşı və postaçı yoldaşı həmin şəxsin qollarından tutub sərnişinlərinin toplaşmaması üçün xidməti polis otağına aparmışdır. Xidməti polis otağında həmin şəxsin Şəxs olduğu məlum olmuşdur. Şəxs polis əməkdaşlarının dəfələrlə edilmiş xəbərdarlığına məhəl qoymadığı və qanunsuz hərəkətlərinə davam etdiyi üçün sonuncular tərəfindən qarşısı alınmışdır. Bu zaman Şəxs yanında azyaşlı oğluna pis təsir etməməsi üçün sonuncu polis əməkdaşları tərəfindən sakitləşdirilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs azadlıq hüququ faktiki olaraq 10 dekabr 2021-ci il tarixdən, saat 09:00-dan məhdudlaşdırılmışdır. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 09 dekabr 2021-ci il tarixli, 2/18117 saylı protokoldan görünür ki, Şəxs həmin tarixdə orta dərəcəli sərxoş olmuşdur. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, 09.12.2021-ci il tarixdə saat 20:40-dan 20:49-dək stansiyada vətəndaş Şəxs azyaşlı övladı ilə birlikdə saat 20:42 radələrində “28 May” stansiyasının giriş qapısından içəri daxil olur, özü və övladı tibbi maskadan istifadə etmir, polis əməkdaşı onlara karantin rejimi qaydalarını pozduğunu görüb yaxınlaşır, özünü təqdim edir, stansiyanın divarına bərkidilmiş sərnişinlərin metrodan istifadə qaydası tablosuna həmin vətəndaşla yaxınlaşır və aralarında sözlü mübahisə yaranır, mübahisə zamanı vətəndaş tabesizlik göstərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, 09 dekabr 2021-ci il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər edərək xırda xuliqanlıq etmiş, həmçinin polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmaqdan imtina etmişdir. Buna görə də, Şəxs polis əməkdaşları tərəfindən Bakı Metropolitenində PŞ-nə gətirilmiş və özünün də məhkəmə iclasında təsdiq etdiyi kimi polis əməkdaşları tərəfindən saxlanılarkən hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Beləliklə, Şəxs törətdiyi inzibati xəta əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün məhkəmə iclasında verdiyi ifadələri və digər iş materialları ilə onun nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozması və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi, həmçinin, polis əməkdaşlarının dəfələrlə etdiyi çağırışlara baxmayaraq öz qanunsuz hərəkətlərini davam etdirməsi, onlara qarşı nalayiq ifadələr işlətməsi və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif edilməlidir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati qaydada tutma protokolundan və məhkəmə iclasında verilmiş ifadələrdən də göründüyü kimi inzibati həbsdə saxlama müddətinin əvvəli Şəxs faktiki hüquqlarının məhdudlaşdırıldığı andan, yəni 09 dekbr 2021ci il tarixdən saat 20:00-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1, 510 və və 535.1ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 09 dekabr 2021-ci il tarixdən saat 20:00dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-3852/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3852/2021
10.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver