Məhkəmə qərarları › İş №3(006)-3880/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3880/2024

11.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3880/2024 11.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Bülbül pr., ev 65C; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X3 və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2ci maddəsinə əsasən Şəxs MMC barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Protokola əsasən xx.xx.2024-cü il tarixdə keçirilən monitorinq zamanı ünvan 2 ünvanında yerləşən "xxxx" marketdə fəaliyyətdə olan soyutma üçün istifadə olunan kondisionerin mühərrikindən gələn səs-küy səviyyəsinin normadan artıq olması müəyyən edilmiş, bununla da, həmin Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X2 izahatında bildirmişdir ki, tərtib olunmuş protokolla razı deyillər. Belə ki, Şəxs MMC, "xxxx" market əmtəə nişanının mülkiyyətçisidir. Şirkətin ünvan 3 ünvanında marketi mövcuddur. Həmin sahədə market icarə əsasında fəaliyyət göstərir. Obyekt və orada olan havalandırma və sərinləşdirmə qurğuları obyektin mülkiyyətçisinə məxsusdur. Onlardan əvvəl də həmin obyekt “Premium” market kimi fəaliyyət göstərmiş və obyektdə həmin avadanlıqlar mövcud olmuşdur. Ölçmə cihazlarının (xüsusi texniki vasitələr) texniki sazlığı tərəflərindən mübahisələndirilir. Hesab edirlər ki, həmin cihazlar ölçməni düzgün aparmamışdır. Göstərilənləri nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə protokolu tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, belə nəticəyə gəlir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 275.2-ci maddəsinə əsasən ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə-fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları” təsdiq edilmişdir. İş materiallarında olan 13 avqust 2024-cü il tarixli 002275 nömrəli aktdan görünür ki, ANC GROUP” MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən "xxxx" marketdə “PCE 322 A” səyyar cihazı vasitəsi ilə ölçmə işləri aparılmışdır. Ölçmə zamanı ərazidə səs-küy 74,6 dBA olması müəyyən edilmiş, lakin norma isə 70 dBA təşkil etmişdir ki, bu da ətraf mühit üçün yol verilən həddən artıqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinin dispozisiyasından görünür ki, ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati orqan tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda isə səsküyün ölçülməsi göstərilmiş, vibrasiya çirklənməsi isə göstərilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinin dispozisiyasında iki hal, yəni həm vibrasiyanın, həm də səs-küy birlikdə çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulduğundan, hazırkı halda isə vibrasiya ilə bağlı normaların pozulmasına dair sübutlar olmadığından hüquqi şəxsin əməlində (hərəkət və ya hərəkətsizlik) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2ci maddəsinin tərkibi olmamışdır. Beləliklə, məhkəmə, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin öz təqsirsizliyini sübut etməyə borclu olmadığını, onun təqsirli olması barəsində olan şübhələrin onun xeyrinə həll olunduğunu, inzibati orqanın xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyini, işin obyektiv hallarını və yuxarıda sadalananları nəzərə alıb belə qənaətə gəlir ki, iş üzrə icraata hüquqi şəxsin əməlində (hərəkət və ya hərəkətsizlik) inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, inzibati xəta ilə bağlı toplanmış materiallardan görünür ki, inzibati xəta haqqında protokol İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X3 və Təbii Sərvətlər idarəsi tərəfindən Şəxs MMC-nin İXM-nin 275.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, protokolda inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli (səs-küy ölçən cihaz PCE, 322 A) göstərilsə də, həmin xüsusi texniki vasitənin yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata hüquqi şəxsin əməlində (hərəkət və ya hərəkətsizlik) inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata hüquqi şəxsin əməlində (hərəkət və ya hərəkətsizlik) inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar