Məhkəmə qərarları › İş №3(006)-3893/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3893/2025

08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3893/2025 08.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən İXP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 09:05 radələrində etibarnamə ilə idarə etdiyi “Dong-Feng” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr dairəsindən Alı Mustafayev küçəsi istiqamətində hərəkət edən zaman piyada zolağı ilə yolun sol tərəfindən sağ tərəfinə keçən X2 idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə vurmuşdur. Hadisə nəticəsində X1 yüngül zərər vurmaya aid olan xəsarətlər almışdır. Bununla əlaqədar Şəxs barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6, 327.8 və 330.0.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül həddə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir: Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X4 xx.xx.2025-cü il tarixli 709 nömrəli rəyindən görünür ki, M.M.Məmmədovun bədənində aşkar edilmiş xəsarət - sağ dirsək oynağı nahiyəsinin həmin oynaqda hərəkət funksiyasının pozulması ilə müşayiət olunan iri ölçülü hematoması bərk küt əşyanın təsirindən müayinədən bir neçə saat əvvəl olmaqla, qərarın :əsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gəlmişdir; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. M.M.Məmmədovun bədənində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasmı nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi mümkündür. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şəxs (s/v BC191442) Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Nəsimi RPİ DYPŞ-si vasitəsi ilə Nəsimi rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə işin hallarını araşdırıb və tərəfin çıxışını dinləyib belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi isə iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən o, Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İş materiallarında olan sənədlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə, həmçinin belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, o, inzibati məsuliyyətə cəlb edilməli və ona Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 330.0.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55, 105, 114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 330.0.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar