Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3899/2024 01.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi X1 iştirakı ilə, X3 Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömmrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 01 iyul 2024-cü il tarixdə EQ ******* saylı qərarı ilə AR İXM-nin 330.0.2-ci maddəsinə əsasən 50 manat miqdarında cərimə edilmişdir. Qərardan narazı olduğu üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və 3(006)-2541/2024 saylı, xx.xx.2024-cü il tarixli qərar ləğv edilmiş və yenidən baxılması üçün AR DİN BDYPİ-yə göndərilmişdir. Daha sonra AR DİN BDYPİ-də qərar ləğv edilmiş və yenidən heç bir araşdırma aparılmamış və heç bir qanuni mövqe bildirilmədən İXP ******* saylı, xx.xx.2024-cü il tarixli yeni qərar qəbul edilmişdir. Hesab edir ki, yeni qərara da qərar ləğv olunmalıdır. Belə ki, həmin tarixdə səhər radələrində Kövkeb Səfəreliyeva və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində hərəkət edən avtomobillərin hərəkəti YPX-nin əməkdaşı tərəfindən nizamlanır. Hazırda “Cavanşir” körpüsünün təmiri ilə əlaqədar hərəkət istiqaməti məhdudlaşdırılmışdır və səhər saatlarında həmin istiqamətlərdə YPX əməkdaşları svetaforun fəaliyyəti dayandığından nizamlayıcı funksiyasını yerinə yetirir. O, Kövkəb Səfərəliyeva küçəsi ilə hərəkət edib Üzeyir Hacıbəyov küçəsinə dönüş etmiş və kəsişmədə küçəyə hələ daxil olmamış YPX əməkdaşı onu saxlamış və ona qeyd olunan inzibati tənbeh vermə haqqında qərarı qəbul etmişdir. YPX əməkdaşı ona yaxınlaşıb və piyadaya yol vermədiyini bildirmişdir. Dəfələrlə bildirmişdir ki, piyada yox idi və hazırda nizamlama funksiyasın yerinə yetirən sənsən, lakin əməkdaş yolu nizamladığını qeyd etsə belə piyadanın olduğunu qeyd etmişdir. Qeyd edir ki, hazırki yol nizamlanmayan yol ayrıcı hesab edilmir və YPX əməkdaşı dur əmri verməmiş avtomobilin hərəkəti dayana bilməz. Bundan əlavə olaraq qərarda göstərilən maddə döndükdən sonraki hərəkət istiqamətində olan piyada keçidinə aiddir, lakin YPX əməkdaşı ona piyadanın olduğunu iddia etdiyi piyada keçidi onun yol kəsişməsinə daxil olmadığı piyada keçidi olmamışdır. YPX əməkdaşı nizamlayıcının özü olduğunu qəbul etsə də ona qanunsuz inzibati tənbeh vermə haqqından qərar qəbul etmişdir. Qeyd etdikləri həmin ərazidə olan müşahidə kamerasından olan görüntülər və YPX əməkdaşı ilə mübahisə zamanı da YPX-nin səs cihazı danışıqları qeydə almış və həmin səsyazısında yolu nizamladığnı qəbul etdiyi səsyazısı da inzibati orqan tərəfindən təqdim olunmalıdır. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş şikayət vermiş şəxs X4 ərizə ilə məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilməcəyini göstərmiş və məhkəmə iclasını onun iştirakı olmadan keçirərək şikayətinin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi X2 göstərdi ki, X4 şikayətində göstərdiyi arqumentlər tam əsassızdır. Belə ki, X4 xx.xx.2024-cü il tarixdə saat 08:53-də idarə etdiyi “Volkswagen Jetta” minik markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 330.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 50 manat məbləğində cərimə edilmişdir. Odur ki, X3 şikayətinin təmin edilməməsini, Azərbaycan Respublikası İXM-nin 330.0.2-ci maddəsinə əsasən X3 barəsində qəbul edimiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər BPİ-nin X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 İXM-nin 330.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 50 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 330.0.2-ci maddəsinə əsasən yolayrıcında sürücü sağa və ya sola dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verilməməsinə görə - əlli manat məbləğində cərimə edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İXMnin 330.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. X4 yol hərəkəti qaydalarını pozmadığını bildirmiş, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Bundan başqa, Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi X2 məhkəmə iclasında inzibati xəta hadisəsinin videogörüntülərinin olmadığını bildirmişdir. Beləliklə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 330.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmadığından xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 115, 129, 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikası İXM-nin 330.0.2-ci maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə olunmasına dair Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-3899/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3899/2024
01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver